ADR üzvünün “Facebook” parolu sındırıldı, istefa xəbəri yayıldı
Bizi izləyin

Nida.az

ADR üzvünün “Facebook” parolu sındırıldı, istefa xəbəri yayıldı

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının üzvləri sosial şəbəkələrdə təxribatla qarşılaşıb.


Publika.az xəbər verir ki, bu gün ADR Hərəkatının Məclis üzvü Rahib Mirələmovun “Facebook” səhifəsində hərəkatdan istefa verdiyi barədə status paylaşılıb:

“ADR-in tutduğu mövqe milli deyil, iqtidar yönlüdür. Hərəkatdan ayrılmaq haqqında qərar verirəm. Düşünürəm ki, bu gündən etibarən fəaliyyətimi Müsavat Partiyasında davam etdirim. ADR-dən istefa verirəm”, - deyə statusda bildirilir.


R. Mirələmov bundan xəbər tutandan sonra statusu silib və “skrinşot”unu səhifəsində yerləşdirərək bu əməli törədənlər barədə sərt sözlər işlədib.

Onun sözlərinə görə, “Facebook” səhifəsinə müdaxilə edən şəxs duyuq düşülməsin deyə parolu dəyişməyib, sadəcə sındıraraq, belə bir status yazmaqla kifayətlənib.

R. Mirələmov qeyd etdi ki, bir neçə gün öncə başqa bir ADR üzvü Kamil Xəlilbəylinin də profili ələ keçirilib. O bu addımları ADR Hərəkatına olan qısqanclıqla əlaqələndirib: “Özüm Müsavat Partiyasının üzvüyəm. Bu hərəkəti partiya rəhbərliyinin adına bağlamaq istəmirəm. Amma düşünürəm ki, bunu rəhbərliyin əlaltıları edib. Hər zaman belə olaylara pis baxmışam. Bu hərəkəti edən şəxsi tapsam, onun cavabını özüm verəcəyəm. Konkret ad çəkmək istəmirəm”.


ADR üzvü sözügedən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməkdə tələsmək istəmir: “Belə hadisə ilk dəfə başıma gəlir deyə hələ gözləyirəm. Amma bu hal təkrarlansa, təbii ki, şikayət etməyə məcbur olacağam”.

Onun sözlərinə görə, ADR ictimai bir təşkilatdır və əsas hədəflərindən biri gənc ziyalıların, xanımların bu hərəkata qoşulub ölkəmizdə demokratik islahatların aparılmasına nail olmasıdır: “Biz xalqın maddi və mənəvi rifahının yüksəldilməsi üçün çalışırıq. Qarşımıza qoyduğumuz vəzifələr nə populizm, nə də radikalizmlə həllə yönəlib”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm