GMO-lara qarşı məsuliyyət artırılacaq
Bizi izləyin

Nida.az

GMO-lara qarşı məsuliyyət artırılacaq

Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət və inzibati məsuliyyət daha da artırılacaq.

Publika.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

Komitə sədri Eldar İbrahimov iclasın gündəliyində olan “Azərbaycan respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə-üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni üsulla yeyinti məhsullarını istehsal etmə isə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məcəllənin 200-2. 1-ci və 200-2.2-ci maddələrində göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya iki ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İclasın gündəliyində olan “Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində də eynimahiyyətli düzəlişlər nəzərdə tutulub. Qanunlar bir-birinə uyğunlaşdırma məqsədi daşıyır.

Hər iki qanun layihəsi müzakirə olunmaq üçün Milli məclisin plenar iclasına tövsiyə olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm