• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İlham Əliyevin mesajı budur

  • Nida.az
  • 20 Mart 2015 18:00
  • 697 Baxış
İlham Əliyevin mesajı budur

Ötən əsrin 30-cu illəri Amerika tarixinə “böyük depressiya illəri” kimi düşüb. İqtisadi böhranın tüğyan etdiyi cəmiyyəti təkcə Ruzveltin qeyri-ordinar qərarları xilas etmədi, həm də xalqın ruhundan doğan istəkləri sanki bir dirçəliş proqramına çevrilərək millətin nicat yolunu müəyyənləşdirdi. Eləcə də hər bir fərdin uğurlu həyat hekayəsinə qovuşmağa şərait yaratdı.

Əslində bir az kənara çıxaraq deyə bilərik ki, dünya siyasi okeanında hökmranlıq məhz belə qazanıldı. Ruzveltlə bərabər, tarixə düşən “amerikan arzusu” fenomeni mistik bir mahiyyət alaraq hər kəsi özünün cazibəsinə salmağı bacardı və həqiqətən səfərbərlik, birlik şüarlarının əvəzləyicisinə çevrildi.

Üstündən 20 il keçəcək və rəngləri normal insan kimi yaşamağa, adam kimi qəbul olunmağa haqq verməyən bir irqin lideri Martin Lüter Kinq dünyəvi inqilabların himninə, yaxud bütün məzlumların azadlıq marşına çevrilən “Mənim arzularım var” hayqıraraq indi Ağ Evdən dövləti yönləndirən sələfinin də yolunu açmış olacaqdı. Martin Lüter bir gün istismar olunanlarla ağaların bərabərlik masası arxasında əyləşəcəyinə dərin inamını ifadə edirdi. Bir neçə ildən sonra onun arzusu ümumxalq fikrinə və amerikan gerçəkliyinə döndü. Ona görə də bütün insanlar üçün yaşamaqdan və böyük ideallar uğrunda mübarizə aparmaqdan öncə onun şəxsi dünyasını təşkil edən istəklərin dəqiq coğrafiyasını müəyyənləşdirmək lazımdır.

Amerika arzusunu bəlkə də sadəcə zəhmət çəkmək, məqsədli olaraq çalışmaqla öz hədəflərinə qovuşacağına dərin inam təşkil etmir, eləcə də ideologiyaya, dövlətin müxtəlif planlarına qurban verilən insan modelinin qəbul olunmadığı aşkarca üzə çıxır. Sovet qurluşu adamları asanlıqla Böyük Vətən amallarına fəda edərdi. Vaxtilə yapon kamikadzesi belə bir xarakteri üzərində qərar tutmuşdu və milli geriliyə, özünüqəsdlə yox olmağa səbəb olurdu.

Siyahını uzatmaq olar. 2012 -ci ildə “gürcü arzusu” hərəkatı hakimiyyətə gələndə məni narıncıların hökmranlğına son qoyulmasından daha çox, Stalinin ərköyün həmvətənlərinin amerikalılardan əxz elədiyi Arzuların nədən ibarət olması düşündürürdü. Keçmiş sovet məkanında hamının heyrət və qibtə ilə izlədiyi bir xalq ona sovet mirası kimi qalan pisliklərin - korrupsiyadan səriştəsiz idarəçiləyədək - hamısını dəyişdirəndə gürcülər sadəcə şəxsi mənafelərə üstünlük verərək İvanişvilinin maliyyə ətəklərindən tutmuşdular. Buna görə onları qınamaq olar. Lakin vətəndaşları parıltılı və abstrakt şüarlar yox, real tələbatları və ehtiyacları daha çox hərəkətə gətirir, qərar qəbul etmədə həlledici rol oynayır.

Beləliklə, əziz məsləkdaşlar, bütün insanların əslində hər gün yerə çırpılan xəyallarından sonra da onların mətanətlə ayağa qalxıb təzədən arzularının arxasınca getdiyini görməkdəyik.

Azərbaycanlı arzusu bizim hər birimiz üçün vahid ola bilməz. İnsanlar təkcə torpaq, vətən anlayışları ilə yaşamırlar. Nə qədər ideallaşdırılsa da, hər kəsin öz Qarabağı var. Fərdlərin şəxsi rifahını, qanunlar qarşısında bərabərliyini, mülkiyyətinin müqəddəs bir dəyər kimi qorunmasını və hər kəsin qabiliyyətinə - dövlətin, xalqın büdcəsinə verdiyi töhfəyə görə ona uyğun səviyyədə yaşamasını təmin edən bir quruluşa sahiblənməliyik.

Novruz bayramı mənə daha çox “azərbaycanlı arzusu”nun miqyasını müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Bütün müharibə keçmişinə, istəklərinin gerçəyə çevrilə bilməməsi sindromuna baxmayaraq, bu ölkədə uğura doğru can atan hər kəsin qəbul etdiyi qənaəti hamımıza buyurmalıyıq. O da hər bir vətəndaşın layiqli həyat haqqının tanınmasıdır. Əks halda sadəcə xoşbəxtlər küçəsi “milyoçular məhəlləsi” deyib də bir qütbü digərindən ayıran coğrafiyalar qurmuş olacağıq. Elə isə “burası Azərbaycan” deyib bir klişe şəklində az qala bandit Peterburqu janrında bütün qanunsuzluqlara yaşıl işığın yandırıldığı məmləkət obrazı yaratmaq istəyənlərə “yox” deməyi bacarmalıyıq.

Dünən ölkə prezidentinin parlaq zəkasını Novruz tonqalı işığında müşahidə edərkən bir daha hamıya verilən mesajın məhz bu olduğuna əminliyim növbəti dəfə təsdiqini tapdı. “Azərbaycanlı arzusu”nu böyük Turandan, Türk Dünyasından götürənlərə deməliyik ki, insanların iş yerinə, ağlını, şüurunu, potensialını, fizki və əqli qüvvəsini ortya qoymağa daha çox ehtiyacı var. Şəxsi problemləri içində olan insanların “Qarabağı”nı həll edəndə, güclü vətəndaşı qarşımızda görəcəyik və onlar itirilmiş torpaqlara özləri qovuşacaqlar.

Azərbaycanı uğurlu insanların yurduna çevrimək lazımdır. Bəli, hər kəsin arzusu fərqlidir və onu zorən birləşdirmək olmaz. Millət naminə fərdlərdən keçmək anlayışı totalitarizmdə qaldı. Ona görə gəlin hamımız üçün yaxşı olanı arzulayaq ki, ideallarımız özümz üçün gerçək olsun!

Mübarək bayramlara çıxasınız, əziz azərbaycanlılar, istəkli soydaşlar!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR