Qüdrət Həsənquliyev: “Cəmiyyət Cəmilə saymazlıq nümayiş etdirir”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Cəmiyyət Cəmilə saymazlıq nümayiş etdirir”

Bir qədər öncə- günün birinci yarısında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşdüm. Gündəmin aktual mövzuları ətrafında xeyli fikir mübadiləsi apardıq. Söz Milli Şuranın sabaha təyin etdiyi mitinqdən düşdü. Qüdrət Həsənquliyevdən “yazmaq şərti” ilə bu aksiyaya münasibət bildirməsini xahiş etdim. BAXCP sədri mitinqin kütləvi alınmayacağına, siyasi proseslərə təsir edəcək amilə çevrilməyəcəyinə və həmin qurumun sosial bazasının yoxluğunu, rəhbərliyində təmsil olunan şəxslərin xalq tərəfindən qəbul edilmədiyini bir daha ortaya qoyacağına inandığını söylədi.

Soruşdum: “Sizcə, Cəmil Həsənlinin xüsusi müraciətlə xalqa çağırış etməsinin necə, hər hansı effekti ola bilərmi”?

Sualım səbəbsiz və yersiz deyildi.

Qüdrət Həsənquliyev Milli Şuranın prezidentliyə sabiq namizədi Cəmil Həsənlini xalq hərəkatından tanıyan, onunla eyni hakimiyyətdə və partiyada təmsil olunmuş, həmçinin Milli Məclisdə deputat kimi həmkarlıq etmiş şəxsdir.

Millət vəkili sualıma cavabda eynən bunları dedi: “Cəmil Həsənlinin əsl mahiyyətinin açıldığı mərhələ sonuncu prezident seçkiləridir. Bu seçkilərdə Cəmil Həsənli sübut etdi ki, o, nə qədər qeyri-səmimi, qərəzli və konyuktur bir şəxsdir. Bu gün Cəmil Həsənli sırf konyuktur mövqedən çıxış edir və onun ifadə etdiyi mövqe bütün polemikalarda uğursuzluğa uğrayır. Çünki təkcə siyasi baxımdan yox, mənəvi baxımdan da naqisdir. O, bu gün cani-dildən müdafiə etdiyi Əli Kərimlini bir zamanlar eyni cani-dilliliklə satmışdı. Bir mandat naminə Əli Kərimlidən üz döndərmişdi və parlamentdə onun ünvanına söylənilən heç bir ittihama münasibət bildirmirdi”.

Qüdrət Həsənquliyev sözlərinə daha sonra bunları əlavə etdi: “Cəmil Həsənli deputat olduğu zaman indi sərt etdiyi hakimiyyətin müxtəlif tədbirlərində özünü iqtidarın təəsübkeşi kimi göstərməyə çalışırdı. Hər kəs şahiddir ki, Cəmil Həsənli dəfələrlə Fəxri Xiyabanı ziyarət edib, mərhum Heydər Əliyevin məzarına baş əyib”.

“Onun hakimiyyətə xidməti sadəcə bu olubmu? – soruşuram.

Qüdrət Həsənquliyev açıqlayır: “Cəmil Həsənli Əliyevlər ailəsinin üzvlərindən və digər iqtidar təmsilçilərindən aldığı pulların qarşılığında yazdığı kitablarda mərhum Heydər Əliyevi öyüb. Eyni zamanda, indiki prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın iqtisadi və siyasi cəhətdən regionun lider dövlətinə çevrildiyini yazıb”. BAXCP sədri Cəmil Həsənlinin mövqeyində yenidən dəyişiklik etməsini və radikal müxalifətin sıralarına dönməsinin səbəblərini onun ötən parlament seçkilərində mandat əldə edə bilməməsi ilə izah edir. “Ötən parlament seçkilərinə qədər o hakimiyyəti necə vəsf edirdisə, indi eyni şövqlə iqtidarın ünvanına nifrət yağdırır. Bütün bunlar bir daha təsdiq edir ki, Cəmil Həsənlini xalq yox, yenə də mandat maraqlandırır. Nəticədə, cəmiyyət Cəmilə saymazlıq nümayiş etdirir. Belə bir adamın çağırışı ilə insanlar küçəyə tökülə bilərmi?!”- deyə BAXCP sədri başı ilə öz sualına “yox” deyə cavab verir.

Bəli, mən özüm də düşünürəm ki, Milli Şuranın sabahkı aksiyası məntiqini itirməmiş heç bir müşahidəçi tərəfindən heç bir halda “uğurlu”, “möhtəşəm”, “təntənəli” kimi təyinlərlə bəzədiləcək bir tədbir olmayacaq. Niyə?

1. Rüstəm İbrahimbəyovun məlum və məşhur avantürasından sonra Milli Şura bir qurum olaraq bütün cazibəsini, inandırıcılığına itirib.

2. Heç bir cəmiyyət problemlərdən xali deyil, ancaq Azərbaycan cəmiyyəti hər hansı problemin həlli üçün kor-koranə etirazı deyil, müzakirə və uzlaşma əsasında onların həllinə konkret yardım edə biləcək “çözüm aktyorları”na meyl edir. AXCP sədri Əli Kərimli isə uzun illərdir apardığı siyasət nəticəsində bir “çözüm aktyoru” yox, “böhran fürsətçisi” kimi çıxış edir.

3. Bu gün Azərbaycanda bir sərmayə mühiti və həmin mühitdə yüksək savada və təcrübəyə malik şəxslər mövcuddur. Fuad Qəhrəmanlı, Əbülfəz Qurbanlı, Nemət Əliyev kimi uğursuz, odioz və dərin biliklərə malik olmayan tipləri vitrinə çıxarmaq həmin insanlar tərəfindən ikrahla qarşılanır.

4. Mitinqin təşkil səbəbləri, çağırışları və verəcəyi mesajlar heç bir sağlam məntiqə sığmır. Tutalım, devalvasiyadan söhbət gedirsə, bu məsələnin müzakirəsində Marşal-Lerner qanununa istinad edən hər hansı bir şəxs Milli Şuranın mövqeyini asanlıqla darmadağın edə bilər.

5. İstənilən aksiya vətəndaşlarla üzbəüz təmaslar, yüksək təşkilatçılıq və bunun üçün yerli şöbələr tələb edir ki, Milli Şuranın köynəyində gizlənmiş AXCP-nin belə bir təsisatları yoxdur.

6. İstənilən devalvasiya ilkin günlərdə təşviş yaradır, amma zaman keçdikcə bu təşviş aradan qalxır. AXCP-nin aksiyası artıq təşvişin xeyli dərəcədə arxada qaldığı günə təsadüf edir. İnsanlar başa düşür ki, müxtəlif çağırışlar qarşısında spontan davranışlar onların mənafelərini nəinki qorumur, əksinə zərbə altına qoyur.

7. Ölkədə gedən bütün proseslər Prezident İlham Əliyevin nəzarəti altındadır və Prezidentin bütün situasiyalarda dövlətin və xalqın maraqlarından çıxış etdiyi çox bariz görünür. Odur ki, əks-həmlələr Azərbaycanın maraqlarına yox, kənar güclərin mənafelərinə xidmət kimi görünür və cəmiyyət bu məsələdə həmin qüvvələrə antipatiya sərgiləyir.

Taleh Şahsuvarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm