İlham Əliyev Səudiyyə Ərəbistanında - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

İlham Əliyev Səudiyyə Ərəbistanında - FOTO (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəliblər.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ər-Riyad hərbi aerodromunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Sonra Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.

Dövlətimizin başçısı İlham Əliyevi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşıladı.

Azərbaycanın və Səudiyyə Ərəbistanın dövlət himnləri səsləndi.

Daha sonra İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi.

X X X

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun görüşü olub.

AzərTac xəbər verir ki, iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Prezident İlham Əliyevi ölkəsində salamladı və bu səfərin uğurla keçəcəyinə əminliyini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirildi. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edildi.

Görüşdə Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulandı.

X X X

Aprelin 5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Söhbət zamanı neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın və Səudiyyə Ərəbistanının neft-kimya sənayesi şirkətləri arasında görüşlərin keçirilməsi ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılması məsələsi müzakirə olundu.

X X X

Aprelin 5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naiminin görüşü olub.

Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulandı.

Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparıldı. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edildi. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulandı, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparıldı.

X X X

Aprelin 5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assaf ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan yaratdığı bildirildi. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edildi. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm