Siyavuş Novruzov: “TANAP Azərbaycan Prezidentinin əsəridir” - AÇIQLAMA
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “TANAP Azərbaycan Prezidentinin əsəridir” - AÇIQLAMA

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov martın 17-də Türkiyənin Qars vilayətinin Səlim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulmasına münasibət bildirib.

YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, bu, doğrudan da, çox böyük hadisədir: “Mən bunu Bakı-Tiflis-Ceyhan layihəsinə bərabər olan tarixi hadisə kimi qiymətləndirirəm. Vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən Bakı-Tiflis-Ceyhan layihəsinin əsası qoyulanda da çoxları buna xəyal, röya kimi baxırdı. Bəzi adamlar, dairələr deyirdi ki, bu layihə heç zaman reallaşa bilməz və sairə. Ancaq hər kəs də gördü ki, vaxtilə Bakı-Tiflis-Ceyhan layihəsi ulu öndər Heydər Əliyevin iradəsi nəticəsində reallaşdı”.

S. Novruzov qeyd edib ki, TANAP layihəsi də bilavasitə Azərbaycan Prezidentinin ideyasıdır, onun layihəsidir: “Cənab Prezident bu məsələ ətrafında gedən uzun müzakirələrdən sonra bütün dünyaya sübut etdi ki, TANAP kimi böyük layihəni reallaşdırmaq mümkündür. İndi də artıq bu layihənin reallaşdırılması prosesi uğurla davam edir. TANAP çox böyük və əhəmiyyətli layihədir. Bilirsiniz ki, bundan öncə də “Nabucco” layihəsi ortaya atılmışdı, ayrı-ayrı fikirlər mövcud idi. Ancaq TANAP bilavasitə Azərbaycan Prezidentinin əsəridir”.

YAP rəsmisi TANAP layihəsinə qarşı mümkün gözlənilən təxribatlardan da danışıb: “Təbii ki, bu layihəni istəməyən bəzi qüvvələr də mövcuddur. Onlar zaman-zaman bu layihənin icrasına qarşı çıxmağa cəhdlər göstərəcəklər. Ancaq TANAP Avropanın enerji təhlükəsizliyi üçün atılmış vacib addımdır. Ona görə də müxtəlif qüvvələr təbii ki, layihə ilə bağlı təxribatlar törətməyə cəhdlər edəcəklər. Amma bu məsələ artıq ciddi şəkildə öz həllini tapıb və hazırda proses uğurla icra olunur”.

Xatırladaq ki, martın 17-də Türkiyənin Qars vilayətinin Səlim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm