ADR ilə Müsavat arasında namizəd davası qızışır
Bizi izləyin

Nida.az

ADR ilə Müsavat arasında namizəd davası qızışır

Müsavat Partiyası ilə VIII qurultayın nəticələrindən narazı qalanların yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı arasında deputatlığa namizədlik qalmaqalı getdikcə daha da gərginləşir.

Publika.az-ın məlumatına görə, ADR –in sədr müavini, Müsavat Məclisinin üzvü Vurğun Əyyub Suraxanı, hərəkatın İdarə Heyətinin üzvü, Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin namizədliyi isə Xətai rayon təşkilatı tərəfindən irəli sürülsə də, hər iki şəxsin adı partiyanın ilkin namizədlər siyahısına salınmayıb.

“Bu, o adamların Müsavat Partiyasının namizədi olacağı anlamına gəlmir”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Publika.az-a açıqlamasında siyahının hələlik dəqiqləşmədiyini deyib:

“Hazırda dəqiqləşmələr aparılır . Partiyanın hər bir üzvünün deputatlığa namizədliyini irəli sürmək hüququ var. Lakin bu indiki halda namizədliyə namizədlik deməkdir. Nizamnaməyə görə, yekunda namizədlər Məclisdə təsdiq olunmalıdır”.

G. Aslanlı Ellada Məmmədli və Vurğun Əyyubla bağlı partiyaya sənəd təqdim olunduğunu təsdiqləyib: “Lakin bu, o adamların Müsavat Partiyasının namizədi olacağı anlamına gəlmir. Nizamnamədə açıq şəkildə göstərilib ki, namizədlər yalnız partiyanın Məclisində təsdiq olunur. “Bir çox prosedur qaydalar var və onlar Məclisin növbəti iclasında təsdiqlənəcək. Onlardan biri də namizədin öz ərizə formada müraciət etməsidir. Bu, Məclisdə müzakirə ediləcək. Qeyd etdiyim kimi hər hansı təşkilat kiminsə namizədliyini verə bilər, amma bu namizədlik sonda Məclisdə təsdiq olunmalıdır”.


“İstəklərini “Nizamnamə” adı ilə bildirirlər”


E. Məmmədli isə Publika.az-a açıqlamasında namizədliyinin Qadınlar Birliyi tərəfindən irəli sürüldüyünü və qurumun şura iclasının protokolundan çıxarışın Gülağa Aslanlıya təqdim olunduğunu bildirib:

“Gülağa bəy martın 30-da sənədi qəbul edərək imza atıb. O, sənədi qəbul edəndə fərdi ərizə verilməsi haqqında heç nə söyləməyib. Sənədin qəbulu buna ehtiyac olmadığını isbat edir. Həm də nizamnamədə elə maddə yoxdur ki, şəxs özü ərizə ilə partiyaya müraciət etməlidir. Sadəcə, istəklərini “Nizamnamə” adı ilə bildirirlər. Hətta Nüşabə Sadıxlının da namizədliyi Səbail təşkilatından verilib”.


E. Məmmədli Divan üzvü Razim Əmiraslanlının “Qadınlar Birliyinin deputatlığa namizəd irəli sürmək səlahiyyəti yoxdur” fikrini də şərh edib.

“Bu, mənasız fikirdir. Qadınlar Birliyi və Gənclər Təşkilatı xüsusi statuslu təşkilatlardır. Onların namizəd vermək hüququ vardır. Sadəcə, rəhbərliyin istəyinə don geyindirirlər”.

Vurğun Əyyub da açıqlamasında namizədliklə bağlı Müsavat Partiyası Suraxanı rayon təşkilatının qərarının partiya tərəfindən qəbul edildiyini bildirib. Onun sözlərinə görə, ADR hərəkatının seçkidə iştirak etmək hüququ yoxdur və seçkiyə Müsavat Partiyasının üzvü kimi getmək fikrindədir: “Əgər partiya Məclisi buna etiraz etsə, onda namizədliyimi müstəqil şəxs kimi irəli sürəcəyəm”.

Lakin V. Əyyubun namizədliyini irəli sürən Suraxanı rayon təşkilatında qalmaqal yaranıb. Belə ki, təşkilatın 4 üzvü çıxarılan qərardan onlara xəbər verilməməsi haqda MNTK-ya şikayət edib.

“Öz aləmində qurultaydan sonra fəallıq göstərməyə başlayıb”

Rayon təşkilatının sədri Rövşən Dəmirli Publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.


“ MNTK-ya şikayət edənlərdən biri sədrin dəfələrlə toplantılara çağırmasına baxmayaraq, bir dəfə də olsun buna məhəl qoymayıb. Bu adam öz aləmində qurultaydan sonra fəallıq göstərməyə başlayıb. Əslində yenə də elə bir fəallığı yoxdur. Toplantıya qatılmayan digər Şura üzvü Sərdar Kərimov isə bir il bundan qabaq mənim özümdən xahiş edib ki, bir müddət onu siyasi məsələlərlə bağlı narahat etməyim. Həmin şəxslərdən birinin telefonu cavab verməyib, Şuranın keçirilməsi ilə bağlı “Facebook”-da elan yerləşdirilib. Bunlar sadəcə olaraq gündəlikdə olan məsələni təxmin etdikləri üçün toplantıya qatılmayıblar ki, sonradan cığallıq etmək üçün əllərində bəhanə olsun. Xatırladıram ki, Şurada yetərsay olub və Şura verdiyi qərarın arxasındadır”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm