Nida.az
"ABŞ dünyanı hərbi güclə dəyişə biləcəyinə inanır"
1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və
Cerald Fordun administrasiyalarında əvvəlcə milli təhlükəsizlik
üzrə müşavir, daha sonra dövlət katibi vəzifələrində çalışmış 91
yaşlı Henri Kissincerin xarici siyasət, geosiyasət, təhlükəsizlik
məsələləri ilə bağlı tövsiyələrinə bu gün də ABŞ prezidenti
administrasiyasında diqqət yetirilir. Bu yaxınlarda Almaniyanın
"Der Spiegel" nəşrinə müsahibəsində Kissincer çoxlarını
maraqlandıran geosiyasi məsələlər, eləcə də yeni qlobal nizamın
formalaşması barədə düşüncələrini paylaşıb.
Qlobal nizamın yaranması həmrəylik tələb edir
Kissincerin fikrincə, kütləvi qırğın silahlarının və transsərhəd
terrorizminin yayılması nəticəsində dünya xaos təhlükəsi ilə
üzləşib. Hazırda "idarə olunmayan ərazilər" fenomeni mövcuddur və
Liviya nümunəsindən də göründüyü kimi, "idarə olunmayan ərazi"
dünyada qeyri-sabitliyə səbəb ola bilər. Üstəlik, dünyanın bir çox
yerlərində dövlət bir təsisat olaraq hücum qarşısındadır. Keçmiş
diplomatın fikrincə, bütün bunlara baxmayaraq, paradoksal olsa da,
ilk dəfədir ki, dünya nizamından danışmaq mümkündür. Kissincer bu
fikrini belə izah edir: "Son vaxtlara qədər tarix boyu əsasən dünya
nizamı regional nizam olub. İlk dəfə olaraq indiki dövrdə dünyanın
istənilən bölgəsi bir-biri ilə qarşılıqlı əlaqədə ola bilər. Bu,
qloballaşan dünya üçün yeni nizamın olmasını zəruri edir. Lakin
universal olaraq qəbul edilmiş qaydalar mövcud deyil. Çin, İslam,
Qərb və müəyyən mənada rus yanaşmaları mövcuddur və onlar heç də
hər zaman bir-biri ilə uzlaşmır".
Kissincer özünün "Dünya nizamı" adlı son kitabında olduğu kimi,
dünya nizamının qurulması üçün 1648-ci ilin Vestfal sülh sazişini
istinad sistemi kimi göstərir. O, fikrini bununla əsaslandırır ki,
Mərkəzi Avropa əhalisinin demək olar ki, dörddə birinin
müharibələr, xəstəliklər və aclıqdan ölməsindən sonra imzalanan
Vestfal sazişi heç də ali mənəvi dəyərlərə yox, bir-biri ilə ortaq
dil tapmaq zərurətinə əsaslanırdı. Bununla da, müstəqil dövlətlər
digər dövlətlərin işlərinə qarışmamağı qərara aldılar və bu gün
ehtiyac duyulan qüvvələr balansını yaratdılar.
Keçmiş diplomatın fikrincə, dünya yeni nizama doğru iki yolla –
xaos və dərrakə yolu ilə gedə bilər. Nüvə silahlarının yayılması,
iqlim dəyişikliyi və terrorizm təhlükələri qlobal miqyasda ortaq
mövqe yaratmaq və bununla da xaosdan çəkinmək üçün kifayətdir.
Dünya nizamının formalaşmasında ABŞ-ın roluna gəlincə, Kissincer
hesab edir ki, öz gücü və dəyərləri sayəsində Birləşmiş Ştatlar bu
prosesdə əsas rolu icra edəcək, lakin heç bir dövlət təkbaşına
dünya nizamı yaratmaq üçün kifayət qədər güclü, yaxud müdrik
deyil.
ABŞ və Avropanın xarici siyasəti arasında əsas fərq kimi Kissincer
vurğulayır ki, Avropadan fərqli olaraq, ABŞ dünyanı sadəcə yumşaq
güclə deyil, həm də həqiqi hərbi güclə dəyişə biləcəyinə inanır.
Bununla belə, o, Avropada ən mühüm ölkə kimi Almaniyanın dünya
nizamının formalaşdırılmasında daha fəal rol oynamalı olduğunu
bildirib.
Qərb Ukrayna məsələsində səhvlərə yol verib
ABŞ-Rusiya münasibətlərində gərginliyin daha da artması ilə
müşayiət edilən Ukrayna hadisələri barədə danışan Kissincer Qərbin
bu məsələdə kifayət qədər həssaslıq göstərmədiyini düşünür. “Əgər
Qərb səmimidirsə, səhvlərini etiraf etməlidir. Krımın anneksiyası
qlobal ağalıq naminə atılan addım deyildi. Bu, Hitlerin
Çexoslovakiyaya hücumu deyildi”, – deyən Kissincer 2014-cü ildə
hadisələrin qəfil kəskinləşməsində Qərbin də rolunun olduğunu qeyd
edib. Bildirib ki, Avropa və ABŞ Ukraynanın Avropa İttifaqı ilə
iqtisadi əlaqələrinə dair danışıqlardan başlayaraq Kiyevdəki
nümayişlərlə kulminasiya nöqtəsinə çatan hadisələrə qədər
proseslərin nəticəsini düzgün dəyərləndirə bilmədi. Bu hadisələr və
onların nəticəsi Rusiya ilə dialoqun müzakirə mövzusu olmalı idi.
Bununla belə, Rusiyanın proseslərə reaksiyası da düzgün
deyildi.
Kissincerin fikrincə, Qərb ilə Rusiya arasında yenidən “Soyuq
müharibə”nin başlaması təhlükəsi mövcuddur və bu, tarixi faciə
olardı. Əgər mənəvi dəyərlər və təhlükəsizlik prinsipləri belə bir
konfliktdən yayınmağa imkan verirsə, onda buna cəhd etmək
lazımdır.
Krımın ilhaqının Qərb üçün qəbuledilməz olduğunu bildirən Kissincer
Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə haqq qazandırsa da,
onu qane etməyən məqamlar da var: “Əgər qlobal iqtisadiyyatdan
danışırıqsa və qlobal iqtisadiyyatın daxilində sanksiyalar tətbiq
olunursa, onda böyük dövlətlər öz gələcəklərini düşünərək özlərini
mümkün təhlükələrdən qorumağa çalışacaqlar və bunu etdikcə onlar
merkantilist qlobal iqtisadiyyat yaradacaqlar”.
Kissincer ayrı-ayrı şəxslərə tətbiq olunan sanksiyalarla bağlı da
razılaşmadığı məqamları ifadə edib. Onun fikrincə, müəyyən vaxtdan
sonra “qara siyahı”ya adları salınan şəxslərin bir qismindən
sanksiyalar ləğv olunub digərləri üzərində saxlanıldığı zaman bunun
səbəbini izah etmək lazım gələcək. Ona görə də bir işə başlayanda
onun nəticəsini qabaqcadan düşünmək lazımdır.
Kissincer etiraf edir ki, Rusiya beynəlxalq sistemin mühüm
iştirakçısıdır və bu səbəbdən, məsələn, İranla, yaxud Suriya ilə
bağlı nüvə silahının yayılmasının qarşısının alınması üzrə
razılaşmada olduğu kimi, hər növ böhranın aradan qaldırılmasında
faydalıdır. Onun fikrincə, bu cür vacib problemlər hər hansı
spesifik məsələ ilə bağlı taktiki eskalasiyadan üstün tutulmalıdır.
Digər tərəfdən, Ukraynanın müstəqil dövlət kimi mövcud olması da
vacibdir, onun öz seçimi ilə iqtisadi və kommersiya ittifaqlarına
daxil olmaq hüququ olmalıdır. “Lakin dövlətin NATO-ya daxil olmaq
hüququ heç də təbiətin qanunu deyil”, – deyən Kissincerə görə, NATO
heç zaman Ukraynanın alyansa qəbul olunmasına yekdilliklə səs
verməyəcək.
Müharibəyə başlamazdan əvvəl onun nəticəsini aydın dərk etmək
lazımdır
Müsahibəsində Kissincer Yaxın Şərqdə gedən proseslər və terrorizm
təhlükəsi barədə fikirlərini də bildirib. Maraqlıdır ki, o,
Suriyadakı böhranın “amansız diktatorun köməksiz xalqa qarşı”
dayanması və “diktatorun devriləcəyi təqdirdə əhalinin
demokratikləşəcəyi” kimi başa düşülməsini düzgün hesab etmir. O,
Suriyadakı müharibəni qismən multietnik münaqişə, qismən Yaxın
Şərqin köhnə strukturuna qarşı üsyan, qismən də hökumətə qarşı
qiyam kimi dəyərləndirib. Kissincer hərbi müdaxilənin nəticələrinə
də diqqət yetirməyi vacib bilir. O, Liviyadakı vəziyyəti nümunə
gətirərək, Qəddafinin devrilməsinin düzgün addım olduğunu bildirsə
də, ondan sonra yaranan boşluğu doldurmaqda Qərbin maraq
göstərmədiyini bildirib. Ona görə də bu gün ölkə hərbi
qruplaşmaların bir-birinə qarşı savaş meydanına çevrilib. Bununla
da “idarə olunmayan ərazi” və Afrika üçün “silah anbarı” meydana
gəlib. Həyatı boyunca, əsasən, “fəal” xarici siyasətin tərəfdarı
olduğunu bildirən Kissincer Suriyaya müdaxilə məsələsində ABŞ-ın
etibarlı tərəfdaşlara ehtiyacının olduğunu, lakin hazırda belə bir
tərəfdaş görmədiyini deyib. Bu səbəbdən də, müharibəyə qoşulmaq
üçün onun nəticələrini qabaqcadan aydın dərk etmək lazımdır.
Digər tərəfdən, Kissincer hərbi müdaxilə yolu ilə ölkəyə
demokratiya gətirilməsini qeyri-real hesab edir, bunun baş verməsi
üçün müharibənin on illərlə davam etməsinin və müharibəni aparan
ölkənin əhalisinin hökuməti davamlı olaraq dəstəkləməsinin vacib
olduğunu düşünür. Lakin güman ki, heç bir ölkənin resursları
sadalanan amillərin baş tutmasına imkan vermir.
Buna baxmayaraq, o, mülki əhalinin həyatına təhlükə törətsə belə,
terrorçu hücumların təşkil edildiyi ərazilərdə hərbi əməliyyatların
keçirilməsini, bununla da ABŞ-ın hazırda İraq və Suriyada İŞİD-ə
qarşı havadan hücumlarını dolayı yolla dəstəkləyib. İŞİD-ə qarşı
mübarizədə Bəşər Əsədlə əməkdaşlıq ideyasının Suriya prezidentinə
qarşı illərlə görülən işin fonunda qəbuledilməz olduğunu deyən
Kissincer bu məsələ ilə bağlı qabaqcadan Rusiya ilə dialoqun
aparılmalı olduğunu, Əsədin getmə məsələsinin əvvəldən qoyulmasının
yanlış olduğunu deyib.
Kissincerin fikrincə, İŞİD terrorçu təşkilatına qarşı hazırkı
müharibəyə ABŞ-da geniş ictimai dəstək var. Lakin müharibə davam
etdikcə nələrin baş verəcəyi bəlli deyil. Ona görə də müharibənin
nəticəsi barədə aydın təsəvvürün olması vacibdir.
Newtimes.az
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?