• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezidentin Ərəbistan səfəri nə vəd edir? - MÖVQE

  • Nida.az
  • 8 Aprel 2015 21:52
  • 501 Baxış
Prezidentin Ərəbistan səfəri nə vəd edir? - MÖVQE

Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Elman Məmmədov Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərinin nəticələrinə münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında sözügedən səfəri müsbət qiymətləndirdiyini söyləyib. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri normal vəziyyətə salınıb: “Ulu öndər Heydər Əliyev prezident olarkən Səudiyyə Ərəbistanına müqəddəs ziyarətə də gedib. O, ərəb ölkələrini yaxşı tanıyırdı. Ərəb liqasının da Azərbaycana və onun ərazi bütövlüyünə qarşı münasibəti birmənalı olaraq müsbət olub.

Səudiyyə Ərəbistanı istər birbaşa, istərsə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycana humanitar yardımlar edib. Bu yardımlar xüsusilə 90-cı illərin əvvəllərində Azərbaycan yeni müstəqillik qazandığı zaman həyata keçirilib. Bütün bunlar isə unudulmamalıdır. Cənab Prezident İlham Əliyevin də Səudiyyə Ərəbistanına etdiyi bu səfər ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə təkan verəcək. Cənab Prezident son çıxışlarından birində İslam dünyasının birliyi və inkişafı haqqında da mühüm mesajlar verdi. Bütün bu çıxışlar çox vacib əhəmiyyət daşıyır. Bütün bunlar elə-belə deyilən fikirlər deyildi. Hesab edirəm ki, bunlar öz müsbət nəticəsini də verəcək. Burada vacib məqsəd var. Bu, təkcə İslam dünyasına deyil, həm də beynəlxalq aləmə mesaj idi ki, İslam dini dinclik və sülhsevərlik mənası daşıyır”.

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı rəsmiləri ilə neftin ucuzlaşmasından danışıb-danışmaması məsələsinə də toxunan E.Məmmədov deyib ki, neftin ucuzlaşıb-bahalaşması dünyəvi bir prosesdir: “Doğrudur, neftin ucuzlaşıb-bahalaşmasında Səudiyyə Ərəbistanı və digər OPEK üzvü olan ölkələr böyük rol oynayır. Ancaq burada ABŞ və İran ilə “altılıq” ölkələrin nüvə danışıqları məsələsində razılığa gəlməsi amillərini də nəzərdən çıxarmaq olmaz. Bütün bunlar da dünyada neftin qiymətinin aşağı düşməsində rol oynayır. Ancaq yəqin ki, cənab Prezidentin Səudiyyə Ərəbistanı rəsmi şəxsləri ilə keçirdiyi görüşlərdə də bütün bu məsələlərə toxunulub. Amma bu cür danışıqlar neftin qiyməti məsələsinə nə qədər təsir göstərə bilər, bu barədə bir söz deyə bilmərəm”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR