Elxan Süleymanov: “Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi”
Bizi izləyin

Nida.az

Elxan Süleymanov: “Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi”

“İrəvanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi”.


Publika.az xəbər verir ki, bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.


Qeyd edək ki, bu gün Avronest PA-nın İrəvanda keçirilən 4-cü sessiyası öz işini başa vurur. Sessiyada qondarma “erməni soyqırımı” haqda sənəd qəbul olunub.


E. Süleymanov isə sessiyada üzvlərin 50 faizi iştirak etdiyi üçün qəbul edilən qərarların legitimliyinin sual altında olduğunu bildirib: “Sessiyada 6 Şərq Tərəfdaşlığı ölkəsindən yalnız Ukrayna, Gürcüstan və Ermənistan iştirak edib. Azərbaycan nümayəndə heyəti ilə yanaşı Moldova nümayəndə heyəti də, demək olar ki, sessiyaya qatılmayıb. Moldovanı yalnız bir deputat təmsil edib, Gürcüstan və Ukrayna nümayəndə heyətləri isə İrəvana tam tərkiblə getməyiblər. Sessiya zamanı 4 məruzə - Siyasi Komitədə “2014-2020-ci illər Avropa Qonşuluq Aləti vasitəsilə Aİ ilə Şərqi Avropa tərəfdaşı ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsi”, İqtisadi Komitədə “Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında infrastruktur əməkdaşlığı: şose, dəmiryol və hava nəqliyyatı sahəsində birgə layihələrə dair”, Enerji Komitəsində “Şərq Tərəfdaşlığı çərçivəsində enerjinin səmərəliliyi və bərpa edilə bilən enerji mənbələri sahəsində əməkdaşlıqda problemlər, potensial və yeni iştiraka dair”, Sosial və Mədəniyyət Komitəsində “Şərq Tərəfdaşlığı müstəvisində mədəniyyət və mədəniyyətlərarası dialoq” mövzusunda məruzələr qəbul edilib.

Ermənistan nümayəndə heyətinin etirazına baxmayaraq, Siyasi Komitənin məruzəsində Azərbaycan nümayəndə heyətinin 2 düzəlişi nəzərə alınıb. Bundan əlavə sessiyada 2 qətnamə də qəbul edilib. Ermənistan üçün bu plenar sessiyanın əsas məqsədi qondarma erməni “soyqırım”nın 100 illiyi haqqında qətnamə qəbul etmək idi. Onlar sessiyanın İrəvanda keçirilməsindən sui-istifadə edərək qondarma “soyqırım” qətnaməsini irəli sürərək bu qətnaməni qəbul etdirmək üçün siyasi alver vasitələrinə əl atıblar. Belə ki, ermənilər Assambleya iştirakçılarına, xüsusən ukraynalı deputatlara bildiriblər ki, onlar Ukraynanın ərazi bütövlüyünün tanınması ilə bağlı qətnaməyə yalnız qondarma “soyqırım”ın tanınması müqabilində səs verə bilərlər. Bundan əlavə, erməni nümayəndə heyəti etirazlara baxmayaraq, bu qətnamə layihəsini prosedur qaydalarını pozaraq – öncədən Avronest PA üzvlərinə göndərmədən, müzakirə imkanı yaratmadan birbaşa səsverməyə çıxarıblar. Beləcə, fitnəkar ermənilər qondarma erməni soyqırımının 100 illiyinə dair qətnamə layihəsinin qəbul edilməsinə müvəffəq olublar”.


E. Süleymanov qeyd edib ki, sessiyada Ukraynada olan vəziyyətlə bağlı təcili qətnamə də qəbul edilib. Onun sözlərinə görə, bu qətnamə layihəsində Ukrayna ərazisi bütövlüyünün Rusiya tərəfindən pozulması faktı, münaqişənin sülh yolu ilə həllinə və Ukraynanın ərazi bütövlüyünün təmin edilməsinə çağırışlar yer alıb.


“Bu sessiya zamanı “soyqırım” tanıtımı ilə yanaşı ermənilərin ikinci əsas məqsədi Azərbaycana böhtanların atılması və Dağlıq Qarabağın təbliği idi. Onlar sessiya ərzində öz xislətlərinə sadiq qalaraq, insan hüquqları və demokratiya bəhanəsi ilə Azərbaycana hücumlar edib, Azərbaycanın işğalçı olduğunu sübut etmək istəyiblər. Bununla yanaşı, AP və digər milli nümayəndə heyətlərinin yerləşdirildiyi oteldə turizm agentliyi tərəfindən paylanılan vərəqələrdə Ermənistanın bir hissəsi kimi təqdim edilən Dağlıq Qarabağa 3 günlük turistik səfərlər təklif edilib”, - deyə deputat bildirib.


Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Ermənistanda insan hüquqlarının pozulması və ölüm hallarına, bu ölkənin Rusiya ilə Gömrük İttifaqı Sazişini imzalaması faktına baxmayaraq, Avronest PA onu hələ də tənqid etmir: “Əksinə, bu gün Ukrayna ərazi bütövlüyünü tanıyan Avronest PA 23 ildir torpaqları erməni işğalı altında olan və ərazi bütövlüyü beynəlxalq sənədlərlə, habelə bütün dünya ölkələri tərəfindən tanınan Azərbaycanın çağırışlarına məhəl qoymur, Avronest PA-nın münaqişə həll edən qurum olmadığını vurğulayır, 110 il əvvəl azərbaycanlıları soyqırıma məruz qoymuş ermənilərin qondarma “soyqırım”ı tanıyır. İrəvanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi. Avronest PA sadəcə Şərq ölkələrinin Aİ-yə üzvlük imkanlarının olmamasına bəraət qazandırmaq üçün istifadə edilən siyasi vasitəsidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm