Azərbaycandan Avronestə sərt reaksiya: “Ermənilərin “at oynatdığı” qurum...”
Bizi izləyin

Nida.az

Azərbaycandan Avronestə sərt reaksiya: “Ermənilərin “at oynatdığı” qurum...”

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov qurumun həmsədrlərinə, Büro üzvlərinə, həmçinin assambleyanın bütün üzvlərinə İrəvanda keçirilən 4-cü sessiyada baş verənlərlə bağlı müraciət ünvanlayıb.


Publika.az xəbər verir ki, E. Süleymanov müraciətində Avronest PA-nın İrəvanda keçirilən 4-cü növbəti sessiyasının utancverici hadisələrlə tarixə düşdüyünü diqqətə çatdırıb: “Azərbaycan nümayəndə heyətinin haqlı olaraq iştirakdan imtina etdiyi bu sessiya Ermənistan tərəfinin planlı və düşünülmüş təxribatları ilə başladı və həmin təxribatların akkordları ilə başa çatdı.

Azərbaycan nümayəndə heyəti son illər ərzində Büro iclaslarında təkidlə Avronest PA sessiyasının Ermənistanda keçirilməsinin yolverilməz olduğunu bəyan etmişdi. Həmin bəyanatlarda Ermənistanın digər Şərq tərəfdaşı olan Azərbaycanın ərazilərini işğal altında saxlamasının ŞT proqramının və Avronest PA-nın məqsədlərinə və ruhuna zidd olduğu, rəsmi İrəvanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olması barədə siyasi qərarlarının tamamilə ŞT platformalarının əksinə olduğu və onlarla uzlaşmadığı diqqətə çatdırılıb.

Azərbaycan nümayəndə heyətinin bəyanatlarında həmçinin qurumun 4-cü sessiyasının qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində İrəvanda keçirilməsindən Ermənistan tərəfinin təbliğat kampaniyası kimi istifadə edəcəyinin şübhə doğurmadığı və Avronest PA-nın bu kampaniyanın alətinə çevriləcəyi proqnozlaşdırılırdı. Doğrudan da, Ermənistan tərəfi Azərbaycan nümayəndə heyətinin İrəvana gəlməkdən imtina etməsini bəhanə edərək, sessiyanın ilk günündən təxribatlara əl atdı. Bu təxribatlardan biri də onların qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə layihəsinin irəli sürülməsi oldu”.


E. Süleymanov bu qətnamə layihəsinin irəli sürülməsinin Avronest PA-nın prosedur qaydalarının ciddi şəkildə pozulması ilə müşaiyət olununduğunu bildirib. Onun sözlərinə görə, bu sənəd Avronest PA-nın sessiyasından iki həftə əvvəl Ermənistan nümayəndə heyətinin Yaşıllar və EPP qrupu ilə birlikdə gizli danışıqları zamanı hazırlanıb, Assambleya üzvlərindən gizli saxlanılıb, əvvəlcədən onlara göndərilmədən debatlar zamanı Avronest PA-da heç bir müzakirə aparılmayıb, nümayəndələrin düzəlişlər etməsi üçün açıq elan edilməyib.


“Digər tərəfdən, Türkiyəni “aktiv dialoqa və tədqiqatlar üçün arxivləri açmağa” çağırışı öz-özlüyündə gülünc səslənir. Belə ki, Türkiyə daim bütün səviyyəli danışıqlarda tarixi hadisələrin tarixçilər tərəfindən araşdırılmalı olduğunu, 1915-ci ildə Osmanlı dövləti ərazisində baş vermiş hadisələrin obyektiv və qərəzsiz araşdırılması üçün bütün arxivlərin açılmasını, beynəlxalq tərkibdə tədqiqatçılar qrupunun yaradılması zərurətini vurğulayıb və buna hazır olduğunu bildirib. Lakin Ermənistan tərəfi hər dəfə bu təklifi rədd edib. Qəbul edilmiş sənəddə Türkiyəyə “öz keçmişi ilə barışmaq” barədə edilən çağırış Ermənistan tərəfinin və erməni lobbisinin xəstə təxəyyülünün məhsuludur. Belə ki, Türkiyə qədim və zəngin dövlətçilik irsinə, mədəniyyətə və ənənəyə malik dövlətdir. Bu dövlətin ərazisində tarix boyu bir çox xalqlar yaşayıb, öz dillərini, dinlərini, mədəniyyətlərini qoruyub saxlayıblar. Bəli, hər bir dövlətin tarixində faciəli səhifələr də olub.

Bu mənada Türkiyə istisna deyil və Birinci dünya müharibəsi ərzində burada qanlı hadisələrin baş verməsini heç kəs inkar etmir. Bu mənada Türkiyə dəfələrlə öz keçmişinə sahib çıxdığını və onun qaranlıq səhifələrinin heç bir siyasi spekulyasiyalara yol vermədən obyektiv araşdırılması zərurətini bildirib. Odur ki, Türkiyənin öz keçmişi ilə bağlı heç bir problemi yoxdur. Bu iddialar Ermənistanın, erməni lobbi təşkilatlarının, beynəlxalq təşkilatlarda onlara havadarlıq edənlərin xəstə təxəyyülünün məhsulu və, nəhayət, regionla bağlı geostrateji planlar həyata keçirmək istəyən aparıcı dövlətlərin siyasi təzyiq vasitəsidir”, - deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.


E. Süleymanov Ermənistanın addımlarının ikrah doğurduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi ciddi prosedur pozuntuları ilə müşayiət olunan və Assambleya üzvlərinin qəti etirazları ilə qarşılanan qətnamə layihəsini qəbul etdirmək üçün şantaja əl atıb, onları bu qətnaməni dəstəkləməyəcəyi təqdirdə Ukrayna hadisələri ilə bağlı irəli sürülmüş anti-Rusiya qətnaməsinin əleyhinə səs verəcəyi ilə təhdid edib və nəticədə öz istəyinə nail olub: “Qeyd edilənlər kontekstində, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvan sessiyası zamanı qondarma erməni soyqırımına dair qəbul etdiyi qətnaməni rədd edir və Avronest PA-nı ləkələyən bir sənəd olduğunu vurğulayır.

Bu sənəd eyni zamanda, Avronest PA-nın Ermənistanın və ermənipərəst qüvvələrin əlində öz siyasi təxribatlarını həyata keçirmək istiqamətində alət olduğunu təsdiq etmiş oldu. Biz dəfələrlə qurumun münaqişələri həll edən təşkilat olmadığı barədə bəyanatları ilə qarşılaşsaq da, İrəvan sessiyasında baş verən bu biabırçılıq Avronest PA-nın ikili standartlarla idarə olunan və 110 il əvvəl Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törətmiş ermənilərin guya soyqırımına məruz qalması kimi əsassız iddialara dəstək verən mənasız bir qurum olduğunu bir daha sübut etdi. İrəvan sessiyası zamanı Ermənistan tərəfinin “at oynatdığı” bir qurum olduğu sübuta yetirilən Avronest PA özünün bəyan edilmiş məqsədlərinə və bütün tərəflərin maraqlarına xidmət edən qurum ola bilərmi və bu istiqamətdə səmərəli fəaliyyət göstərə bilərmi? Cavab birmənalıdır: Xeyr! Belə bir qurumun öz məqsədlərinə nail olmaq üçün səmərəli fəaliyyət göstərməsi, bütün tərəflərin maraqlarını qoruyacağı şübhə doğurur və gələcəyi qaranlıqdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm