Xaçmazda məscid davası: sələfilər şiə məscidini almaq istəyir – ÖZƏL
Bizi izləyin

Nida.az

Xaçmazda məscid davası: sələfilər şiə məscidini almaq istəyir – ÖZƏL

Xaçmaz şəhər məscidindən istifadə məsələsi ilə bağlı mübahisə yaranıb.


Publika.az-a daxil olan məlumata görə, rayonda əhli-sünnə camaatı şiələrin toplaşdığı şəhər məscidini almaq istəyir. Bu məqsədlə icma daxilində 100 nəfərə yaxın bir qrup imza toplayaraq müraciət qəbul edib. Qəbul olunan müraciət Qafqaz müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanlanıb.


Müraciətdə şəhərin mərkəzində yerləşən məscidin şiələrdən alınaraq əhli-sünnə camaatına verilməsi istənilir. Buna səbəb kimi isə əhli-sünnə camaatı üçün digər məscidlərə yolun uzaq olması göstərilib.


Xaçmaz şəhər məscidinin axundu Yaşar Rzayev Publika.az-a açıqlamasında faktı təsdiqləyib. Lakin onun sözlərinə görə, bu məsələ artıq həllini tapıb: “Keçmişdə dövlət orqanlarında işləmiş, indi bu camaatda təmsil olunan bir neçə nəfər bu işə rəhbərlik edir. Bir müddət əvvəl məscidin onlara verilməsi üçün imza toplayaraq dövlət qurumlarına və QMİ-yə müraciət etdilər. Cavab mənfi oldu. Çünki onların 16 yerdə cümə namazını qılmaq imkanı var. Bizim cəmi bir yerdə. Lakin deyirlər ki, bura şəhərin mərkəzidir, digər yerlər guya onlara uzaqdır. Bəs biz nə etməliyik? O vaxt iranlı həmşərilərdən biri buranı öz pulu ilə alaraq məscidə çevirib. Siz də pul toplayaraq alın”.


Y. Rzayev bölgədə dini qarşıdurmanın olmadığını, hər şeyin normal olduğunu bildirib: “Sadəcə, bir neçə nəfər absurd iddialarla çıxış edir. Lakin qərarları biz vermirik. Onlar üçün bütün şərait yaradılıb. Görünür, bizim yerimizə də göz dikiblər”.


Əldə etdiyimiz məlumata görə, müraciətə mənfi cavab verildikdən sonra yenidən imzatoplama kampaniyası başlayıb. Bu dəfə onlar dövlətdən şəhərin mərkəzində məscid tikmək üçün yardım edilməsini istəyir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm