Pənah Hüseyn İsa Qəmbərə qarşı çıxdı: “İqtidarla danışığa getməliyik”
Bizi izləyin

Nida.az

Pənah Hüseyn İsa Qəmbərə qarşı çıxdı: “İqtidarla danışığa getməliyik”

“Azadlıq-2015” seçki blokunun təşkilatçılığı ilə “Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn iqtidarla danışıqlara getməyin vacibliyinə toxunub. Onun sözlərinə görə, iqtidar-müxalifət görüşləri milli birlik baxımından şansdır: “Biz bu görüşlərə İsa Qəmbəri, Arif Hacılını, Cəmil Həsənlini də dəvət etmişdik. Yəqin ki, bizim qarşımızda söz deməyə ehtiyac hiss etməyiblər. Bir düşüncə, götür-qoy etmək problemi var. Müxalifət gözləyir ki, gözlərini açacaqlar və xalq onları hakimiyyətə gətirəcək. Ancaq artıq o dönəm deyil. Ona görə də hesab edirəm ki, həm iqtidar, həm də müxalifət problemlərdən çıxış yollarını axtarmalıdır. Bir araya gələrək, milli birlik nümayiş etdirməliyik. Bunun üçün bu il keçiriləcək parlament seçkiləri çox önəmlidir. İqtidarla danışığa getməli, müzakirələr aparmalıyıq”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib ki, hazırda dünyanı ziddiyyətlər bürüyüb: “Bu ziddiyyətlərin Azərbaycana da keçmək təhlükəsi var. Hesab edirəm ki, hazırda son dərəcə məsuliyyətli dönəmdəyik. Ölkənin milli mənsubiyyət daşıyan ziyalıları problemlərin həllində fəallıq göstərməlidirlər”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə vurğulayıb ki, iqtidar-müxalifət görüşlərində müzakirə olunan məsələlər konkretləşməlidir: “Təəssüflər olsun ki, hazırda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında da münasibətlər ürəkaçan deyil. Bu baxımdan ilk növbədə siyasi partiyalar arasında münasibətlər normallaşmalı, ümummilli məsələlərdə iqtidarla həmrəylik göstərilməlidir”.

Azad Demokratlar Partiyasının (AZdp) sədri Sülhəddin Əkbər dünyada baş verən siyasi-iqtisadi vəziyyət və bu proseslərin Azərbaycana təsirindən danışıb. O, ölkədəki ictimai-siyasi vəziyyətin fonunda, iqtidar-müxalifət dialoqunun önəmini vurğulayıb. S. Əkbər “Azadlıq-2015” seçki blokunun konsepsiyası barədə də tədbir iştirakçılarına məlumat verib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm