Bahar Muradova Türkiyəli jurnalistlərlə görüşdü
Bizi izləyin

Nida.az

Bahar Muradova Türkiyəli jurnalistlərlə görüşdü

Azərbaycan Mətbuat Şurasının dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin bir qrup tanınmış kütləvi informasiya vasitələrinin (KİV) təmsilçiləri bu gün Milli Məclisin sədr müavini Bahar Muradova ilə görüşüblər.

Publika.az-ın məlumatına görə, görüşdə çıxış edən vitse-spiker B.Muradova qonaqları Milli Məclisin sədri Oqtay Əsədovun adından salamlayaraq deyib ki, azərbaycanlılarla türklər arasında keçirilən hər bir görüş yüksək əhvali-ruhiyyəli olur. Onun özlərinə görə, Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək dostluq və qardaşlıq münasibətlərinə dünyanın heç bir ölkəsində rast gəlinmir: “İki ölkə arasındakı münasibətlər iki qardaş xalqın əsrlərdən bəri sınaqdan çıxmış milli, dini ənənələrinə və tarixi birliyinə söykənir. Bu cür səfərləri indiki qarışıq dünyada çox vacib hesab edirik. Çünki bu cür siyasi, dini, mədəni, birlik, qardaşlıq belə qarışıq məqamda hədəfləri düzgün müəyyən etməyə, problemlərimiz və uğurlarımızı bir gücə çevirərək hədəflərimizə çatmaq isitiqamətində səyləri artırmağa xidmət edir”.

B.Muradova həmçinin qeyd edib ki, Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı beynəlxalq aləmdə bəzi dairələr tərəfindən ölkəmizə qarşı qərəzli qaralama kampaniyası həyata keçirilir. Onun sözlərinə görə, həmin dairələr bu kampaniyanı daha çox öz nəzarətlərində olan media qurumları vasitəsilə həyata keçirirlər: “Çox təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar, idmanı da siyasətə qatırlar. Bu qəbulolunmazdır. Eyni zamanda, Azərbaycana qarşı aparılan bu qaralama kampaniyası da heç cür qəbul oluna bilməz. Ona görə də hesab edirəm ki, həmin kampaniyaya qarşı bizim media da öz sözünü deməlidir. Bu məsələdə həm Azərbaycan, həm də qardaş Türkiyə mediası birgə fəaliyyət ortaya qoymalıdır. Ancaq bütün cəhdlərə baxmayaraq, Azərbaycan Avropa Oyunlarına da uğurla ev sahibliyi edəcək”.

Son günlər Türkiyədə baş hadisələrə də toxunan B.Muradova hər bir Azərbaycan vətəndaşının bu hadisələrdən üzüldüyünü və Türkiyə hökumətinə problem yaradan belə hadisələrə görə hiddətləndiyini söyləyib.

Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim isə çıxışında qonaqpərvərliyə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.

Görüşün sonunda Bahar Muradova Türkiyəli KİV nümayəndələrinin suallarını cavablandırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm