Rəsmi şəxslərin adından kimlər saxta profil açır?
Bizi izləyin

Nida.az

Rəsmi şəxslərin adından kimlər saxta profil açır?

"Əgər kiminsə adından əlavə profil yaradılıbsa, sözsüz ki, bu tezliklə ortaya çıxacaq”-deyə ekspert bildirib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adına “Facebook”da daha bir saxta profil açıldığı məlum oldu. Günün birinci yarısında belə bir xəbər yayıldı: “Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev öz “Facebook” səhifəsində “Sovetski”dəki evlərin sökülməsilə bağlı yaranmış vəziyyətdən yazdı”.

İddia edilirdi ki, R.Mehdiyev ötən bazar günü keçirilən etirazlardan sonra dövlət rəsmiləri ilə narazı sakinlərin bu gün keçirilən görüşündən və hökumətin əhaliyə ödəyəcəyi məbləğdən söz açıb.

PA rəhbəri “Facebook”a qoşulmasından sonra onun səhifəsi medianın diqqətindədir. Bu baxımdan qabağa düşmək istəyən jurnalistlər dərhal bu sözləri xəbər çevirdilər. Halbuki Ramiz Mehdiyevin rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/mehdiyevramiz?fref=ts ) bu açıqlama yox idi. Demək, bu da növbəti saxta məlumatlardan biri idi.

Sözügedən açıqlama da məhz bu saxta profildə https://www.facebook.com/Mehdiyev.R?fref=ts) yayımlanıbmış.

Qeyd edək ki, PA rəhbərinin adına saxta profillər bir deyil, bir neçədir: https://www.facebook.com/ramiz.a.mehdiyev?fref=ts, https://www.facebook.com/ramiz.mehdiyev.35?fref=ts

Təəssüf ki, ə dövlət rəsmilərinin adından saxta profillər hazırlamaq, onların yerinə belə açıqlamalar yaymaq son zamanlar tendensiya halını alıb. Bundan öncə Prezident Administrasiyasının İctimai məsələlər şöbəsinin müdiri Əli Həsənov, daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov və digər dövlət rəsmilərinin saxta profillərinə rast gəlinib.

Media üzrə ekspert Ələsgər Məmmədli bildirir ki, kiminsə adından saxta profil yaratmaq məsuliyyət yaradır. Onun sözlərinə görə, bunun çıxış yollarından biri “Facebook” rəhbərliyinə müraciət etməkdir: “İkinci və son yol isə məhkəməyə müraciət etməkdir. Əgər birinci yola alınmırsa, ikinci yolu tutmaq olar. Bu hüququ qanun tanıyır”.

Ekspert qeyd edib ki, əgər saxta profildən şantaj məqsədi üçün istifadə edilirsə, o zaman məsələni hüquq-mühafizə orqanları səviyyəsində həll etmək olar. Onun sözlərinə görə, saxta profili yaradanın tapılması üçün lazımi texnikalar var və bunu müvafiq orqanlar həyata keçirə bilirlər.

Milli İnternet Forumunun rəhbəri Osman Gündüz də bu deyilənlər razılaşır. “Əgər kiminsə adından əlavə profil yaradılıbsa, sözsüz ki, bu tezliklə ortaya çıxacaq”-deyə ekspert bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm