Mahir Dərziyev: “Nə vaxta qədər təhsil haqqını SOCAR verməlidir?!” - TƏKZİB
Bizi izləyin

Nida.az

Mahir Dərziyev: “Nə vaxta qədər təhsil haqqını SOCAR verməlidir?!” - TƏKZİB

Gürcüstan parlamentinin hakim “Gürcü arzusu” koalisiyasından olan azərbaycanlı deputatı Mahir Dərziyevin parlamentdə çıxışı zamanı bu ölkədəki Azərbaycan məktəblərinin bağlanması təklifi ilə çıxış etdiyi haqda məlumatlar yayılıb. İddialara görə, Gürcüstanda təhsil dilinin gürcü dili olduğunu əsas gətirən azərbaycanlı deputat milli məktəblərə ehtiyac olmadığını deyib.


Məsələ ilə bağlı Publika.az-a danışan Mahir Dərziyev bu iddiaların yalan olduğunu deyib: “Bu məsələ ilə bağlı parlamentdə yox, seçicilərlə görüş zamanı danışmışam. Orda bir neçə QHT nümayəndəsi də var idi. Mən ömrüm boyu ana dilində təhsil üçün mübarizə aparmışam. Nə üçün belə fikir səsləndirməliyəm? Bilirəm ki, bu məlumatları mənə qarşı qərəzli münasibətləri olan şəxslər yayıb. Hətta Azərbaycanda media orqanlarının birinin o görüşdə iştirak etməyən bölgə müxbiri bunu xəbər edərək yaymışdı. Halbuki həmin insan, ümumiyyətlə, orda iştirak etmirdi”.


Azərbaycanlı deputat onun təklifinin təhrif olunduğunu qeyd edib: “Gürcüstanda təhsil haqqında qanunda təhsil dilinin gürcü dili olduğu göstərilir. Qanuna görə, Gürcüstan tarixi, coğrafiyası və təbiət elmləri gürcü dilində keçilməlidir. Orda bir müddəa da var ki, hər kəs, yəni bütün milli nümayəndələr öz ana dilini və ədəbiyyatını doğma dildə öyrənmək hüququna malikdir. Yəni orta məktəblərdə şagirdlərin öz ana dili və ədəbiyyatını öyrənmək üçün əlavə dərslər keçilir.

Mən təklif etmişəm ki, dəqiq elmlər gürcü dilində keçilsin. Çünki riyaziyyatın, biologiyanın, kimyanın, fizikanın gürcü, yaxud Azərbaycan dilində keçilməsinin o qədər də fərqi yoxdur. Mən öz iqtidarımızdan tələb edirəm ki, dəqiq elmlər gürcü dilində keçilsin. Hökumət zəhmət çəkib bu sahələr üzrə məktəblərimizə professional müəllimlər göndərsin. Məktəblərin maddi-texniki bazasını gücləndirsin, bərbad gündə olan məktəbləri təmir etsin. Çünki bütün fənlərin Azərbaycan dilində keçilməsi gənclərimizin inteqrasiyasına problemlər yaradır”.

Deputatın sözlərinə görə, azərbaycanlı tələbələr universitetdən öncə bir il gürcü dili kursu keçir, daha sonra ali məktəbə daxil olur.


“Keçmiş iqtidarın dövründə elm və təhsil naziri olan Dmitri Şaşkin azərbaycanlı şagirdlərə attestat verilməsi tapşırığını vermişdi. Məqsəd azərbaycanlıların attestat alması problemini həll etmək idi. Amma bu saxta attestatlarla kütləvi savadsızlığa yol açılırdı. Çünki biz bu ölkənin vətəndaşıyıqsa, ictimaiyyətə inteqrasiya üçün mütləq onun dilini bilməliyik. Universitetdən öncə keçilən birillik kurslar alayarımçıq gürcü dilini öyrədir. Özümüz-özümüzü niyə aldatmalıyıq ki? Heç kəs ana dilində təhsilə qarşı çıxa bilməz və mənim mübarizəmin əsasında bu məsələ həmişə öndə olub.

Sadəcə olaraq, Azərbaycan məktəblərində dəqiq elmlər gürcü dilində tədris olunsa, hökumətin daha çox diqqət ayıracağını hesab edirəm. Bu məktəblərə gürcü müəllimlər gələcək və istər-istəməz hökumət məktəbləri təmir edəcək, maddi-texniki bazasını möhkəmləndirəcək. Nəticədə azərbaycanlı gənclər daha savadlı olacaq, digər millətlərin nümayəndələri kimi universitetlərə ümumi əsaslarla qəbul olunacaqlar. Ödənişsiz təhsildən də yararlanacaqlar. Axı nə vaxta kimi burdakı tələbələrin pulunu SOCAR verməlidir?! Bunun da bir sonu olmalıdır. Hesab edirəm ki, bu məsələ həyata keçsə, Azərbaycan məktəblərinin vəziyyəti daha yaxşı olar”, - deyə o qeyd edib.


M. Dərziyev haqqında yayılan informasiyaları qəti şəkildə təkzib etdiyini diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm