Azərbaycana keçən erməni əsgərin atası: “Onu döyürdülər”
Bizi izləyin

Nida.az

Azərbaycana keçən erməni əsgərin atası: “Onu döyürdülər”

Azərbaycan tərəfinə könüllü olaraq təslim olan erməni əsgər Andranik Qriqoryanın atası Artur Qriqoryan oğlunun xidmət etdiyi hərbi hissədə incidildiyi üçün bu addımı atdığını deyib.


Publika.az xəbər verir ki, erməni əsgərin atası “armtoday.info”-ya açıqlamasında bir sıra iddialara cavab verib. O, A. Qriqoryanın ailədəki problemlərə görə Azərbaycan tərəfinə keçməsi haqda yayılan xəbərləri təkzib edib.


“Evdə ciddi problem olmayıb. Sadəcə olaraq, Andranik bir qızı sevirdi. Lakin mən razı olmadım və bildirdim o, ali təhsillidir, biz yox. Bu alınmayacaq. Bu xırda məsələdən başqa heç bir problem olmayıb. Oğlumu hərbi hissədə incidirdilər. Bir dəfə hirsli halda evə gəldi. Onu döyürdülər, təhqir edirdilər. O, dözülməz vəziyyətə görə belə addım atıb”.


Erməni əsgərin anası Nelli Qriqoryan da oğlunun ailədə olan problemlərə görə deyil, incidildiyi üçün Azərbaycan tərəfinə keçdiyini açıqlayıb. Erməni əsgərin anası övladının sağ-salamat evə qayıdacağına ümid etdiyini vurğulayıb.


Qeyd edək ki, A. Qriqoryan Azərbaycan tərəfinə keçməsinin səbəbi kimi təhqir edilməsini, döyülməsini göstərib. O, boş yerə ölmək istəmədiyini bildirib. Əsgərin valideynləri də onun dediklərini təsdiqləyir.

Lakin əsgərin bu addımı ataraq oradakı vəziyyəti açıq şəkildə dilə gətirməsindən narahat olan Ermənistan tərəfi diqqəti yayındırmağa çalışır. Bu ölkənin müdafiə naziri Seyran Ohanyan A. Qriqoryanın Azərbaycan tərəfinə keçməsinə görə əsgərin ailəsini günahlandırıb. Əsgərin ailəsi və erməni ictimaiyyəti tərəfindən narazılıqla qarşılanan bu açıqlamadan sonra S. Ohanyan geri çəkilməyə məcbur olub. O, yalnız məsələni araşdırdıqdan sonra açıqlama veriləcəyini bildirib.


Bu arada, A. Qriqoryanın Azərbaycan tərəfinə könüllü keçməsi xəbəri yayılan kimi Ermənistanın xüsusi xidmət orqanları onun atasını həbs edib. Hazırda bu ailəyə qarşı ciddi təzyiqlərin olduğu haqda xəbərlər var.

Xatırladaq ki, erməni silahlı bölmələrinin 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçusu Andranik Qriqoryan bu il martın 22-də saat 13:50 radələrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü şəkildə ordumuza təslim olub.


O, video müraciətində Ermənistan ordusundakı hərc-mərclikdən, aclıqdan bezdiyini qeyd edib.


“Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti, hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib, bura keçmək istəyən çoxlu sayda insan var”, - deyə o vurğulayıb.


A. Qriqoryan sonuncu müraciətində Azərbaycan tərəfində ona yaxşı baxıldığını, həyatı üçün heç bir təhlükə olmadığını bildirib. Burda rahat yaşadığını deyən erməni əsgər Ermənistandakı əsgərlərə, onların ana və bacılarına Azərbaycan tərəfinə keçmələri üçün çağırış edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm