• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Keçmiş döyüşçü, 4 uşaq atası, ingilis, alman, afrikalı – İŞİD-ə qarşı kürd legionu

  • Nida.az
  • 29 Mart 2015 18:06
  • 1 675 Baxış
Keçmiş döyüşçü, 4 uşaq atası, ingilis, alman, afrikalı – İŞİD-ə qarşı kürd legionu

Avropanın bir çox ölkəsindən İŞİD sıraları ilə yanaşı, ona qarşı döyüşən kürdlərin YPG (Xalq Müdafiə Birliyi) dəstələrinə də qoşulanlar var.

Publika.az xəbər verir ki, YPG sıralarında ABŞ, Avstraliya, İngiltərə və Vyetnam başda olmaqla 150-yə yaxın xarici döyüşçü vuruşur.

Onlar İŞİD-ə qarşı döyüşməyi insanlıq vəzifəsi hesab edir və internetdə yaratdıqları profillər üzərindən yardımlar toplayaraq kürdlərin nəzarətində olan Rojova bölgəsinə gedirlər.

“Habertürk” YPG-yə qoşulmaq üçün pul toplayanların fikirlərini öyrənib.

Almaniyada doğulan İngiltərə vətəndaşı 31 yaşlı Stevan von Steinberg YPG-yə qoşularaq İŞİD-ə qarşı döyüşməyə hazırlaşır. O, bunun üçün pul toplayır.

“Keçmiş əsgərəm. 2000-2009-cu illərdə ingilis ordusunda xidmət etmişəm. İndi bir fabrikdə işləyirəm. Getdikcə böyüyən İŞİD-lə mübarizəyə necə töhfə verə biləcəyimi düşündüm. Maliyyə vəziyyətim o qədər də yaxşı deyil. Sahib olduğum tək şey uzun illər münaqişəli bölgələrdə əsgəri xidmət keçməyim və təcrübəmdir. Bu bacarıqlarımı İŞİD-ə qarşı müharibədə istifadə etmək istəyirəm”, - deyə o bildirir.

İngiltərədə yaşayan 4 uşaq atası 44 yaşlı Kollin Rutterford da Rojova bölgəsinə getməyə hazırlaşır: “İŞİD sadəcə Yaxın Şərqin problemi deyil. Amerika və İngiltərə hökumətləri İŞİD-ə qarşı savaşmaq üçün kürdləri və xristianları tək qoyub. Mən həm öz uşaqlarımın, həm də bütün uşaqların sülh içində bir dünyada yaşamaq haqlarına inanıram. Kürd uşaqların yaşadığı dərdləri özümə yaxın hesab edirəm. Onlar da sülh içində oyun oynaya bilməlidir. İŞİD radikal addımlarında artıq uşaqlardan da istifadə edir. Ora getmək üçün təyyarə biletinə və pula ehtiyacım var”.

Daha bir ingilis Ceymi Hatton da YPG-yə qoşulmaq üçün pul toplayır.

“İŞİD hər gün dünyanın müxtəlif yerlərindən öz sıralarına döyüşçü toplayır. O bölgədə yaşayan insanlar risk altındadır. Bir müddətdir dünya ictimaiyyəti İŞİD-lə mübarizə üçün çox şey edir, amma bu yetərli deyil. Toplayacağım pul, ediləcək hər yardım müharibə bölgəsindəki insanlara veriləcək”, - deyə o, niyyətini bu cür açıqlayır.

YPG sıralarında üç ay Rojovada döyüşən amerikalı Dean Parker İŞİD-dən qaçan yezidi kürdlərin Sincar dağında yaşadığı dramı televizordan izlədikdən sonra bu addımı atdığını deyir. O, ABŞ-da bir müddət inşaatda, bir müddət də restoranlarda işləyib: “Bölgədən ötən ay qayıtdım. Orda mənzərə qorxuludur. İŞİD qadın, kişi, gənc, yaşlı demədən qəddarlıqla qətliamlar törədir. Yüzlərlə insanı öldürdülər. Evlərini və şəhərlərini məhv etdilər. Rojovaya getmək qərarına gəlməyimə ən çox bunlar səbəb olub. Getməmişdən öncə silahı tutmağı belə bacarmırdım. YPG-də mənə təlim keçdilər və artıq bir əsgərəm”.

İki uşaq atası olan Parker təkrar bölgəyə getmək istədiyini bildirib.

“Orda çoxlu dostlarım var”, - deyə o qeyd edir.

Məlumatlara görə, YPG sıralarında İŞİD-ə qarşı döyüşən əcnəbilər arasında münaqişədə öldürülənlər də var. Misal üçün, avstraliyalı Aş Conston fevral ayında İŞİD-lə silahlı atışmada öldürülüb. Conston YPG sıralarına qoşulan ilk əcnəbi döyüşçü olub. İngilis Konsrandinos Erik Skurfild də martın 2-də Til Berakda baş verən qarşıdurmada həyatını itirib. Onun nəşi İngiltərədə dəfn olunub.

Afrika əsilli Almaniya vətəndaşı İvana Hoffman da Til Temirdə martın 7-də öldürülüb. Holland Riçard Yansen isə Şengalda İŞİD-ə qarşı döyüşərkən yaralanıb və ölkəsinə qayıdıb. Amerikalı döyüşçü Mettyu Kovolski də yaralanan legionerlər arasındadır.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR