“Tağı Əhmədovun deputatlığı məsələsini məsləhətləşməliyik” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Tağı Əhmədovun deputatlığı məsələsini məsləhətləşməliyik” – MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılovun Publika.az-a müsahibəsi:

– Qarşıdan Novruz bayramı gəlir. YAP hər il bu bayramla əlaqədar kimsəsiz ailələrə müxtəlif köməkliklər göstərir. Bu il hansı tədbirlər nəzərdə tutulub?

– Yeni Azərbaycan Partiyasının xətti ilə Yasamal rayonu ərazisində yaşayan kimsəsiz ailələrə maddi yardımlar edilir. Bu günlərdə Yasamalda yaşayan 15 kimsəsiz ailənin hər birinə 80-100 manatlıq maddi yardım verilib. Bunun da səbəbi odur ki, həmin kimsəsiz ailələr Novruz bayramı ilə əlaqədar lazım olan nemətləri ala bilsinlər. Biz bu vəsaitləri martın 14-də paylamışıq.

Bundan əlavə, Yasamal rayonu ərazisində yaşayan imkansız ailələrin ali təhsil müəssisələrində təhsil alan 16 nəfər tələbə övladlarına da aylıq maddi yardım edirik. Onlar bizdən hər ay 40 manat YAP təqaüdü alırlar. Biz bu vəsaitləri topladığımız üzvlük haqqından veririk.

– Ötən gün Milli Şura Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda aksiya təşkil edib. Həmin aksiyanı izlədinizmi?

– Bilirsiniz, onlar müxalifətdirlər. Həmin müxalifət xaricin təsiri ilə fəaliyyət göstərir və orada da çıxan insanlar maddi maraq güdürlər. Azərbaycanda sağlam müxalifət yoxdur. Əsl müxalifət odur ki, gəlib iqtidarla üz-üzə oturub desin ki, bu məsələni düz və ya səhv etmisiniz. Bütün bunlar bizim daxili işlərimizdir. Yoxsa ilk Avropa Oyunları ərəfəsində çıxıb küçələrdə bu cür aksiyalar təşkil etmək və təxribat cəhdləri həyata keçirmək doğru yol deyil. Prezidentimiz nə işlər görürsə, yol çəkdirib, bina tikdirirsə, bunu bizim üçün edir. Bəlkə, Prezident özü o yollardan ayda heç bir dəfə keçməyəcək. Həmin yollardan bizlər, sizlər, şəhər əhalisi, Azərbaycan vətəndaşları keçəcək, həmin binalarda onlar yaşayacaqlar. Bütün bunları nəzərə almaq lazımdır. Yoxsa ki, xaricin təsiri altında addımlar atmaq doğru deyil. Eşitdiyimə görə də, onlar xaricdən maliyyə alırlar. Yəni Azərbaycanda vəziyyətin qarışmasında maraqlı olan bəzi xarici təşkilatlardan.

– İndi Milli Şuranın sədri olan sabiq deputat Cəmil Həsənlinin fəaliyyətindən, yəqin ki, siz də xəbərdarsınız...

– O, burada bizim həyətdə, yəni “deputatların həyəti” adlanan ərazidə olur. Onun əqidəsi mənə hələ də məlum deyil. Şəxsi marağın hesabına ədavət axtarmaq olmaz. Bizim daimi iki amalımız olmalıdır. Bunlardan biri Vətəndir, digəri isə millətdir. Vətənin toxunulmazlığını, millətin tarixini və adət-ənənəsini hamımız qorumalıyıq. Vəzifə bu gün var, sabah yoxdur. Bizim müqəddəs amalımız bu cür olmamalıdır. Bu gün mən YAP Yasamal rayon təşkilatının sədriyəm və bu cür danışıramsa, sabah vəzifədən çıxarılandan sonra da bu cür danışacam. Bu, mənim əqidəmdir. Çünki ilk növbədə mən Azərbaycan vətəndaşıyam, bu dövlətin övladıyam. Hesab edirəm ki, yanaşma da bu cür olmalıdır. Kimsə kiməsə qarşı şəxsi ədavətini bütövlükdə dövlətə və millətə qarşı yönəltməmlidir. Bu, düzgün mövqe deyil.

– Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov necədir? O, hazırda da sizin təşkilatdadır?

– Bəli, Tağı müəllim də buradadır. O, dövlətçiliyə sadiq adamdır. Baxmayaraq ki, Tağı müəllim vəzifədən çıxarılıbdır, ancaq dövlətin siyasətinə sadiqdir. O, partiyanın siyasətini qoruyan və müdafiə edən adamdır. Onu başsız qoymaq və küçəyə atmaz da düz deyil. Axı bu cür sadiq adamı kənarda qoymaq olmaz. Bir də ki, elimizin adəti var, çörək kəsmişik. Tağı Əhmədov 1994-cü ildən bu partiyanın üzvüdür, vaxtilə Bakı metrosunda çox güclü təşkilat yaradıb, metronun 5 min işçisinin 3 500 nəfəri YAP-a üzv olub. O, Hüseyn Cavid 31 ərazisində ilk partiya təşkilatını yaradıb. İndi Tağı müəllim metroda işləmədiyinə görə, onun yerinə yaxın vaxtlarda yeni adam təyin olunacaq.

Tağı Əhmədov metroda vəzifədən çıxarılanda mənim yanımda aparat rəhbəri vəzifəsi boş idi. Mən də YAP rəhbərliyi ilə məsləhətləşdim, onlar razılıq verdi və Tağı Əhmədovu YAP Yasamal rayon təşkilatına aparat rəhbəri vəzifəsinə təyin etdim. İndi də Tağı Əhmədov partiyanın xətti ilə keçirilən iclaslara, tədbirlərə gedir, insanlarla söhbət aparır. Bir sözlə, Tağı müəllim düşmən deyil, Azərbaycan xalqını və dövlətini candan istəyən vətəndaşdır. O həm də çox sadiq adamdır. Partiyanın və dövlətin mənafeyini hər yerdə müdafiə və təbliğ edən adamdır. O, partiyanın işinə tam yarayır. Əgər o, bunu etməsəydi, mən ondan uzaqlaşardım. Onun bu keyfiyyətlərini nəzərə alıb Tağı Əhmədovu YAP təşkilatına aparat rəhbəri təyin etmişəm. Hazırda da nəzarətim altında fəaliyyət göstərir.

– Payızda Azərbaycanda parlament seçkiləri keçiriləcək. YAP-ın namizədləri siyahısında Tağı Əhmədovun da adı ola bilərmi? Yəni siz təşkilat sədri kimi Tağı müəllimin adını irəli sürməyi düşünürsünüz?

– Açığı, bu barədə hələ fikirləşməmişəm. Çünki vaxtından əvvəl bu barədə danışmaq düzgün olmaz. Bu məsələni məsləhətləşməliyik. Əgər bu barədə məsələ qaldırılsa, o zaman biz Tağı müəllim haqqında yaxşı təqdimat hazırlaya bilərik. Bundan əlavə, xasiyyətnamə verərik ki, bu adam dövlətçiliyə sadiqdir və sairə.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm