• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

XİN rəsmisi: “Ermənistan reallıqla hesablaşmalıdır və hesablaşacaq”

  • Nida.az
  • 13 Mart 2015 17:52
  • 355 Baxış
XİN rəsmisi: “Ermənistan reallıqla hesablaşmalıdır və hesablaşacaq”

"Son aylar ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin müəyyən fəallığı müşahidə olunur. Bu qəbildən olan görüşlər ATƏT-in Minsk qrupunun üzvü olan Almaniya və Finlandiya ilə də keçirilib. Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən ümumi razılıq mövcuddur ki, böyük sülh sazişi üzərində işə başlamaq lazımdır". Bunu Trend-ə açıqlamasında Minskdə həmsədrlərin keçirdiyi görüşləri şərh edərkən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.


H.Hacıyev deyib ki, böyük sülh sazişi üzərində işə başlamağa maneə olan tərəf məhz Ermənistandır: "Bu proses çərçivəsində də ən başlıca məqam Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəkləndiyi kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasıdır. Ermənistan özü də çıxılmaz vəziyyətə düşdüyünü görür və ona görə də ilk növbədə siyasi möhtəkirlik və cəbhə xəttində təxribatçı əməllərlə vəziyyəti gərginləşdirməyə çalışır. Amma bu, çıxış yolu deyil. Ermənistan reallıqla hesablaşmalıdır və hesablaşacaq".


Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı tətbiq etdiyi gücün nəticələri, yəni işğal və təcavüz aradan qaldırıldıqdan və Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra əsl atəşkəs bərqərar ola, insan itkisinə son qoyula və nəhayət ki, regionda sülh və sabitlik bərqərar ola bilər.


H.Hacıyev qeyd edib ki, Minsk şəhərinin adını daşıyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin Belarusun paytaxtı Minsk şəhərində keçirdiyi görüşün siyasi və rəmzi mənası var: "24 mart 1992-ci ildə hələ o zaman Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adı altında fəaliyyət göstərən ATƏM-in xarici işlər nazirlərinin Helsinkidə keçirilmiş əlavə iclasında qəbul edilmiş yekun sənəddə mümkün olan tez bir zamanda münaqişə ilə əlaqədar Minsk şəhərində konfransın keçirilməsi qərara alınmışdı. 1992-ci ilin martında hələ Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin çox hissəsi və ətraf rayonlar Ermənistan tərəfindən işğal edilməmiş və nəticə etibarilə, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün üzləşdiyi etnik təmizləmənin timsalında II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətlərindən biri baş verməmişdi. Lazımi siyasi iradə nümayiş etdirilib Minsk konfransı vaxtında çağırılsaydı, bəlkə də Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün bu həddə çatmasının qarşısı alına və minlərlə insanın həyatı xilas edilə bilərdi. 23 ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Minsk konfransının keçirilməsi hələ də mümkün olmayıb".


XİN rəsmisi bildirib ki, Azərbaycan tərəfindən ATƏT-in Minsk qrupunun üzvü olan bütün dövlətlərin prosesdə fəal iştirakı və münaqişənin həllinə, xüsusilə də Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün aradan qaldırılmasına töhfələri müsbət qarşılanır: "Hesab edirik ki, Minsk Qrupunun bütün üzvlərinin iştirakı ilə münaqişənin həllinə dair müzakirələrin keçirilməsi prosesə öz müsbət təsirini verərdi".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR