Mitinqə İŞİD yanaşması və ya Əli Kərimlinin “dindarlığı”
Bizi izləyin

Nida.az

Mitinqə İŞİD yanaşması və ya Əli Kərimlinin “dindarlığı”

Martın 15-də 600 nəfərlik mitinqlə kiçik sosial bazasını nümayiş etdirən AXCP sədri yeni vasitələrə əl atıb.


Publika.az xəbər verir ki, AXCP sədri sabah keçirilməsi nəzərdə tutulan mitinqə daha çox adam cəlb etmək üçün dindarlara üz tutub.


Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı mitinq öncəsi dindar kəsimə müraciət edərək onları da meydana səsləyib.


“Dindarlar da 5 aprel mitinqində iştiraka önəm verməlidirlər. Bu dünya hər bir müsəlman üçün imtahandır, İslam tərki-dünyalığı qəbul etmir, çünki real həyatdan təcrid olunmaq Allahın bu dünyada insan üçün nəzərdə tutduğu imtahandan boyun qaçırmaq deməkdir. Demək, ətrafımızda olub bitənlərə münasibət bildirmək Allahın nəzərində bir insan kimi bizim onun buyruqlarına necə əməl etdiyimizi müəyyən edir. Əksinə, özünü təcrid edib, ətrafda baş verənlərə münasibət bildirməmək İslamı real həyatdan təcrid edib, öz qorxaqlığına, laqeyidliyinə saxta dindarlıq pərdəsi bürüməkdir.

Belə “müsəlman” komformist müsəlmandır və Allahın doğru, haqq buyurduqlarına görə özünü çətinliyə salmaq istəmir, əziyyət çəkməkdən yayınır və sonra da özünü əziyyətə salmadan Allahdan cənnət umur. Bu cür dünyəvi sevgi və rahatlıq üzərində qurulmuş müsəlmanlıq əslində İslama bir həqarətdir”, - deyə cəbhəçi müavin əsl dindar kimi çıxış edib.


Təbii ki, insanları ətrafına cəlb etmək üçün dindar kəsimə üz tutmaq siyasi baxımdan normaldır. Xüsusilə hazırda dindar kəsim say baxımından kifayət qədərdir. Diqqət çəkən məqam isə avropalılarla liberal, ruslarla slavyan tipli münasibət quran Əli Kərimlinin dindar kəsimə müraciətində nə qədər səmimi olmasıdır.

Əslində Əli Kərimlinin dindar kəsimə nüfuz etmək cəhdləri ötən il baş qaldırmışdı. 2014-cü ilin 16 fevral tarixində AXCP Ali Məclisinin iclasında çıxış edən Ə. Kərimli hədəfləri aşmaq üçün ikinci Xalq Cəbhəsi Partiyası yaratmağa nail olmağın vacibliyini diqqətə çatdırdı.


“Düşünün ki, indi bizim vəziyyətimizdə, gücümüzdə olan ikinci bir qurum olsa, işlər necə rahat olar, hakimiyyət nə qədər narahat olar? Biz partiyanı bu il iki dəfə gücləndirməklə ikinci Xalq Cəbhəsi yaratmış oluruq” - deyə o qeyd etdi.


Hələ həmin vaxt ortada iki versiya var idi: Birincisi, ikinci Xalq Cəbhəsi yaratmaqla AXCP öz dəstəkçilərini artırır. Amma bu ehtimal kifayət qədər zəifdir. İkinci və ən böyük ehtimal isə AXCP-nin ikinci Xalq Cəbhəsi adı altında dini kəsimi ətrafında təmərküzləşdirmək istəyir. Ölkədə gedən dini müstəvidəki proseslər buna zəmin yaradır. Mənzərə belədir ki, zəif durumda olan qeyri-şiə icmaları özlərinə dayaq axtarırlar. Belə bir dayaq olmaq AXCP üçün əlavə elektorat, həm də ən azından ərəb ölkələrinin dəstəyini qazanmaq olardı. Belə bir təcrübə 90-cı illərin sonlarında yaşanmışdı. Məhz həmin vaxt böyük siyasi partiyalar dini elektorata birbaşa deyil, ikinci dərəcəli kiçik partiyalar vasitəsilə nüfuz etmək siyasətini aparırdılar.


Burada ərəb ölkələrinin verə biləcəyi böyük dəstək də var. Hələ ötən əsrin sonlarında Səudiyyə Ərəbistanı, Küveyt, Qətər kimi ölkələrin Azərbaycanda dindarların birləşə biləcəyi təşkilat yaratmaq cəhdləri etdikləri haqqında məlumatlar var idi. Dini birlik kimi yaradılacaq bu təşkilat perspektivdə siyasi qüvvəyə çevriləcəkdi. Həmin planların baş tutmaması, yaxud hələ də qüvvədə olması haqqında dəqiq informasiya yoxdur. Məlumdur ki, bu cəhd davam edir. Hesab etmək olar ki, bu ölkələr dəstəyini dindarların girəcəyi çətirə yönəldəcəklər və bu çətirin kim olacağını özləri deyil, istəyənlər müəyyənləşdirilməlidir.


Əli Kərimli müxtəlif formalarla İranla da əlaqələrini saxlamaqda maraqlıdır. AXCP-nin mətbuat xidmətinin rəhbəri, hazırda Fransada yaşayan və Avropa dəyərlərini əlində bayraq edən Natiq Ədilovun zaman-zaman sosial şəbəkələr üzərindən ölkədə daha güclü olan şiə icmasına müraciətlərinin şahidi olmuşuq.


AXCP-nin dindar kəsimə müraciəti yaxın planda “Məhsul” stadionuna daha çox adam yığmaq, uzaq planda isə dindar kəsimi öz tərəfinə çəkmək cəhdidir. Lakin ən diqqət çəkən məqam müraciətin tonudur. Yəni Əli Kərimlinin müavininin “Allah sizi cəzalandıracaq” tonu Yaxın Şərqi qana boyayan İŞİD-in çağırışlarını xatırladır.


Milli Məclisin deputatı Zahid Oruc Publika.az-a açıqlamasında siyasi mübarizədə Allah adından bəhrələnməyin doğru olmadığını deyib: “Yaxın Şərqin timsalında bu kimi halların hansı nəticələr doğurduğuna şahid olmuşuq. Dini müstəvidə qərarlaşan təşkilatların hamısı müsəlman ölkələrində ya fundamentalizmə yol açıb, ya terrora yuvarlanıb, ya da ekstremist təmayüldə ixtisaslaşıblar. Bunları dinc siyasi mübarizəyə gətirmək çox çətin olub. Ən son nümunə Misirdir. “Müsəlman qardaşları” Məhəmməd Mursinin timsalında hakimiyyətə gəldilər və sonradan Sisi onları devirdi və bu gün həmin şəxs həbsdədir. Dindar kəsimi öz təriqətindən, inancından, etiqadından kənarlaşdırıb müxtəlif mübarizələrə yem eləmək, Allahın adından, dindən, Qurani-Kərimdən öz mənafeləri naminə bəhrələnmək deməkdir.

Belə müqəddəsliklər hakimiyyət uğrunda mübarizənin aləti olmamalıdır. Keçmişdə Nardaran əhlini inqilab ocağı kimi istifadə eləmək yönündə cəhdlər var idi. İndi də ayrı-ayrı şəxsləri tribunaya qaldırmaqla, “sağçı” müxalifət az qala klerikal ölkələrdəki modellə hərəkət edirlər. Əminəm ki, gerçək əməlisalehliyə dayanan, həqiqətən Qurani-Kərimə inanan, peyğəmbərini tanıyan və Allahı başı üzərində görən qüvvələr heç bir halda bu müxalifətin mübarizəsinin fəlsəfəsini bölüşməz və onların yanında olmaz”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm