Zahid Qaralov Gülər Əhmədovanın əfv olunmasından DANIŞDI
Bizi izləyin

Nida.az

Zahid Qaralov Gülər Əhmədovanın əfv olunmasından DANIŞDI

“Əgər içəridə məsələlər həll olunmursa, kiminsə əvvəlcədən “peyğəmbərlik” etməsini dərk edə bilmirəm”.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov sabiq deputat Gülər Əhmədovanın əfv olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.

YAP funksioneri Publika.Az-a açıqlamasında söyləyib ki, bu məsələ ilə bağlı mətbuatın yazdığı məlumatların 90 faizi əsası olmayan və şəxsi fikirlərdir. Z.Qaralov deyib: “Əgər içəridə məsələlər həll olunmursa, kiminsə əvvəlcədən “peyğəmbərlik” etməsini dərk edə bilmirəm”.

Z.Qaralov qeyd edib ki, Əfv Komissiyası ilboyu işləyir. Onun sözlərinə görə, Əfv Komissiyası yalnız təklif hazırlaya bilər: “Komissiyanın funksiyası budur. Əfv edən isə ölkə prezidentidir. Ona görə də heç kəs əvvəlcədən proqnoz verməməlidir ki, filankəsin adının qarşısında imza atılıb və sairə. Bu cür hallar yaxşı deyil. Mən burada heç kəsin adını çəkmək istəmirəm ki, kim nədir. Ümumiyyətlə, bizim müxalifət düz yolda deyil. Məlumatları təhrif olunmuş formada özlərinin düşündüyü kimi verirlər. Müxalifətin özü belə düşünür. Əfvlə və siyasi məhbus məsələsi ilə bağlı hər kəs öz istədiyi siyahını hazırlaya bilər. İndi mən də bir siyahı hazırlaya bilərəm. Ancaq bunun kimə nə aidiyyatı var? Dediyim odur ki, bizim mətbuat niyə bu cür boş məsələlərin dalınca qaçırlar? Bax mən bunu anlaya bilmirəm. Əgər kim siyahı hazırlayıb sensasiya hazırlayırsa, heç onların özləri belə həmin siyahıya inanmır. Sadəcə olaraq bununla onlar diqqəti cəlb etmək istəyirlər”.

Əfv Komissiyasının daim çalışdığını vurğulayan Z.Qaralov bunun demokratik proses olduğunu söyləyib: “Biz bu prosesin media ilə geniş ictimaiyyətə yayılmasına da ehtiyac görmürük. Heç bu proses barədə ümumi məlumat da vermirik. Bu kabinetdə aparılan işdir. Kimin nə ixtiyarı var ki, burnunu ora soxsun? Yaxud da Əfv Komissiyasında çalışan adamlara kim ixtiyar verir ki, gedib nəyisə elan etsin? Odur ki, nə isə sensasiya yaratmaq lazım deyil. Xalqı maarifləndirmək, xalqa kömək etmək lazımdır. Komissiyanın iclası ilə bağlı heç bir məlumat verilməməlidir. Bəzən elə deputatlar əfvlə bağlı elə ehtimallar irəli sürür ki, bilmirsən bu məlumatı haradan alırlar. Prezidentimiz ildə 3-4 dəfə əfv sərəncamı imzalayır. Bu proses tam normal gedir. Yoxsa kimsə deyir ki, filankəs siyasi məhbusdur, filankəs vicdan məhbusudur və sairə. Axı, harada yazılır ki, filankəs siyasi məhbusdur? Mənə dünya üzrə konkret ünvan göstərin ki, orada siyasi məhbus yazılsın. Bu, bizim bəzi adamların özlərindən uydurduğu fikirlərdir. Mən Avropa Şurasında da olanda soruşdum ki, siz siyasi məhbus nəyə deyirsiniz? İndiyədək hələ də bunun tərifini verən yoxdur. Axı, niyə insanların qəlbi ilə oynayırsınız? Bu dövlət güclü və möhkəm dövlətdir. Kimsə bizim qanunlara qarşı çıxmamalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm