• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Regionda qarışan kartlar: Bakının Ər-Riyadla yaxınlaşması

  • Nida.az
  • 6 Aprel 2015 16:16
  • 498 Baxış
Regionda qarışan kartlar: Bakının Ər-Riyadla yaxınlaşması

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Səudiyyə Ərəbistanına səfər edib.


Rəsmi məlumata görə, dövlət başçısının İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun görüşü olub.

Səfər zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı və bir-birinə qarşılıqlı dəstək verməsi, həmçinin iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.


Azərbaycan Prezidentinin Ər-Riyada səfəri son geosiyasi proseslər baxımından bir neçə ehtimalı gündəmə gətirdi. Bunlar arasında ən diqqət çəkən ehtimal İranla “altılıq” ölkələri arasında nüvə probleminin razılaşdırılması və Yaxın Şərqdə, hazırda isə Yəməndə Tehranla toqquşan Səudiyyə Ərəbistanının qabaqlayıcı gedişləridir. İddialara görə, Ər-Riyad Tehranın qonşusu Bakı ilə münasibətləri daha yaxşı səviyyəyə qaldırmaq istəyir. Bu da məhz perspektivdə İranın əl-qolunu bağlamaq məqsədi daşıyır.


Lakin Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Ər-Riyadın Tehrana qarşı xüsusi plana hazırlaşmadığını düşünür.


Publika.az xəbər verir ki, R. Musabəyov Səudiyyə Ərəbistanının böyük maliyyə resurslarına malik güclü və nüfuzlu dövlət olduğunu deyib: “Azərbaycan kimi bu ölkə də neft ixrac edir, həmçinin beynəlxalq bazarlarda qiymətlərin müəyyən olunmasına təsir imkanları var. Bura həm də müsəlman dünyasının mərkəzidir. Ona görə də İlham Əliyevin Ər-Riyada səfər təbii qarşılanmalıdır. Xüsusilə Yaxın Şərqdə baş verənlər fonunda Bakının Ər-Riyadla münasibətlərə diqqət yetirməsi normaldır. Hazırda Suriya və İraqdan sonra Yəmən də qarışıb. Buna paralel olaraq, İranın nüvə problemi öz həllini tapır. Bu kontekstdə Azərbaycan üçün Səudiyyə Ərəbistanı ilə münasibət olduqca faydalıdır”.


Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Azərbaycanın ərəb ölkələri ilə həmişə yüksək səviyyəli əlaqələrə malik olduğuna diqqət çəkib: “Prezident İlham Əliyevin hazırkı səfəri də bu əlaqələr çərçivəsinə daxildir. Səudiyyənin Azərbaycanla bağlı maraqları mövcuddur. İki ölkəni birgə layihələr, region və onun hüdudlarından kənarda energetika təhlükəsizliyi məsələləri birləşdirir. Hesab edirəm ki, “ərəb baharı”ndan sonra “altılıq” ölkələri ilə İran arasındakı razılıq fonunda bu səfər çox əhəmiyyətlidir. Hər şeydən əvvəl bu səfər Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hər iki ölkənin maraqlarına xidmət edən əməkdaşlıq möhkəmlənəcək”.


Asif Nərimanlı



Xəbər lenti

DAHA ÇOX XƏBƏR