• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müsavatda namizədlik davası böyüyür: ADR-çilər üçün ciddi təhlükə

  • Nida.az
  • 30 Mart 2015 16:59
  • 313 Baxış
Müsavatda namizədlik davası böyüyür: ADR-çilər üçün ciddi təhlükə

ADR-də təmsil olunan müsavatçıların deputatlığa namizədliklərinin irəli sürülməsi Müsavat Partiyasında birmənalı qarşılanmayıb.


ADR İdarə Heyətinin üzvü Vurğun Əyyubun Suraxanı rayon təşkilatı tərəfindən parlament seçkilərinə namizəd göstərilməsinin ardından, partiyanın Qadınlar Birliyi digər ADR təmsilçisi Ellada Məmmədlini Xətai rayonu üzrə namizəd göstərib.


E. Məmmədli Publika.az-a açıqlamasında bildirib ki, namizədliyinin irəli sürülməsi onun üçün gözlənilməz olub: “Mən ADR-də təmsil olunuram və çıxışlarımdan sonra Qadınlar Birliyinin mənim namizədliyimi irəli sürməsi gözlənilməz oldu. Lakin qərar verilib və mən buna qarşı çıxsaydım belə, bir səslə azlıqda qalacaqdım”.


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə Publika.az-a açıqlamasında tələsməməyi tövsiyə edib.


“Müsavat Partiyasının deputatlığa namizəd siyahısı hələ hazırlanmayıb. Hazırda bu haqda danışmaq da tezdir. Buna görə hər şey nizamnamə çərçivəsində həll olunacaq”, - deyə o bildirib.


Bu arada Arif Hacılının müavini Elman Fəttahın “facebook”dakı qapalı Müsavat qrupunda yazdığı fikirlər ADR-də təmsil olunan müsavatçılar üçün gələcək təhlükədən xəbər verir.


“Anti-müsavat fəaliyyətinə görə xəbərdarlıq almış Ellada Məmmədli bundan nəticə çıxartmayıb. Rifah deyilən təşkilatın rəhbərliyində olan şəxslər Müsavat üzvü qalmayacaqlar. Özünə hörmət edənləri istefa verəcək, digərlərinin isə partiyadan xaric olunmaları məsələsinə müvafiq strukturlar baxacaq”, - deyə o bildirib.


Ehtimallara görə, hazırda hədəfdə olanlar namizədlikləri irəli sürülən Vurğun Əyyub və Ellada Məmmədlidir.


Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli isə V. Əyyubun deputatlığa namizədliyini irəli sürən Suraxanı rayon təşkilatını sərt tənqid edib.


“Artıq 6 aydır Suraxanı rayon təşkilatının rəhbərliyi sabotajla məşğuldur, partiyanın qərarlarını icra etmir, üzvlük haqqını ödəmir. Nümayişkaranə şəkildə Sədrlər Şurasına, Məclisə qatılmırlar, partiya ilə əlaqəni tamamilə kəsiblər. Bütün bunlar partiyanın nizamnaməsinə tamamilə ziddir.

Müsavatın qərarlarını icra etməyən və nizamnamə tələblərini yerinə yetirməyən təşkilatlar haqqında tədbirlər görülür və yəqin ki, bu məsələyə də baxılacaq. Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin də səlahiyyət müddəti artıq keçən il başa çatıb və onlar mütləq konfrans keçirərək nizamnamə tələbinə uyğun olaraq yeni sədr seçməlidirlər”, - deyə o bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR