Nida.az
Lozannada bitən qorxu: İrana pəncərə Bakıdan açılır - TƏHLİL
Uzun illər dünyanı gərginlikdə saxlayan İran problemi həll olundu. Tehranla “5+1” qrupu arasında keçirilən nüvə müzakirələrində ilkin razılıq əldə olundu.
Tərəflər uranın zənginləşdirməsi üzrə proqramın 10 il müddətində
izlənilməsi barədə razılaşdı: İranın zənginləşdirdiyi uran
azaldılacaq, yaxud da başqa bir ölkəyə göndəriləcək. Daha sonra
ölkəyə qaytarılaraq enerji istehsalında istifadə olunacaq. Yəni,
İran nüvə bombası istehsal edə bilməyəcək. Bu razılaşma bütün
dünya, eləcə də ABŞ-İran qarşıdurmasına görə haqlı narahatlıqlar
yaşayan Bakı üçün yaxşı xəbərdir. Baxmayaraq ki, Azərbaycan qonşusu
İrana ona qarşı hansısa hücumda müstəvi olmayacağını başa sala
bilmişdi və ikitərəfli münasibətlər düz yola çıxmışdı. Amma bütün
hallarda son görüşün nəticələri regionun təhlükəsizliyinə zəmanəti
gücləndirdi.
Lozannanın şahidliyi
Hər şeydən öncə razılığın əldə olunduğu Lozanna diqqət çəkir. Bu
şəhər tarixdə növbəti mühüm hadisəyə şahidlik etdi. Osmanlı
imperiyasının 1923-cü ildə dünya xəritəsindən ləğvinin rəsmən
təsdiqləndiyi Lozannada farsların imperiyası çökdürülməsə də,
1979-cu il inqilabından sonra İran üzərində qələbə çalındı.
Dünyanın “pul kisəsi” olan kiçik bir ölkədə Qərbin Şərq üzərində
daha bir qələbəsinə imza atıldı. Hərçənd, bunun “Bəyaz sarayda”
oturan Ərdoğanın yeni osmanizminə qarşı tuşlandığını da hesab etmək
olar. Yəni Qərb bir güllə ilə iki hədəfi vurur. Bu haqda bir az
sonra.
Qorxu, Qərbin “barıtı” və xoflu manşetlər
İranla anlaşma, daha doğrusu Tehranın nüvə silahı istehsal etmək
cəhdlərindən imtina dünyaya, eləcə də regiona sülh gətirə bilər.
Vaşinqtondan regiona gələcək sülhün hansı rəngdə olacağı şübhəli
olsa da, ilkin razılaşma ürəklərdəki qorxunu arxa plana
keçirir.
Bu qorxu hələ 12 il öncə virus kimi yayıldı. Təbii ki, Qərb mətbuatının formalaşdırdığı ictimai rəy “barıtı” bir qədər artıq etmişdi. Lakin sakit Azərbaycanda stabil həyata təhdidlərə qədər bir çox iddiaların gündəmə gəlməsi bizə də təsir etməyə bilməzdi. “III Dünya müharibəsi Azərbaycan sərhədlərində başlayır” tipli atılan manşetləri, yəqin ki, unutmamışıq.
İranın nüvə iddiaları necə başladı, necə
bitdi?
İran 1968-ci ildə Atom enerjisi üzrə beynəlxalq agentliklə
(MAQATE) imzaladığı müqavilədə nüvə silahının yayılmaması haqda
razılığa gəlib. O vaxtdan Tehran öhdəliklərinə əməl edib, hətta
İslam inqilabı dövründə belə bu şərtlər pozulmayıb. Lakin hər şey
2002-ci ildə dəyişdi. İran Buşehir Atom Elektrik Stansiyasının
(AES) bərpasına start verdi. Daha sonra Natanz və Araqda nüvə
obyektlərinin olduğu xəbəri yayıldı. Vaşinqton Tehranı kütləvi ölüm
silahını hazırlamaqda ittiham etdi. İran MAGATE inspektorlarını
ölkəyə buraxmadı.
2003-2004-cü illərdə məsələ ilə bağlı danışıqların ilk raunduna
start verildi.
Böyük Britaniya, Almaniya və Fransa İrana nüvə proqramı ilə bağlı
danışıqlara başlamaq haqda müraciət etdi. Üç ölkə xarici işlər
nazirlərini Tehrana göndərdi və ilk razılıq əldə olundu. Razılığa
görə, MAGATE ekspertləri nüvə obyektlərini yoxlaya biləcəkdi.
2004-cü ildə üç ölkə ilə İranın imzaladığı razılıqla uranın
zənginləşdirilməsi proqramının dayandırıldığı elan olundu.
Bu razılığın müddəti cəmi bir il çəkdi. 2005-ci ilin iyununda
keçirilən prezident seçkilərində Mahmud Əhmədinejat qələbə çaldı və
İranın siyasi manevrlərində ciddi dəyişiklik baş verdi. Seçkidən
cəmi iki ay sonra İsfahandakı zavodda uranın zənginləşdirilməsi
prosesi yeniləndi. BMT və MAGATE səviyyəsində yoxlamalar yenidən
başladı və dünya birliyi uranın zənginləşdirilməsi prosesinə son
verilməsi tələbi ilə çıxış etdi. Tehran bunu qanunsuz adlandırdı və
dünyanı qorxuda saxlayan “müharibə” ehtimalı gündəmə gəldi. 2007-ci
ildə İrana ilk iqtisadi sanksiyalar tətbiq olundu. Lakin Tehran
dediyindən dönmədi və Əhmədinejat nüvə bombası hazırlamağa yetəcək
qədər uran zəngiləşdirdiklərini açıqladı.
2008-ci ildə ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, həmçinin
Almaniya yeni danışıqlar üçün “5+1” formatını formalaşdırdı. Bu
vaxt artıq İran İsfahanda nüvə yanacağının istehsalı üzrə birinci
zavodu açmışdı. Danışıqlar 2009-cu ildə yeniləndi. Beynəlxalq
diplomatiya İrana xaricdə az zənginləşdirilmiş uranın istehsalı
haqda müqaviləni təklif etdi. Tehran radioaktiv xammalı öz
hüdudlarından kənara çıxarmaqdan imtina etdi və 2010-cu ildə uranın
20 faiz qədər zənginləşdirildiyini açıqladı. 2011-2012-ci illər
dünya birliyinin İrana qarşı kəskin sanksiyalarının başladığı dövr
olaraq tarixə düşdü. İran embarqolara rəğmən, uranın
zənginləşdirilməsini sürətləndirdi.
Hər şey 2013-cü ildə hökumət dəyişikliyinə qədər davam etdi.
Özünü Şərqin yeni lideri hesab edən Əhmədinejatı daha liberal Həsən
Ruhani əvəz etdi və qorxunun yerini ümidlər aldı. Ruhani dərhal
danışıqlara başladı. Onun 1979-cu ildən sonra ilk dəfə İran lideri
olaraq Obama ilə telefon danışığı 35 illik “həsrətə” son qoydu. Bu,
üç onillikdən sonra ilk rəsmi təmas idi. İran MAGATE-nin
yoxlamaları üçün qapılarını açdı. Ardınca davam edən istiləşmə
dünənki razılıqla başa çatdı. Yekun razılaşma üçün son tarix 30
iyul təyin olundu.
Qorxunun yerini ümidlər aldı: qurbanlar kim
olacaq?
Bu razılığı Rusiyaya qarşı hesab edənlər var. Hərçənd ki, son üç
ildə yarısı gizli, yarısı açıq olmaqla yüksək səviyyəli danışıqlar
aparılıb və mənfi, yaxud müsbət olmasından asılı olmayaraq, nəticə
olmalı idi. Bu baxımdan, razılığın kiməsə qarşı olduğu yox, baş
verən geosiyasi proseslərə necə təsir edəcəyi aktualdır.
Rusiya-Qərb qarşıdurması məlum məsələdir. Bu proses fonunda İranla müsbət razılıq və bu ölkənin neytrallaşdırılması ən azından onun Rusiyaya dəstəyinin aradan qaldırılması ilə nəticələnə bilər. Görünür, Kreml təklənir.
Şərq - Qərb Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun
Oruclu Publika.az-a açıqlamasında bunun birbaşa
Rusiyaya qarşı olması fikri ilə razılaşmır.
“İkitərəfli danışıqlar çoxdandır davam edir və bir il yarım
bundan qabaq açıq müstəviyə keçib. Hesab edirəm ki, bu ABŞ-ın Yaxın
Şərq strategiyasına daxil olan məsələdir. Lakin bunun regional
sülhə töhfə verəcəyi və geosiyasi mənzərəni dəyişdirəcəyi də
məlumdur”, - deyə politoloq qeyd edib.
Politoloq Natiq Miri Publika.az-a açıqlamasında
bu razılaşmanın qlobal təhlükəsizliyə xidmət etdiyini deyib. Onun
fikrincə, dünya və region ən azından müəyyən müddətə nüvə
təhlükəsindən sığortalandı.
Proseslərsə təkcə Rusiyanın yox, Türkiyənin də təklənə biləcəyi
fikrini gündəmə gətirir. Qərb regionda İrana dəstək verməklə güc
tarazlığını yarada bilər. Ərdoğan iqtidarının Türkiyəni regionda
yeni gücə çevirmək cəhdləri Qərbdə soyuq qarşılanır. Hətta Şərqə
doğru genişlənərək keçmiş Osmanlı imperiyasının tarixi
sərhədlərində təsir imkanlarını bərpa etmək istəyən Ankara bir çox
hallarda bunun acısını yaşayıb. Burda Türkiyəni öz qınına çəkmək
cəhdləri açıq şəkildə görünür.
“Regionda, xüsusilə Şərqdə İrana yeni oyunçu olaraq üstünlüklər
verilir. Bu Türkiyənin son zamanlar Rusiyaya yaxınlaşması
kontekstində baş verir və Türkiyə təklənir. ABŞ Türkiyəni əvvəlki
statusuna qaytarmaq istəyir. Son terror hadisələrini də bu
kontekstdə dəyərləndirmək lazımdır”, - deyə N. Miri vurğulayıb.
Azərbaycan: dəyişən geosiyasi mənzərədə Tehranın çıxış
yolu
Bu anlaşma Azərbaycana hansı formada təsir edəcəyi bizim üçün
aktualdır. Məhz nüvə proqramına görə baş verən qarşıdurmada Bakının
yaşadığı çətinlik unudulmayıb. Bu baxımdan, Tehranla istiləşən
münasibətlərin daha davamlı olacağı ehtimalı böyükdür. Təbii ki,
sanksiyaların aradan qaldırılması iqtisadi əməkdaşlıq üçün də yeni
imkanlar açır. Bakının Tehran üçün oynaya biləcəyi mühüm rol bu
anlaşma fonunda diqqət çəkir.
Sanksiyaların yumşalması və tədricən aradan qalxması İranın
Qərbə çıxışını aktuallaşdırır. Bu prosesdə İran üçün Azərbaycan
kimi sərfəli və mühüm pəncərə ola bilməz. Həmçinin Avropanın enerji
təhlükəsizliyində rol oynayan Azərbaycanın enerji layihələrinə İran
qazı da qoşula bilər. Hansı ki, buna qədər ehtimallar mövcud
idi.
Politoloq N. Miri hesab edir ki, Azərbaycan İranın həm Qərb, həm
də Türkiyə ilə münasibətlərində körpü rolunu oynaya bilər: “Ruhani
hakimiyyətə gələndən sonra Tehran və Bakı arasında kifayət qədər
istiləşmə baş verdi. Qarşıdakı dönəmdə münasibətlərin daha çox
inkişaf edəcəyini proqnozlaşdırmaq mümkündür. İranın Dağlıq Qarabağ
münaqişəsində Ermənistana dəstəyinin zəifləcəyi ümidləri də var və
bu ehtimallar böyükdür. İran qarşıdakı geosiyasi mənzərədə
Azərbaycanın əhəmiyyətini gözəl anlayır”.
Asif Nərimanlı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”