“Deyirlər ki, sənin heç bir səlahiyyətin olmasın və biz ölkəni talayaq” - Müsahibə
Bizi izləyin

Nida.az

“Deyirlər ki, sənin heç bir səlahiyyətin olmasın və biz ölkəni talayaq” - Müsahibə

Yanukoviçin iki yolu qalırdı: Ya qaçmaq, ya da əzmək. O, qərara alır ki, əzmək qaçmaqdan daha yaxşıdır. İndiki halda dinc nümayişçilər ifadəsi çox gülünc görünür.

Ukraynada vəziyyət yenidən gərginləşib. Dünən paytaxt Kiyevdə baş verən qarşıdurmalarda 25 nəfər ölüb, təxminən 350 nəfər isə yaralanıb.

Publika.Az –a müsahibəsində politoloq Zərdüşt Əlizadə silahlı qarşıdurmanın səbəbləri, hadisələrin inkişaf istiqaməti və digər məsələlərlə bağlı fikirlərini bildirib.

-Ukrayna müxalifətinin liderləri Almaniya kansleri Angela Merkel ilə görüşdən qayıdan kimi çoxsaylı insan ölümü ilə nəticələn qarşıdurmalar baş verdi. Bu iki hadisə arasında hansısa əlaqəni görmək mümkündürmü?

-Müxalifət liderlərinin Almaniya səfərindən əvvəl prezident Viktor Yanukoviç Vladimir Putinlə görüşdü. Sadəcə olaraq, baxmaq lazımdır ki, hadisələr necə gedir. Hadisələrin mahiyyəti çox aydındır. Ukrayna oliqarxları iki qrupa bölünərək hakimiyyət uğrunda mübarizə aparırlar. Təbii ki, ortaya sadə camaatı salıblar. Yanukoviçin əlində güc alətləri olan ordu və milis var. Ordu müdaxilədən çəkinsə də milis Maydandadır. Müxalifət də oliqarxların pulu ilə Maydana xeyli sayda adam yığa bilib. Deyirlər ki, biz Avropaya gedirik. Avropa isə onları gözləmir, Avropanın onlara verəcəyi heç nə yoxdur. Avropanın özü böhran içindədir. Mənasız şüarlarla insanları toplayıblar və üç aydır ki, onları pulla Maydanda saxlayırlar. Şübhəsiz ki, onların içində həqiqi vətənpərvərlər və demokratik idealistlər də var. Amma orada mitinqi özlərinin peşəsinə çevirmiş insanlar üstünlük təşkil edir. Üzeyir Hacıbəyovun hamının yaxşı tanıdığı “O olmasın, bu olsun” musiqili komediyası var.

Orada Sərvərə qoçular deyirlər ki, aç qapını səni öldürək. Ukrayna müxalifəti də indi Yanukoviçə deyir ki, 2004-cü il Konstitusiyasına qayıdaq, sənin heç bir səlahiyyətin olmasın və biz ölkəni talayaq, büdcəni cibimizə axıdaq. Yanukoviç isə bununla razı deyil. 45 milyonluq xalq Maydanda deyil, burada maksimum 100 min adan toplanıb. Müxalifət Maydanın adından prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanunun qəbulunu tələb edir. Yanukoviç isə bu tələbi qəbul etmir. Müxalifət qərara alır ki, parlamentə təzyiq etsin və Maydandan bir qrup parlamentə hücum edir. Əgər parlament tutulsa, Yanukoviç artıq çıxıb getməlidir. Belə bir şəraitdə Yanukoviç qərara alır ki, parlamentə hücum edənləri geri qaytarsın. Müxalifətə də elə bir lazım idi. Milislə qarşıdurmalarda ölənlər və yaralananlar olur, Yanukoviç isə qaniçən adlandırılır. Yanukoviçin iki yolu qalırdı: Ya qaçmaq, ya da əzmək. O, qərara alır ki, əzmək qaçmaqdan daha yaxşıdır. İndiki halda dinc nümayişçilər ifadəsi çox gülünc görünür.

-Məqsəd doğrudanmı, Avropaya getməkdir?

-Yenə deyirəm, Ukraynada oliqarxların iki qrupu xalqın mənafeyi üçün deyil, özlərinin maraqları üçün vuruşur. Camaat da hadisələrin mahiyyətindən xəbərdar deyil. Ukrayna coğrafi baxımdan Avropadır. Heç kəs də Ukraynanı Avropadan çıxarıb Afrikaya, Asiyaya və Amerikaya göndərə bilməz. İkincisi, Ukrayna tarix və mədəniyyət baxımından Avropadan tamamilə fərqlənir. Həyat səviyyəsi, siyasi mədəniyyət baxımından Ukrayna Avropa deyil. Maydan hadisələri də bunu göstərdi. Elə isə nə üçün “Avropa” deyərək qışqırırlar. 1988-ci ildə Azərbaycanda bağırırdılar ki, Sumqayıtdakı zavodlar bağlanılsın. Zavodlar bağlandı, işçilər isə küçələrə töküldü. Yəni, əbləh şüarlar heç də göstərmir ki, xalq düz deyir. Xalqın ümumi səviyyəsi aşağıdır, xalqı idarə edirlər. Ukraynanın iqtisadiyyatı, elmi və sənayesi Rusiya ilə bağlıdır. Rusiyanın özü bərbad haldadır, Ukrayna ilə birlikdə tənəzzülə uğrayır. Avropada kapitalizmdir, kapitalist isə həmişə mənfəət axtarır.

-Kiyevdə silahlı qarşıdurmanın olması ehtimalı yüksək olsa da, bunun ən azından Soçi Olimpiya Oyunlarından sonra baş verəcəyi gözlənilirdi...

-Gərginliyi yaradanlar bəlkə də müxalifət liderlərinin sözünə baxmayanlardır. Onlardan biri də “Sağ sektor” adlanan qrupdur. Məsələn, Azərbaycanda da Xalq Cəbhəsi ilə hesablaşmayan, qan tökməyə meylli olan satqın radikallar var idi. Onlar xalqı tankın altına verərək istəklərinə nail oldular. Ondan sonra isə Xalq Cəbhəsinin başına bir daş düşdü və bir hərəkat kimi məğlub olduq. Ukraynada da eyni proseslər baş verir. Amma Yanukoviç hələlik möhkəm dayanıb və hadisələri nəzarətdə saxlayır.

-Qeyd etdiniz ki, Ukrayna oliqarx qrupları arasında mübarizə gedir. Bəzi iddialarda isə Yanukoviçin ətrafındakı bəzi oliqarxların Qərbin sanksiyaların qorxaraq qarşı tərəf keçdiyi bildirilir...

-Keçib nə edəcəklər? Avropa onlara zəmanət verəcəkmi ki, kriminal kapitallarına toxunmayacaq? Avropa ilk olaraq onların kapitallarını müsadirə edəcək. Kiprdə 16 milyard dollarlıq maliyyə böhranı oldu və Rusiya oliqarxlarının 8 milyard dollarını müsadirə etdilər. Ukraynalı oliqarxların ümidlərini Avropaya bağlaması əbəsdir.

-Hadisələrin bundan sonrakı inkişafını necə proqnozlaşdırırsınız?

-Hakimiyyətə istər müxalifət gəlsin, istərsə də hazırkı hakimiyyət qalsın, heç kəs Ukraynanın iqtisadi problemlərini həll etməyəcək. Ölkə iflas ərəfəsindədir, Ukraynanın kredit reytinqi sıfır səviyyəsindədir. Ölkənin valyuta ehtiyatları cəmi 17 milyard dollardır və bu 45 milyon əhalisi olan bir ölkə üçün qəpik-quruş deməkdir. Doqquz milyonluq Azərbaycanın valyuta ehtiyatları 60 milyard dollardan artıqdır. Hakimiyyətə gələn heç kim xalqa nəlbəkidə səadət gətirməyəcək.

-Heç çıxış yolu yoxdurmu?

-Razılaşma olmalıdır, amma buna da ümid çox azdır. Hər iki tərəf çox tamahkardır. Hakimiyyət əldə olanı vermək istəmir, müxalifət isə hakimiyyətin əlindəkini onun əlində almaq istəyir. Vuruşacaqlar və çox güman ki, Yanukoviç indiki mərhələdə qalib gələrək Maydanı dağıdacaq. Ondan sonra isə xalqın problemlərini həll etməyə çalışacaq. Amma bu uzun bir prosesdir. Xalq bu müddətdə dözəcəkmi? Xalqı asan həllərlə aldadırlar və xalq da nağıllara inanır. Hər halda yaxın 5-10 ildə Ukraynanın ağır bir keçid dövrünü yaşayacağını gözləyirəm.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm