İranın TANAP arzusu: Bakının dəyişdiyi enerji xəritəsində yeni situasiya - TƏHLİL
Bizi izləyin

Nida.az

İranın TANAP arzusu: Bakının dəyişdiyi enerji xəritəsində yeni situasiya - TƏHLİL

İran Transanadolu boru kəməri (TANAP) layihəsində iştirak payı almaqda maraqlıdır.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin bu açıqlaması “5+1” ölkələri ilə İranın nüvə proqramında razılaşmasından sonra perspektivlə bağlı ilk mesaj idi.


İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra bu ölkənin zəngin qaz ehtiyatlarının Avropa bazarına çıxışı ideyası əvvəldən mövcud idi. Hazırda Rusiyadan qaz təchizatını ikinci plana keçirən Avropa əsas ümidləri Bakıya bağlayır. Rəsmi Bakının “Nabucco”nun tarixə qovuşmasından sonra irəli sürdüyü Cənub Qaz Dəhlizi layihəsi avropalı istehlakçılar üçün ən sərfəli variantdır. Lakin bu layihə ilkin mərhələdə ehtiyacı tam ödəmir. Belə ki, ilkin mərhələdə Azərbaycan 16 milyard kubmetr qaz istehsal edəcək ki, bunun da 6 milyardı Türkiyənin daxili ehtiyaclarına sərf olunacaq. Yerdə qalan 10 milyard kubmetr Avropa bazarlarına çıxarılacaq. Sonrakı mərhələdə istehsal olunan qazın həcmi 23 milyard kubmetrə qədər artırıla bilər.


Bakının təşəbbüsü ilə dünyanın enerji xəritəsinə damğasını vuran bu kəmərin tam doldurulması üçün variantlar da olmamış deyil. Söhbət iki mənbədən gedir: Türkmənistan və İran.


Aşqabad hələ əvvəldən öz qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılmasına razıdır. Çünki Rusiyaya ixrac olunan qazın həcmi azaldılıb, Çin isə türkmən qazını daha ucuz qiymətə almaqda israrlıdır. Bu baxımdan, Türkmənistan üçün Cənub Qaz Dəhlizinə qoşulmaq olduqca sərfəlidir və bu məqsədlə ortada Transxəzər layihəsi də ideya olaraq mövcuddur. Lakin bu layihənin gerçəkləşməsinə siyasi əngəllər var.

Digər mənbə olaraq ehtimal olunan İran qazı qarşısında da əngəllər mövcud idi. 10 ildir davam edən Qərb-İran qarşıdurması və Tehrana qarşı tətbiq olunan sanksiyalar bu variantı aradan çıxarırdı. Lakin iki gün öncə siyasi situasiya dəyişdi və tərəflər nüvə proqramı haqda razılığa gəldilər. Yaxın dövrdə ümumi anlaşma və İrana qarşı sanksiyaların aradan qaldırılması ən çox ehtimal olunan proqnozdur. Bu isə avtomatik olaraq. İran qazının Avropa bazarına çıxışına yaşıl işıq yandıracaq.


İranın Avropa bazarına çıxışı iki variantda mümkündür: Bakı və İrəvan.


İrəvan İran qazının bu ölkə marşrutu ilə çıxarılmasını əlverişli variant kimi sırımağa çalışır. Lakin bir sıra geosiyasi məqamlara görə Ermənistan variantı avtomatik olaraq sıradan çıxır. Birincisi, Avropa alıcı olaraq Ermənistan variantını qəbul etmir. Çünki Qərb üçün enerji xəritəsində dəyişiklik geosiyasi kontekstdə Rusiyanı oyundan çıxarmaqdır. Halbuki, Ermənistan Moskvanın for-postu olan ölkədir və hazırda Avrasiya İqtisadi İttifaqının üzvüdür. İran qazının Avropaya Rusiyanın təsiri altındakı marşrutla getməsi alıcı olan Avropada qəbul olunmur. Çünki Avropa enerji təhlükəsizliyini Rusiyadan qurtarmaq cəhdləri edərkən fırlanıb yenidən başa qayıtmaq fikrində deyil.

Digər tərəfdən, İran qazı Ermənistandan keçsə də sonda Türkiyəyə çıxarılmalı və yalnız bundan sonra Avropaya daşınmalıdır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, eləcə də qondarma “soyqırım” iddiaları İrəvanla Ankaranı yaxınlaşmasına ən böyük əngəldir. İrəvan marşrut olmaq istəyirsə, gərək mütləq işğalçılıq siyasətindən və qondarma iddialardan əl çəkə. Bu isə mümkün görünmür. Həmçinin, Avropa ilə savaş aparan Rusiya ona qarşı olan hər-hansı layihənin öz “ərazisindən” keçməsinə icazə verməz. Ən nəhayət, İran qazının bu ölkədən keçməsi üçün əlavə infrastruktur lazımdır. Hansı ki, nə Ermənistanın bunu reallaşdırmaq üçün pulu yoxdur, nə də İran indiki məqamda əlavə xərcə düşmək istəmir.


İran üçün Bakı marşrutu faktiki olaraq ən sərfəli variantdır. Hər şeydən əvvəl bunun iqtisadi tərəfi var. Digər tərəfdən, Bakı Tehran üçün Avropa ilə münasibətlər qurmaqda vacib tərəfdaşdır. Qeyri-rəsmi məlumatlara görə, rəsmi Bakı ən pis dövrlərdə Qərblə İranı yaxınlaşdırmaq üçün əlindən gələni edib. İran Qərbin ən çox diqqət yetirdiyi Cənub Qaz Dəhlizi kimi böyük layihədə tərəfdaş olmaqla öz gələcək təhlükəsizliyini də düşünür.


SOCAR rəhbərinin “İran TANAP-da pay sahibi olmaq istəyir” sözləri də bu məsələnin indiyə qədər iki və çoxtərəfli müzakirələrdə prioritet olduğunu göstərir.


Burda yeganə çətinlik İrandan Azərbaycana qədər boru kəmərinin mövcud olmamasıdır. Bu problemi aradan qaldırmaq variantları mövcuddur. Lakin ortada daha sərfəli yollar da var.

İran hazırda 29,61 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Bu təsdiqlənməmiş rəqəm olsa da, ölkənin dünya üzrə qaz ehtiyatlarının 16 faizinə malik olması faktdır. Beləliklə, İran Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə, həmçinin, öz gələcəyini də sığortalaya bilər. Çünki Tehran üçün ən unikal bazar Avropa bazarıdır.


İranın Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazaninin bu ilin fevralında açıqladığı maraqlı məqamlar bu kontekstdə diqqət çəkir.


İran Azərbaycandan və Türkmənistandan Avropaya qaz nəql edə bilər. Təklifimiz İranın Türkmənistan və Azərbaycan qazını alıb sonradan onu Türkiyə vasitəsilə Avropaya ixrac etməkdən ibarətdir. Çünki belə marşrut qazın Avropaya ötürülməsi üçün daha sərfəlidir”, - deyə iranlı nazir vurğulayıb.


Bu açıqlama situasiyaya yeni rənglər qatır. İndiyə qədər nə Bakı, nə də Aşqabad bu təklifə münasibət bildirməyib. Aşqabadın qarşısında “müsbət” cavab vermək variantı var. Lakin bu Bakı üçün sərfəli deyil və artıq bundan sonra mümkün olacağı da gözlənilmir. Çünki Azərbaycan müəllifi olduğu böyük bir layihədə əsas təchizatçı olaraq yer alır və qazı Avropaya daşıyacaq kəmərlərin təməlini atıb. Digər tərəfdən, Bakıdan qazı alıb Avropaya satmaq istəyən İrana qədər məsafədə yeni infrastruktur lazımdır.

Bu infrastruktur reallaşarsa, İran qazının Bakıya gətirilməsi və burdan TANAP-a vurulması daha məqbul variantdır.
Aşqabad üçün bu variant üzərində düşünülməsi vacib olan məsələdir. Çünki hazırda türkmən qazının Avropaya çıxarılması aktualdır. Transxəzər boru kəmərinə siyasi əngəllər mövcuddur. Düzdür, Qərb siyasi amillərə görə, Xəzərin dibi ilə boru çəkməkdə istəkli görünür. Bu dənizdə hansısa bir dövlətin hegemonluğuna son qoya və Xəzəryanı ölkələrə təsir imkanlarını artıra bilər. Lakin indiki məqamda bu ideyanın uzaq olduğu görünür. Belə olanda türkmən qazı İrana, oradan da Türkiyəyə daşına bilər.

İran qazının da Türkiyə vasitəsilə Avropaya çıxarılması məqbul görünür. Bu daha əlverişli və mövcud infrastrukturu olan marşrutdur. Belə olarsa, qazanan tərəflərdən biri yenə Bakı olacaq. Çünki Türkiyəyə çıxarılan İran qazı yenə də Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP və TAP-a qoşulacaq.

Bu, Cənub Qaz Dəhlizi layihəsinin dayanıqlılığını artıra və regionda Bakının əsas oyunçu olduğu geniş enerji şəbəkəsini formalaşdıra bilər. Hazırki məqamda İran qazının Avropaya çıxarılacağı marşrutlar bunlardır və bütün hallarda Azərbaycan prosesdən qazanclı çıxır.


Təbii ki, burda Bakı və Tehranın daha sıx tellərlə bağlılığı da aktual məsələdir. İran-Qərb qarşıdurmasının ən kritik məqamlarında Bakı ədalətli və neytral mövqe tutmaqla hər iki tərəfə etibarlı tərəfdaş olduğunu sübut etdi. İndi ikitərəfli münasibətlər inkişaf dövrünü yaşayır. Lakin İran qazının gözlənilən marşrutlarla çıxışı bu münasibətləri daha da genişləndirəcək.

Bu proses hər şeydən öncə İranın Dağlıq Qarabağ münaqişəsinə yanaşmasını dəyişdirə və indiyə qədər gizli formada Ermənistana verilən dəstəyi aradan qaldıra bilər. Bununla yanaşı, Avrasiya İttifaqına daxil olan Ermənistanın Rusiyaya əsas çıxış kimi baxdığı İran yolu da bağlana, beləliklə, blokadası daha da artan İrəvanın düz yola gətirib işğalçılıq siyasətindən əl çəkməsinə səbəb ola bilər.

Bakı-Tehran münasibətlərində daha sıx tellərin yaranması Cənubi Azərbaycandakı soydaşlarımızın da durumuna təsir edəcək. Hər-halda İran onlara qarşı sərt siyasətindən çəkinə bilər.

İkitərəfli iqtisadi münasibətlər, Azərbaycan biznesmenləri üçün əlavə bazarların açılması və digər məqamlar da bu prosesdə yer alacaq məsələlərdir.


Göründüyü kimi, Azərbaycan üçün regionda və dünyada əsas oyunçulardan biri olmaq şansları yaranıb. Yeni enerji şəbəkəsinin yaranması Bakının təsir imkanlarını da genişləndirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm