Yada düşmək və qrant almaq istədilər, biabır oldular – 500 nəfərin “etiraz şousu”
Bizi izləyin

Nida.az

Yada düşmək və qrant almaq istədilər, biabır oldular – 500 nəfərin “etiraz şousu”

Aprelin 5-də Milli Şura növbəti mitinqini keçirdi.


Publika.az xəbər verir ki, say baxımından 15 mart mitinqindən də az olan bu mitinqdə cəmi 500 nəfər iştirakçı olub.

Mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli və onların yaxın ətrafı çıxış edib. Məqsəd iqtisadi problemlər olsa da, iştirakçılar siyasi şüarlar səsləndirib.

Ən maraqlısı isə, mitinqin təyin olunan vaxtdan bir qədər gec başlaması və daha sonra insanların ərazini tez tərk etməsidir. Cəmi 500 nəfərin iştirak etdiyi mitinq Əli Kərimli, Cəmil Həsənli, Nurəddin Məmmədli, Gültəkin Hacıbəyli və digərlərinin çıxışı ilə yekunlaşıb.

Qeyd edək ki, martın 15-də keçirilən mitinqdə 600 nəfər iştirak edirdi.

“Yada düşmək və ya xarici fonddan qrant almaq”

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bu mitinqin müxalifətin aynası olduğunu deyib: “Radikal müxalifətin ara-sıra kütləvi aksiya keçirməsi özlərini yada salmaq və ya hansısa bir xarici fonddan aldıqları qrantı reallaşdırmaq üçündür. Onlar Azərbaycanın gündəlik həyatları ilə yaşamırlar, xalqın problemləri ilə tanış deyillər. Bununla belə, onlar tənqid etdikləri halda hər hansı rasional təklif irəli sürmürlər, həyatımızdakı inkişafı görmürlər. Məhz bu səbəbdəndir ki, insanlar onların arxasınca getmir, elektoratları çox zəifdir. Topladıqları 200-300 nəfərlə hansısa bir uğur qazanacaqları inandırıcı görünmür”.

“Belə mitinq keçirib özlərini biabır edirlər”

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Publika.az-a açıqlamasında mitinqin əsas məqsədinin Əli Kərimlini özünü əsas müxalifət göstərmək cəhdi olduğunu deyib. Onun sözlərinə görə, keçirilən mitinq cəmiyyətdə Milli Şuraya inam olmadığını təsdiq etdi.

“Bu gün mitinqə tələbat yoxdur. Vaxtilə bizim keçirdiyimiz mitinqlərə insanların maraqları var idi. Hər mitinqə yeni simalar gəlirdi, say artırdı. İndi Milli Şuranın ötən mitinqi ilə bu dəfəki mitinqinin iştirakçılarının sayı arasında 100 nəfər azalma var. Ehtimal etmək olar ki, həmin 100 nəfər ötən mitinqdən narazı qalanlardır. Yəni azalma tendensiyası varsa, bu mitinqlər nəyə lazımdır? Belə mitinq keçirib özlərini biabır edirlər”, - deyə o qeyd edib.

“Ən güclü vaxtlarında belə mitinqə bir neçə min adam çıxara bilirdilər”

Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli Publika.az-a açıqlamasında mitinqi xarici dairələrə xoş gəlmək addımı adlandırıb: “Onlar “güc” olduqlarını nümayiş etdirmək istəyirlər. Həm də bununla xarici dairələrin də diqqətinə düşmək niyyətindədirlər. Bu artıq onların həyat tərzinə çevrilib. Burda bir sıra xırda məqsədlər də var: əsl müxalifət kimdir və ya gələcəkdə prezident seçkilərinə namizəd kim olmalıdır, Müsavat və digərlərini sıradan çıxarmaq, özlərinin həqiqi müxalifət olduğunu sübut etmək, guya xalqı daha çox bunların istədiyini dilə gətirmək, və s. Lakin bir şeyi anlamırlar ki, ən güclü vaxtlarında belə mitinqə bir neçə min adam çıxara bilirdilər”, - deyə o vurğulayıb.

“Mənəm-mənəmlik” siyasətindən imtina edilməlidir”

Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli isə Milli Şuranı və AXCP-ni müxalifəti gözdən salmaqda ittiham edib.

O, Publika.az-a açıqlamasında müxalifətin güc nümayiş etdirməsi üçün mitinqi birgə keçirməsinin vacibliyini qeyd edib: “Milli Şuranın keçirdiyi mitinqi dəstəkləyirik. Lakin daha geniş mitinq üçün müxalifətin birgə hərəkət etməsi lazımdır. Lap əvvəldən Milli Şuraya mitinqdə iştirak etmək istəyimizi bildirmişik. Arif bəy bu məsələ haqda Cəmil Həsənli ilə danışıb. Lakin onlar bu təklifi rədd etdilər”.


M. Hacıbəyli qeyd edib ki, Milli Şuranın özünü əsas müxalifət kimi göstərmək cəhdi doğru deyil.

“Mitinq keçirmək vacibdir, lakin bunun kütləviliyini, təsirliliyini artırmaq ondan da vacibdir. Yoxsa, azsaylı və heç bir təsirə malik olmayan mitinq onu keçirənlərə qarşı çevrilir, əks-effekt yaradır. Hesab edirəm ki, “mənəm-mənəmlik” siyasətindən imtina edilməli, hər kəsin bir araya gəlməsinə nail olunmalıdır”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm