KXCP-nin namizədi kim olacaq? – klassiklərin çətin hazırlığı
Bizi izləyin

Nida.az

KXCP-nin namizədi kim olacaq? – klassiklərin çətin hazırlığı

Klassik Xalq Cəbhəsi Partiyası bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərilə yanaşı, özünün 3-cü qurultayına hazırlaşır.

Bu barədə Publika.az-a açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə yerlərdə hesabat-seçki yığıncaqları keçirilir:

“Başda partiya sədri olmaqla, sədr müavinləri, İdarə Heyətinin üzvləri rayonlarda olurlar, iclaslarda iştirak edirlər. Azərbaycan boyu zona müşavirələri keçirilir, təşkilatlanma işi gedir. Həmçinin bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədlərin müəyyənləşməsi gedir. Çalışırıq ki, seçki dairələrindən səs ala biləcək şəxslərin namizədliyini irəli sürək. Namizədlərimiz əsasən partiya üzvlərindən, rayon şöbələrimizin rəhbərləri və nümayəndələrindən ibarətdir. Millətdən mandat ala biləcək namizədlərimizin müəyyənləşməsini arzulayırıq. Bu olmayacağı təqdirdə belə heç bir seçki dairəsini boş buraxmaq istəmirik. KXCP-nin qəbul etdiyi və partiyamızı qəbul edən, bitərəf şəxslər, ziyalılar, yaxud başqa partiya nümayəndələri KXCP-nin namizədi ola bilər”.

KXCP-nin “Azadlıq-2015” seçki blokunda təmsil olunduğunu xatırladan X. Teyyublu əlavə edib ki, o yerdə ki partiyanın namizədi olmayacaq, 8 partiyanın təmsil olunduğu blokun namizədini müdafiə edəcəklər.

Mirəlioğlunun namizədliyi bəlli deyil

Onun sözlərinə görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun bir neçə dairə üzrə namizədliyi üzərində dayanılıb: “Bu dairələr ətrafında müzakirələr gedir. Seçkiyə yaxın müddətdə dəqiqləşmə aparıb Mirmahmud bəyin hansı dairədən namizədliyini irəli sürəcəyini açıqlayacağıq. Bir neçə seçki dairəsini gözaltı etmişik. Tək Sumqayıt yox, Azərbaycanın istənilən seçki dairəsindən namizədliyi irəli sürsə, Mirmahmud bəy qalib olar. O, xalq tərəfindən qəbul edilən şəxslərdən biridir. Götür-qoy edəndən sonra qərar veriləcək”.

O, KXCP sədr müavinlərinin namizəd olacağını da deyib. Özünün isə 20 saylı Nərimanov seçki dairəsindən namizəd olacağını açıqlayıb: “Düzdür, partiyada hələ müzakirələr gedir, amma bu dairədən namizədliyimi irəli sürmək istəyirəm”.

Pənah Hüseyn KXCP-dən namizəd olur?

X. Teyyublu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin KXCP-dən namizəd olacağı barədə yayılan xəbərə də aydınlıq gətirib: “2010-cu ildə parlament seçkilərinə Azərbaycan Xalq Cümhuriyyəti bloku ilə qatıldıq. O zaman Pənah Hüseyn həmin blokdan namizədliyini irəli sürmüşdü. Bu il də Azərbaycan Xalq Partiyası ilə eyni blokdayıq. Pənah bəyin hansı seçki dairəsindən namizəd irəli sürülməsi “Azadlıq-2015” seçki blokunda müzakirədədir. Hansı dairədən namizəd olacaqsa, KXCP Pənah Hüseyni müdafiə edəcək”.

“Partiyada Mirmahmud bəyə rəqib görmürəm”

KXCP funksioneri əlavə edib ki, partiya qurultayını parlament seçkilərindən qabaq keçirməyi planlaşdırırlar: “Təşkilatlanma işi və nizamnamə baxımından bunu məqbul sayırıq. Yerlərdə rayon şöbələrinin konfranslarının yarıdan çoxu keçirilmiş sayılarsa, partiya Ali Məclisi çağırıb qurultayın gününü təyin edəcək. Hələ yarıya çatmamışıq, proses gedir”.


Partiya sədrliyinə iddialılara gəlincə, KXCP nizamnaməsinə görə yalnız qurultay günü sədrliyə namizədlər irəli sürülür. X. Teyyublu qeyd edib ki, namizədlər qurultay günü bəlli olur: “Orada say komissiyası yaradılır, namizədlər elan olunur və seçki keçirilir. Hazırki siyasi vəziyyətdə Mirmahmud bəyə rəqib görmürəm. O, Azərbaycan siyasətində sözünü deməyi bacaran şəxsdir və sədr kimi partiyamıza lazımdır”.

KXCP rəsmisi ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarına boykot çağırışlarına məhəl qoymadıqlarını da dilə gətirib: “Ölkənin tanınmış idmançılarından biri olmuşam, fikrimcə, bütün idman yarışları müdafiə olunmalıdır. İdman yarışları həmişə ölkəyə ucalıq gətirir. Əlbəttə, Azərbaycan öz gücünü, sistemini və baxışını ortaya qoyur, bunu normal qəbul etmək lazımdır. Bacardıqca bu idman yarışlarını keçirmək lazımdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm