Türkiyəli politoloq: “TANAP regional sülhün təmin edilməsində çıxış yoludur”
Bizi izləyin

Nida.az

Türkiyəli politoloq: “TANAP regional sülhün təmin edilməsində çıxış yoludur”

“Ukrayna üzərindən təbii qaz təmin etmək məsələsində çətinliklə üzləşən Avropa Birliyi bazarına Azərbaycan qazını çıxarmaq həm Türkiyə, həm də Azərbaycan üçün böyük bir qazanc olacaq”.


Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) başqanı, türkiyəli politoloq Hasan Oktay bu gün Qarsda TANAP-ın təməlqoyma mərasimi haqda danışarkən deyib.


Politoloq qeyd edib ki, TANAP layihəsi Azərbaycanın qaz potensialının Türkiyə üzərindən Avropaya nəql olunmasıdır: “Rusiya ilə Avropa Birliyi Ukrayna üzərində bir ildir kəskin rəqabətə girib. Rusiya Avropaya qarşı təbii qazı silah olaraq istifadə edir və buna görə də Avropa Birliyi yeni axtarışlara başlayıb. Lakin TANAP layihəsi Rusiyaya qarşı bir alternativ deyil. Bu layihə regional sülhün təmin edilməsində bir çıxış yoludur və bunu Rusiyaya başa salmaq lazımdır. Çünki Avropa Birliyi sənaye və istilik üçün ehtiyacı olan enerjini təmin edə bilməsə, Rusiyaya qarşı daha böyük sanksiyalara başlayacaq. Bu da Rusiya xalqı üçün çətin nəticələrə səbəb olacaq. TANAP bir növ bölgənin normallaşması üçün lazımlı bir layihədir”.


H. Oktay bu layihəyə türkmən qazının qoşulmasının da vacib olduğunu qeyd edib.


“İqtisadi baxımdan TANAP layihəsinin həyata keçirilməsi bir qədər bahalı olacaq. Lakin türkmən qazının bu layihəyə qoşulmasını təmin etmək lazımdır. Vacib olan məqam layihənin başlanması və bunun Rusiyaya bir alternativ deyil, əksinə, Rusiyaya da müsbət yöndən töhfə verəcəyinə Moskvanı inandırmaqdır. Çünki “Nabucco” Rusiya tərəfindən qarşısı alınmış bir layihə olaraq xatırlanır”, - deyə politoloq vurğulayıb.


H. Oktayın fikrincə, TANAP layihəsi Azərbaycan və Türkiyə münasibətlərini daha da inkişaf etdirəcək: “Həmçinin Gürcüstanı da bu münasibətlərə qoşulmağa sövq edəcək. Həm Qafqazda, həm də Ukraynada sülhün təmin olunması üçün TANAP və buna bənzər layihələrin həyata keçirilməsi lazımdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm