• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Pan Gi Mun Azərbaycana gələcək

  • Nida.az
  • 1 Aprel 2015 11:51
  • 278 Baxış
Pan Gi Mun Azərbaycana gələcək

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov martın 31-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun ilə görüşüb.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı çərçivəsində baş tutub.


Azərbaycan Prezidentinin salamını baş katibə çatdıran Əli Həsənov konfransa dəvətə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının vəziyyətini yaxşı başa düşür.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbərinin də konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olması buna sübutdur. AIDA vasitəsi ilə Azərbaycan hökuməti həm Suriya qaçqınlarına, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına öz yardımını davam etdirəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında BMT-nin baş katibinə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ermənistan isə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur.

Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsinə baxmayaraq, son 10 ildə ölkənin böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran Əli Həsənov deyib ki, bu illər ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endirilib, 1 milyon 300 min yeni iş yeri açılıb. Azərbaycan BMT-nin meyarlarına əsasən sürətlə inkişaf edir. Bizim məqsədimiz isə inkişaf etmiş ölkəyə çevrilməkdir.

Sonda Əli Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib. Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini söyləyib. Eyni zamanda, qeyd edib ki, may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcək. Pan Gi Mun bir neçə dəfə Prezident İlham Əliyev ilə görüşdüyünü bildirərək onun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. O, salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Baş katib Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəyini bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR