Toğrul İsmayıl: “TANAP Azərbaycanın milli təhlükəsizliyini gücləndirir”
Bizi izləyin

Nida.az

Toğrul İsmayıl: “TANAP Azərbaycanın milli təhlükəsizliyini gücləndirir”

“TANAP çox əhəmiyyətli və strateji önəmə sahib olan layihədir”.


Bu barədə Publika.az-a açıqlamasında TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin professoru, politoloq Toğrul İsmayıl bu gün Qarsda TANAP-ın təməlqoyma mərasiminin keçirilməsinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, uzun illərdir enerji ixracını yerinə yetirən Azərbaycan bu məsələdə öz strategiyasını ağıllı və düzgün şəkildə həyata keçirir: “TANAP-a Avropa və dünyaya çıxışı təmin edən, əvvəldən təməli atılmış layihələrin davamı kimi baxmaq olar. Daha öncə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərləri var idi. TANAP da uğurlu enerji strategiyasının davamıdır”.


T. İsmayılın fikrincə, Azərbaycan bu strateji addımları atmaqla enerji təhlükəsizliyi ilə yanaşı milli təhlükəsizliyini də möhkəmləndirir.


“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə daha aktiv rola malikdir. Rəsmi Bakı müttəfiqi Türkiyə ilə ortaq layihələr çərçivəsində addımlarını atır. TANAP-ın tam işə düşməsindən sonra Avropanın enerji probleminə böyük töhfə verəcək və “Köhnə Qitə” Rusiyadan yan keçən alternativ mənbə əldə edəcək. Hansı ki, bu alternativ layihə Cənubi Qaz Dəhlizi adlanır. Lakin bir məsələ həqiqətdir ki, Rusiyanın bu layihələrdən kənarda qalması Azərbaycanın yürütdüyü siyasətlə bağlı deyil. Rusiya özü-özünü təcrid edir. Digər tərəfdən, Azərbaycan enerji təhlükəsizliyində aldığı rol özünü milli təhlükəsizliyi məsələsinə çevrilir. Bu baxımdan, təsisat mənbələri və boru kəmərlərinin inkişaf etdirilməsinin vacib olduğunu hesab edirəm. Bu layihələr doğru və sistemli şəkildə həyata keçsə, Azərbaycan öz təhlükəsizliyini də gücləndirəcək”, - deyə ekspert vurğulayıb.


T. İsmayıl bölgədə Ankara-Tiflis-Bakı ittifaqının ilkin elementlərinin yarandığını diqqətə çatdırıb: “Ermənistanın işğalçı siyasəti onu regiondakı beynəlxalq layihələrdən kənarda qoyub. İrəvan çox şey itirməsinə rəğmən öz işğal siyasətindən əl çəkmək istəmir. Bu isə regionda Gürcüstanın əhəmiyyətini artırıb. Son dövrlər Gürcüstan da Türkiyə kimi aktiv rol almağa başlayıb. Gürcüstan enerji resursları olmayan bir ölkədir. Lakin Azərbaycanın ağıllı və doğru siyasəti nəticəsində bu məsələ həll olunub. Bildiyimiz kimi, Bakı BTC reallaşarkən öz payındakı küllü miqdarda vəsaitdən Tiflisin xeyrinə vaz keçdi. Bu düşünülmüş siyasət idi və hazırda bunun bəhrəsini görürük. Beynəlxalq layihələrin nəticəsində bu üç ölkə iqtisadi bağlılıqlarını möhkəmləndirir. Biz regionda yeni iqtisadi və siyasi ittifaqın ilkin elementlərini müşahidə edirik. Digər tərəfdən, məsələyə fərqli rakursdan baxdığımız zaman, əslində bölgədə geosiyasi ittifaqın qurulduğunu deyə bilərik. Misal üçün, Türkiyə, Gürcüstan və Azərbaycan birgə addımlar atır. Rusiya, İran və Ermənistan da ayrılıqda hərəkət edirlər”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm