Nida.az
Ortaq türk ordusunun yaradılması məsələsinə aydınlıq gətirilib
"Müxtəlif vaxtlarda akademik və ya bəzi politoloqlar səviyyəsində türk dünyasının ortaq ordusunun yaradılması fikri səsləndirilsə də, dövlətlər səviyyəsində bu istiqamətdə hər hansı addım atılmır". Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Trend-ə açıqlamasında bildirib.
O qeyd edib: “Sadəcə, türk dünyası ilə məhdudlaşmayan, jandarmeriya
qüvvələrinin birlikdə fəaliyyət göstərməsini nəzərdə tutan və türk
dünyasındakı qardaşlarımızı da əhatə edən bir əməkdaşlıq var”.
Səfir deyib ki, ortaq ordu deyildikdə, təbii ki, ortaq idarəetmə
altında birləşdirilmiş, bütün strukturları ilə vahid mərkəzdən
idarə olunan bir ordu nəzərdə tutulur: “Təbii ki, belə bir ordunun
yaradılması çox çətindir. Fərqli hərbi birləşmələri, hava
qüvvələrini, ordu birləşmələrini nəzərə alsaq, bunun çox çətin
olduğunu görmək olar”.
Türkiyəli diplomatın sözlərinə görə, bütün hərbi qüvvələrin
birlikdə fəaliyyət göstərməsini təmin etmək hər bir ölkə üçün ciddi
bir sınaqdır: “Bu məsələdə NATO-ya örnək kimi baxa bilərik. Bəzən
kənardan baxılanda NATO ölkələrinin ortaq orduya sahib olduğu güman
edilir. Əslində isə belə deyil. NATO çərçivəsində hər hansı bir
əməliyyatın keçirilməsi gündəmə gəldikdə, belə bir qərar qəbul
olunduqda, NATO Şurası tərəfindən qüvvələrin təşkil edilməsinə
qərar verilir və vaxt lazım olur. NATO çərçivəsində hər hansı
əməliyyatın aparılması üçün alyansa üzv olan ölkələrin imkanları
nəzərə alınır”.
İ.A.Coşqun onu da qeyd edib ki, türk dünyası qapalı, digərlərinə
qarşı sədd çəkmiş bir düşüncə ilə deyil, dünyanın çox önəmli bir
mərkəzi, iqtisadi potensialı və coğrafi mövqeyi etibarilə bütün
dünyanın inkişafına ciddi töhfə verə biləcək bir ərazidə yerləşir:
“Dolayısilə, adıgedən regiondakı və dünyadakı qardaşlarımızı
dünyaya inteqrasiya etdirəcək addımlar atılmalıdır. Bunu edərkən
bir yandan infrastrukturumuzu inkişaf etdirəcək, digər tərəfdən isə
mədəniyyətimizə sahib çıxacaq və tariximizi anladacaq, eyni
zamanda, siyasi əlaqələrimizi möhkəmləndirəcəyik. Bütün bunlarla
yanaşı, sabitlik və təhlükəsizlik məsələlərinə də ciddi diqqət
yetirməyimiz lazımdır”.
Diplomatın sözlərinə görə, əgər türk dünyası sadalanan məqamlar
üzrə bir araya gəlsə, yuxarıda bəhs olunan nöqtədən başlamaq
lazımdır: “Başqa sözlə, bununla maraqlanacaq dövlətlərin
təhlükəsizlik güclərinin bir-biri ilə dialoq aparması lazımdır. Bu
məsələdə sadəcə olaraq dialoqla kifayətlənmək deyil, texniki
özəlliklərə də sahib olmaq lazımdır”.
Səfir deyib ki, Türkiyə türk dünyası daxilində bunu ən yüksək
şəkildə Azərbaycanla həyata keçirir: “Keçən il Azərbaycanda təşkil
edilən təlimlər, bu il isə Türkiyədə Hərbi Hava Qüvvələrinin
iştirakı ilə keçirilən təlimlər bunun bariz nümunəsidir. Türkiyənin
NATO standartları üzrə təcrübəsindən Azərbaycanla birgə istifadə
etmək şərtilə, Azərbaycanın da NATO standartlarına çatma hədəfini
nəzər alaraq, əlavə fəaliyyət göstəririk”.
İ.A.Coşqun bildirib ki, bu kimi tədbirlərin keçirilməsi güc
strukturlarının bir-birini tanıması və bölgənin sabitliyi üçün
birgə fəaliyyət göstərməsi baxımından çox önəmlidir.
Onun sözlərinə görə, bütün bunlarla yanaşı, təlim metodları
paylaşıla bilər: “Hər bir ölkənin bu sahədə özünəməxsus təcrübəsi
var. Birgə təlimlərin keçirilməsi ilə bu təcrübələrdən faydalanmaq
mümkündür”.
Səfir vurğulayıb ki, bu təlimlər həm nəzəri, həm də praktik olaraq
həyata keçirilə bilər: “Hər bir ölkənin öz təcrübəsini digərinə
çatdırması, digərinin təcrübəsindən istifadə etməsi ilə daha önəmli
əməkdaşlıq şəbəkəsi hazırlaya, bölgənin təhlükəsizliyinə və
sabitliyinə töhfə vermək bacarığını inkişaf etdirə bilərik”.
Diplomat qeyd edib ki, türk dünyasının hədəfi qarşısında baryer
qoymaq deyil: “Nə Türkiyənin, nə də türkdilli ölkələrin təhdidlər
qarşısında sərtləşmək kimi düşüncəsi yoxdur, lakin regionda ortaq
risklərimiz və təhlükələrimiz var, həll edilməsi lazım olan
məsələlər var. Qarşılıqlı töhfə baxımından türk dünyasının daha
yaxın və bir-birinə inteqrasiya olması hər kəsin maraqlarına xidmət
edə bilər”.
Səfir əlavə edib ki, bu cür təşkilatlanmalar ən bəsit nöqtədən
başlayaraq daha yüksək səviyyəyədək inkişaf etdi və hərbi sahədə
daha yaxın əməkdaşlığın olması ilə nəticələndi: “İstər türk
dünyasının vahid ordusu olsun, istərsə də olmasın, dövlətlərimiz
arasında işbirliyi var və bu işbirliyinə sadəcə türk dünyası deyil,
kənardan da müşahidəçi qismində qatılmaq istəyən ölkələr ola
bilər”.
İ.A.Coşqun deyib ki, bunun bənzəri NATO-da mövcuddur: “Belə ki,
NATO-ya üzv olan ölkələrlə yanaşı, alyansa bir sıra müşahidəçi
dövlətlərin qatıldığını görmək olar ki, bu da öz növbəsində,
problemlərin yarandığı anda həlli baxımından çox önəmlidir”.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK