“Əli Kərimli pul qazanmaq üçün mitinq keçirdi” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Əli Kərimli pul qazanmaq üçün mitinq keçirdi” - MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Publika.az-a müsahibəsində Milli Şuranın dünən keçirdiyi mitinqi şərh edib.


- Milli Şuranın keçirdiyi son aksiyanı necə dəyərləndirirsiniz?

- Əvvəla, onu qeyd edim ki, mənim verdiyim proqnoz özünü doğrultdu. Bir daha sübut olundu ki, Azərbaycan xalqı Əli Kəriminin hətta “sosial aksiya” adı ilə təyin etdiyi mitinqə belə dəstək vermir. Bu adam mitinqi siyasi deyil, sosial aksiya kimi təqdim edirdi. Bütün təbliğatını da buna yönəltmişdi. Mitinqin keçirilməsinin səbəbini keçən ay ABŞ dollarının Azərbaycan manatına nisbətdə bahalaşması ilə bağlamışdı. Mitinqdən əvvəl də mən yerli mətbuata demişdim ki, Əli Kərimli heç bir ciddi dəstək qazanmayacaq. Bu adam istəyirdi ki, əhalinin bu vəziyyətdə onun çağırışına dəstək verib-verməyəcəyini görsün.

Ancaq unudur ki, xalq Əli Kərimlini son 22 ildə çox yaxşı tanıya bilib. Xalq yaxşı bilir ki, Əli Kərimlinin Əbülfəz Elçibəyə etdiyi xəyanət hansı formada olub. Bu adam kimlərə xəyanət etməyib? Hər kəsi öz maraqlarına qurban verən biridir. Heç bir özünə hörmət edən siyasətçi Əli Kərimli ilə müttəfiqlik etmir. Hətta xanım siyasətçilər də ondan qaçır. Vaxtilə Lalə-Şövkət Hacıyeva Əli Kərimlinin etdiyi xəyanətə görə demişdi ki, əyninə şalvar geyinən hər kişiyə, kişi demirlər. Lalə xanımın bu fikirlərini mətbuatdan tapıb oxuya bilərsiniz. Digər tərəfdən, bu adam 2013-cü ildə Rusiyanın dəstəyi ilə Milli Şura adı ilə hakimiyyətə gəlmək istəyirdi. İndi isə utanmadan mitinqə Avropa Birliyinin bayrağı ilə çıxır. Bu riyakar siyasətçiyə kim dəstək verər? Baxın, araşdırın görün, vətəndaşlardan neçə nəfər Əli Kərimlinin çağırışı ilə mitinqə qatılmışdı? Heç kim. Mitinqə gələnlər öz ailə üzvləri və hakimiyyətdən qovulan gültəkin hacıbəylilər, polis və jurnalistlərdir. Dünən mən sosial şəbəkədə mitinqin yüksəklikdən çəkilən şəkilini yaymışam. Buna mitinq demək olmaz.


- Mitinqdən əvvəl təşkilatçılar deyirdilər ki, aksiyada iştirak etmək üçün 80 min adam razılıq verib. Lakin göründüyü kimi heç 800 nəfər iştirak etmirdi. Bu, onu deməyə əsas verirmi ki, cəmiyyət aksiyalara maraq göstərmir?

- Mitinqdən əvvəl Əli Kərimli sosial şəbəkədə “15 mart mitinqi” adı ilə “event” yaratmışdı. Bilirsiniz ki, mən sosial şəbəkədən geniş istifadə edən insanlardan biriyəm və Kərimlinin yaratdığı “event”lə tanış oldum. Təsəvvür edirsiniz, mitinqə qatılacağını təsdiq edən profil sahibləri kimlər idi? "Albert Eynşteyn, Too Luk Skyward, Çeçenka Balamın Çolkalı Balası, Moroqlu Piroq, Henry Ford, Roland Aybach, Jordan İbe, Portret Sifarişi, Sad Bin Abu Vaqqas, Love Rab, Arbiter Eleqantiae, Masal Hayat, Ero-Off, Ayka-off və Sabişka" adlı xeyli saxta profillər. Yüzlərlə bu cür saxta profillər var idi. Yəni bu saxta profilləri Əli Kərimlinin tapşırığı ilə yaradıblar və bu cür saxtakarlıqla məşğul olurlar. Kim istəyirsə, həmin “event”ə daxil olub, mitinqə qatılacağını təsdiq edən şəxslərin profilləri ilə tanış ola bilər. Cəmiyyət yaxşı bilir ki, bu mitinqin arxasında Əli Kərimlinin şəxsi maraqları durur.


- Əli Kərimli hər zaman mitinqə insanları pul ilə cəlb edib. Getdikcə onun mitinqinə qoşulanların sayının azalması Əli Kərimlinin pulunun azaldığından xəbər verir, yoxsa Kərimliyə artıq inamın itdiyindən?

- Mitinq günü Əli Kərimlinin 10 ilə yaxın müavini işləmiş Razi Nurullayev mətbuata açıqlama verdi ki, bu cur mitinqlər üçün Əli Kərimliyə pul verirlər. Ola bilsin ki, Əli Kərimli də pul qazanmaq üçün bu mitinqi keçirib. Bu, daha inandırıcıdır. Çünki özü də yaxşı bilir ki, cəmiyyət onun çağırışına ciddi dəstək vermir. Hər halda, Razi bəy onun müavini olub və onda kifayət qədər məlumatlar var. Mitinqə gələnlərin sayının az olması həm də ona görə ola bilər ki, Əli Kərimli xəsislik edir və verilən pulları xərcləmir. Onu yaxından tanıyan və onunla uzun müddət çalışan adamlar deyir ki, Əli Kərimli çox xəsis adamdır və pulu çox sevir. Əli Kərimliyə inam məsələsinə gəldikdə, siz mitinqdə Əli Kərimlinin yanında duran şəxslərə baxın.

Elçibəyin zamanında partiyanın vitrinində olan şəxslərlə Əli Kərimlinin yanında duran insanları müqayisə etsəniz, özünüz Əli Kərimliyə olan inamı görəcəksiniz. Elçibəyin bir müavini və ya müşaviri belə Əli Kərimlinin yanında qalmayıb və istefa verib. Bu faktın özü kifayət edir. Bu gün onun yanında olan adamlara müraciət edirəm. Soruşun ki, niyə Elçibəy dünyasını dəyişəndən sonra Elçibəyin 10-a yaxın müavini, müşavirləri, AXCP Rəyasət Heyətinin 19 nəfər üzvünün biri Əli Kərimlinin yanında qalmadı?! Bütün bu adamların hamısı pis oldu, Əli Kərimli yaxşı? Bu faktın özü onu göstərir ki, Əli Kərimli kimdir və niyə onun daxili çırkabla doludur.


- Uzun illər xalqa və öz funksionerlərinə yalan danışan bir partiya rəhbərliyinin “yalana yox” adı altında aksiya keçirməsi nə dərəcədə məntiqlidir?

- Azərbaycan siyasətində Əli Kərimli qədər yalançı bir adam yoxdur. 2000-ci il parlament seçkilərində seçki bitən kimi Əli Kərimli və bütün müxalifət rəhbərləri sənəd imzaladı ki, parlamentə qatılmayacaqlar. Konstitusiya Məhkəməsi parlamentin nəticələrini elan edən kimi, Əli Kərimli imzaladığı sənədə heç bir əhəmiyyət verməyib parlamentə getdi. Sanki bu adam bir ay qabaq imza atdığı sənəd olmayıb. Müsavat Partiyası Əli Kərimlini bu hərəkətinə görə 5 il satqın adlandırdı.


- Bu aksiyanı Avropa Oyunları ərəfəsində xarici dairələrin Əli Kərimlinin əli ilə hakimiyyətə təzyiq aləti kimi qiymətləndirmək olarmı?

- Birmənalı deyirəm ki, bu məsələdə Əli Kərimlidən bir vasitə kimi istifadə edirlər. Əli Kərimli Azərbaycan dövlətinin və onu təmsil edən hakimiyyətin imicinə zərbə vurmaq üçün istənilən təxribatı törətməyə hazırdır. Bu gün Əli Kərimli bütün fəaliyyətini ona yönəldib ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qarşısı alınsın. Bu iddia ilə bəzi beynəlxalq təşkilatlar da çıxış edir. Bu təşkilatların birbaşa erməni lobbiçilərinə yaxın olması şübhə doğurmur. Mən Əli Kərimlinin bundan sonra da təxribatlar törədəcəyini istisna etmirəm. Bu adamdan nə desən gözləmək olar.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm