Razi Nurullayev: “Əli Kərimlini niyə tənqid etməməlidirlər?”
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Əli Kərimlini niyə tənqid etməməlidirlər?”

AXCP Gənclər Komitəsinin üzvləri Ehtiram Mehdiyev, Cavid Musazadə və Kamandar Hüseynov partiyadan uzaqlaşdırılıb. Yayılan məlumatlara görə, buna həmin gənclərin AXCP sədri və yaxın ətrafının siyasətini tənqid etmələri səbəb olub.


Publika.az xəbər verir ki, AXCP sədrinin keçmiş müavini, tənqidə dözümsüzlüyə görə partiyadan gedən Razi Nurullayev məsələyə münasibət bildirərkən bu partiyada tənqidin qadağan olunduğunu deyib: “Gəncliklə savaşanlar məğlub olur. Partiya içində sənin siyasətini tənqid edənlərlə yox, hakimiyyətlə mübarizə aparmaq lazımdır. Günümüzün gəncliyi fərqlidir. Onların hamısını zombiləşdirmək və beynini yumaq mümkün deyil. AXCP sədrini və yaxın ətrafının siyasətini tənqid edən Ehtiram Mehdiyev, Cavid Musazadə və Kamandar Hüseynov partiyadan uzaqlaşdırılıb. Səbəb obyektiv tənqiddir. Amma onlar AXCP-də tənqidin qadağan olunduğunu unudublar. Səmərəli təklif vermək və onu keçirmək mümkün deyil. Təklif yalnız partiyanın inkişafına yox, həm də sədrin maraqlarına cavab verməlidir”.


R. Nurullayev qeyd edib ki, Əli Kərimli də məğlub olacaq.


“Çünki o, gəncliklə və onu obyektiv tənqid edənlərlə savaş yolunu seçib. Partiya resursları onun özünə və seçdiyi ətrafına xidmət edir. Partiya üzvləri və təəssübkeşlərinin çalışmaq üçün hansı stimulu və motivasiyası var? Sədri tərifləmək və onun dediklərini qeyd-şərtsiz yerinə yetirmək insan üçün stimul ola bilərmi? Axı bu insanlar bir parça çörək üçün, ailəsini dolandırmaq üçün səy göstərir və bir çoxları ailəsindən çox partiyaya əmək sərf edir. Onların tənqid etmək və fərqli fikir söyləmək hüququ ola bilməzmi? Axı onlar cəsarətlə YAP-ı, dövlət başçısı İlham Əliyevi tənqid edirlər, Əli Kərimlini və onun ətrafında çirkin oyun qurub gözünə girənləri niyə tənqid etmək olmaz?”, - deyə o bildirib.


Keçmiş sədr müavini həyatını partiyaya sərf edənlərin, canını bu yolda fəda edənlərin üzərinə qışqırmaq, onları istismar etmək partiya rəhbərliyinə yaraşmadığını deyib: “Məni günahlandırırlar ki, niyə televiziyalara çıxdın? İstefa etdiyim gün media vasitəsilə Əli Kərimliyə müraciət etdim ki, heç bir televiziyaya çıxmıram və mətbuata danışmıram. Amma “Azadlıq” qəzeti və “Azərbaycan saatı” mənə efir versin. Amma vermədilər. O zaman özümü müdafiə etmək və qorumaq üçün mənə açılan imkan pəncərəsindən niyə imtina etməliydim? İndi gəncləri partiyadan çıxarırsınız, onları susdurmaq yolunu tutursunuz. Müxalifət adını ləkələməyin. Buraxın, xalq başına çarə qılacaq. Çəkilin xalqın önündən. Fərqli fikrə dözümlü yanaşın”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm