Fatma Əliyeva: “Ermənistan işğaldan əl çəkməsə, öz əsgərləri dövlətə qarşı çıxacaq”
Bizi izləyin

Nida.az

Fatma Əliyeva: “Ermənistan işğaldan əl çəkməsə, öz əsgərləri dövlətə qarşı çıxacaq”

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyevanın Publika.az-a müsahibəsi.


- Son vaxtlar, cəbhədə erməni təxribatları artıb. Sizcə bunun arxasında dayanan səbəblər nədir?

- Ermənistan zaman-zaman Azərbaycana qarşı təxribat addımlarını gerçəkləşdirir. Bu baxımdan, cəbhədəki gərginlik o qədər də təəccüblü deyil. İrəvanın işğalçı rejiminin son dövrlər təxribatlara start verməsinin isə bir neçə səbəbi var. İlk növbədə, bu ölkədə aclıq yaşanır. Sadə ermənilər sosial baxımından çətin vəziyyətdədir, insanlar bir parça çörək üçün xaricə üz tutur. Bir qrup monopolist tərəfindən Ermənistan çapıb-talanır, iqtisadiyyat məhv olub. Buna görə də İrəvan rejimi daim təxribat xarakterli addımlar atmaqla diqqəti cəbhəyə yönəldir və nəzərləri daxili vəziyyətdən yayındırır.

Digər bir səbəb, qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlıdır. Hər il aprel ayı ərəfəsində biz belə təxribatların şahidi oluruq. Lakin artıq dünya erməni yalanlarına inanmır.

Daha bir səbəb isə Ermənistan əsgərinin könüllü şəkildə Azərbaycan tərəfinə keçməsidir.


- Sizcə, erməni əsgərinin belə bir addım atması bu ölkədəki vəziyyətin açıq şəkildə nümayişi deyilmi?

- Əlbəttə, Ermənistan əsgərinin çətin vəziyyətə görə könüllü sürətdə Azərbaycan tərəfinə keçməsi isə bu ölkənin iflasının açıq şəkildə nümayişi idi. Həmin əsgər oradakı acınacaqlı vəziyyətdən danışdı, onun kimi neçə insanın olduğunu bildirdi. Bu, düşmən ölkənin düşdüyü vəziyyətin bariz nümunəsidir. Lakin hakim rejim həmin əsgərin atasını həbs etməklə, digərlərinin belə addım atmasının qarşısı almaq istəyir. Yəni, digər əsgərlərə belə edəcəyiniz təqdirdə, ailəniz məhv ediləcək görkünü verirlər.

- Proseslər göstərir ki, Ermənistanın işğal siyasəti artıq əks effekt yaradır və sadə vətəndaşlar buna qarşıdır.

- Təbii ki, heç bir ağıllı insan onun olmayan torpağı işğal etdiyi üçün illərdir aclıq çəkməyə razı olmaz. Əminəm ki, bu fikir Ermənistan cəmiyyətində kütləvi şəkildə yayılıb. Lakin onlar hakimiyyətin repressiyalarından qorxurlar.

Ermənistan bu gün məğlub olan tərəfdir. Azərbaycan torpaqlarını işğal edib, lakin işğalçı dövlət bununla özünü uçuruma yuvarladıb. Bu gün Azərbaycan regionda lider ölkədir, bütün beynəlxalq layihələr rəsmi Bakını təşəbbüsü və iştirakı ilə gerçəkləşir. Azərbaycan iqtidarı öz vətəndaşının qayğısına qalır, ən yüksək səviyyədə sosial rifah təmin olunur. Heç Avropanın bir çox ölkəsində vətəndaşa bu cür münasibət yoxdur.

İşğalçı dövlət isə səfalət içindədir və bunun yeganə səbəbi Azərbaycan torpaqlarının işğal edilməsidir.

Bu gün Azərbaycanın güclü ordusu var və bu ordu işğal olunmuş torpaqlarımızı hər an azad edə bilər. Lakin rəsmi Bakı müharibənin yox, sülhün tərəfdarıdır. Buna görə də hələlik danışıqlar yolunu seçib. Amma Ermənistan danışıqları daim pozur və qeyri-konstruktiv mövqe nümayiş etdirir. Əslində, bu cür həyasız yanaşma Ermənistanın özünün ziyanına işləyir. Hesab edirəm ki, bu ölkənin məhvi yaxındadır. Ermənistan işğaldan əl çəkməsə, onun öz əsgərləri dövlətə qarşı çıxacaq. Bunu Azərbaycan tərəfə könülü keçən erməni əsgərinin dediklərinə istinadən proqnozlaşdırmaq mümkündür.

- Siz Azərbaycanın inkişafından danışdınız. Necə hesab edirsiniz, bu inkişafın əsasında nə dayanır?

- Xalq-iqtidar birliyi, ölkə rəhbərinin ağıllı və dövləti düşünən siyasəti. Bu gün dünyada Azərbaycan Prezidenti kimi dövlət rəhbərləri azdır. Yəni ərazi bütövlüyünün pozulmasına rəğmən, Azərbaycan dünyanın sürətlə inkişaf edən ən az dövlətləri sırasındadır. Dövlət başçısı gecə-gündüz öz vətəndaşının rifahını, dövlətin güclü olmasını və ərazi bütövlüyümüzün bərpası istiqamətində çalışır. Bu gün insanların rahat yaşaması, sabitliyin olması birbaşa dövlət başçısının apardığı siyasətə söykənir. Məhz buna görə də Azərbaycan müxalifəti zəifdir. Yəni iqtidarın apardığı uğurlu siyasət əhalinin ona inamını hər keçən gün artırır. Buna görə də müxalifət təbii olaraq zəif qalır. Son illər bir çox müxalifətçinin partiyalardan istefa verməsi, hakim partiyanı dəstəkləməsi də bu səbəblərdən doğur. İnsanlar daha güclü və daha ağıllı partiyada təmsil olunmaq istəyir.


- Müxalifətin hazırki vəziyyətə düşməsinin digər səbəbləri nədir?

- Bu gün iqtidara ciddi alternativ olacaq hansısa müxalifətdən danışmaq mənasızdır. Müxalifətdə olan bütün partiyaların elektoratını bir yerə cəmləsək, heç 10 min insan olmaz. Hansı ki, onların bir yerdə olduğu zaman mitinqə çıxardığı insanların sayı bundan qat-qat aşağı olurdu. 20 ildir kreslolardan yapışıb qalan müxalifət liderlərinin dövrü artıb bitib. Bunu öz müavinləri, silahdaşları da etiraf edir. Misal üçün, Milli Şura mitinq keçirdi. Bu mitinq deyildi, şou idi. Hesab edirəm ki, hazırki müxalifət partiyalarının liderləri siyasətdən getməli və daha konstruktiv, daha ağıllı gənclərə şərait yaratmalıdır. Əks təqdirdə, zaman və xalq onları möhkəm yapışdığı kreslosundan salacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm