Qənirə Paşayeva Pakistanla bağlı yazdığı kitabını prezident Məmnun Hüseynə təqdim edib
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Pakistanla bağlı yazdığı kitabını prezident Məmnun Hüseynə təqdim edib

Azərbaycanda səfərdə olan Pakistan Prezidenti Məmnun Hüseyn millət vəkili, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevanı qəbul edib.

Publika.az-ın məlumatına görə, görüş üçün təşəkkürünü bildirən Q.Paşayeva Pakistan Prezidenti ilə dövlətimizin başçısı İlham Əliyev arasında yüksək səviyyədə keçirilən görüş və müzakirələrin qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib.

Pakistana səfəri zamanı onu qəbul edərək geniş zaman ayıran və Pakistanla bağlı yazdığı kitab üçün dəstəyini əsirgəməyən M.Hüseynə təşəkkürünü bildirən Q.Paşayeva deyib: "Cənab Prezident, sizə söz vermişdim ki, Azərbaycana səfərinizə qədər kitab hazır olacaq və onun ilk nüsxəsini də sizə hədiyyə edəcəyəm". O, "Uzaqdakı ən yaxın - Pakistan" adlı yeni çapdan çıxmış kitabının ilk nüsxəsini Pakistan Prezidenti M.Hüseynə bağışlayıb. Millət vəkili bildirib ki, gənc nəsillərimizin qardaş Pakistanı daha yaxından tanımasına imkan yaradacaq kitab Azərbaycan-Pakistan münasibətlərinə kiçik də olsa bir töhfə verərsə, bundan çox məmnun olar. Q.Paşayeva kitabların bütün ölkə kitabxana, univerisitet və KİV-lərinə hədiyyə ediləcəyini və Pakistanın Milli Günündə Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə geniş təqdimatının olacağını da diqqətə çatdlrıb.

Yüksək keyfiyyətlə hazırlanmış kitabı nəzərdən keçirən Pakistan Prezidenti kitabı çox bəyəndiyini deyərək millət vəkili Q.Paşayevanı təbrik edib və kitabın iki qardaş ölkə arasında münasibətlərin inkişafı üçün gözəl bir töhfə olduğunu deyib. Azərbaycan səfəri, Prezident İlham Əliyevlə görüşlərinə toxunan M.Hüseyn bu səfərdən sonra bütün istiqamətlərdə Azərbaycan-Pakistan münaisbətlərinin daha da inkişaf edəcəyini bildirib. Prezident millət vəkilini təkrar Pakistanda görməkdən böyük məmnuniyyət duyacağını deyərək onu ölkəsinə dəvət edib.

Dəvət üçün təşəkkürünü bildirən Q.Paşayeva deyib: "Pakistan mənim üçün çox doğma bir ölkədir və hər zaman ürəyimdədir və bundan sonra da hər zaman fəaliyyətimdə qardaş Pakistanla münasibətlər xüsusi yer tutacaq".

Qeyd edək ki, "Uzaqdakı ən yaxın - Pakistan" kitabı Pakistanın görkəmli filosof-şairi Muhammed İqbalın "Əvvəl dostluq, qardaşlıq, sonra Yol" düşüncəsinin gerçək yaşamı, mənəvi davamı olaraq araya-ərsəyə gəlib. Dost-qardaş Pakistan İslam Respublikasının zəngin tarixini, mədəniyyətini, adət-ənənə özəlliklərini son dərəcə heyranlıq və xüsusi məftunluqla təqdim edən bu kitab keçilməsi mütləq vacib olan dostluq körpüsü kimidir. Hər sətrində Pakistan-Azərbaycan tarixi əlaqələrinə, dövlət səviyyəsində çağdaş əməkdaşlıq reallığına dərin ehtiram ifadə olunan kitabda Pakistanın inkişaf etmiş İslam respublikası kimi öz müstəqilliyini qazanmasında, inkişaf etməsində xüsusi əməyi olan, millət atası kimi əziz tutulan tarixi şəxsiyyətlərdən, Pakistanın bənzərsiz mənəvi dünyasından, tarixi abidələrindən, bölgə və əyalətlərindən xüsusi ehtiramla söz açılır.

Müəllif kitab boyu YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən humanitar layihələrin xüsusi əhəmiyyətindən, bu layihələrin dostluq-qardaşlıq ənənələrimizin gəlişməsindəki rolundan dərin səmimiyyət və qədirbilənliklə söz açır. Pakistanın ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması, parlament səviyyəsində Xocalı soyqırımını tanıması gerçəkliyi müəllifin ən yüksək qürur hissi ilə diqqətə çatdırdığı dostluq-qardaşlıq rəmzi, simvolu kimi dəyərlidir.

Ömrünün və ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı illərində Pakistanda, onun fərqli bölgələrində səfərdə olan, istər telejurnalist, istərsə də millət vəkili kimi bu qardaş ölkədə Azərbaycan həqiqətlərini olduğu kimi tanıtmağa yönəli əhəmiyyətli proqramlar həyata keçirən Q.Paşayeva şəxsi təəssüratları fonunda Pakistan həyatını, tarixini, mədəniyyətini, müstəqillik savaşını, problem və qayğılarını incə detallarla oxucuya təqdim edə bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm