Fazil Mustafa: “Elə duyğular var ki, həmin an nə etdiyini özün də bilmirsən”
Bizi izləyin

Nida.az

Fazil Mustafa: “Elə duyğular var ki, həmin an nə etdiyini özün də bilmirsən”

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa Moskvada keçirilən sambo üzrə Dünya Kubokunun mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasovun bürünc medalından məhrum ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, bütün idmançılar qəbul edilmiş beynəlxalq qaydaların tələblərinə əməl etməlidir. Onun sözlərinə görə, Azərbaycan idmançıları da beynəlxalq yarışlarda bu cür məqamlara xüsusi diqqət etməlidir: “Bəxtiyar vətənpərvər insandır, ola bilsin ki, erməni himni səsləndiriləndə başqa duyğular yaşayıb və belə addım atıb. Bəxtiyar Ermənistana bu formada etirazını bildirib. Bu da onun öz hüququdur. Əgər Bəxtiyar bu hüququndan istifadə edibsə, o zaman bunun cəzasına da qatlanmalıdır. Necə ki, vaxtilə Ramil Səfərov erməni zabitini öldürüb həbsxanada cəza çəkmişdi. Hər halda, bu kimi hallara görə mükafat da gözləmək lazım deyil. Bu, ümumi qaydaların pozulmasıdır və ona görə də bir cəza olmalı idi. Əgər ona bu cür cəza verilirsə, artıq bu, onun öz seçimidir. Yəni idmançımız hisslərini bu cür ifadə etdiyi üçün bir cəza alıb. Ona görə də bu məsələyə xüsusi yanaşaraq ədalətli və ya ədalətsiz qərar kimi baxmaq doğru olmaz”.

F.Mustafa qeyd edib ki, ermənilərə döyüş meydanında qalib gəlmək lazımdır: “Biz ermənilərə döyüş meydanında qalib gəlməliyik. Hər hansı beynəlxalq yarışa qatılırıqsa, tatami və ya güləş döşəyi üzərində ermənilərə qalib gəlmək bizə ümumi qələbə gətirməyəcək. Qələbəni hər yerdə qazanıb qalib olmaq lazımdır. Qoyulan qaydalara da riayət etmək lazımdır ki, növbəti beynəlxalq tədbirlərdən təcrid olunmayaq. Ona görə də mən bu məsələnin müsbət və ya mənfi tərəfini qiymətləndirməkdə çətinlik çəkirəm. Çünki bu qərar ədalətsiz qərar deyil. Qərar konkret olaraq ümumi tətbiq olunan qaydaların pozulmasıdır. Cəza da Bəxtiyarın öz seçimidir. Yəni Bəxtiyar atdığı bu addıma görə cəza alacağını bilməmiş olmazdı. Ona görə də o, verilən cəzaya qatlanmış olmalıdır. Artıq biz onun duyğularına qarışa bilmərik. Elə duyğular var ki, həmin vaxtı nə etdiyini özün də bilmirsən. Yəqin ki, həmin vaxt o anları mən də yaşasaydım, eyni hərəkəti edərdim”.

Xatırladaq ki, Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunun mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək. Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunacaq: "Bunu mənə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev dedi. O həm də Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidentidir. Yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm