Prezident İlham Əliyev Məmmədbağır Əliyevi təbrik edib
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev Məmmədbağır Əliyevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, Elmi-Tədqiqat Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru Məmmədbağır Cavad oğlu Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli Məmmədbağır Cavad oğlu!

Sizi, müasir təbabət sahəsində tanınmış alimlərdən birini 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyirəm.

Siz həkimlik fəaliyyətinə Azərbaycanda başlamış, sonra Rusiyanın görkəmli alimlərinin rəhbərliyi ilə gözəl elmi məktəb keçmisiniz. Sizin Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı, Rusiya Federasiyası Hökuməti Mükafatı Laureatı kimi yüksək adlar almağınız, habelə Rusiya Elmlər Akademiyasına üzv seçilməyiniz Sizin tibb elmində nailiyyətlərinizin etirafıdır. Sevindirici haldır ki, Siz Azərbaycan üçün yüksək ixtisaslı tibbi kadrlar hazırlanmasına lazımi diqqət yetirmisiniz və yetirirsiniz.

Yaradıldığı andan Sizin rəhbərlik etdiyiniz Ümumrusiya Azərbaycanlılar Konqresi Azərbaycan diasporunun nüfuzlu ictimai təşkilatlarından birinə çevrilməyə və Rusiya-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə inkişafına layiqincə töhfə verməyə nail olub. Konqresin Rusiyada yaşayan azərbaycanlıların Rusiya cəmiyyətinin tərkib hissəsinə çevrilə bilməsi və özlərinin ikinci vətəninin inkişafına və çiçəklənməsinə kömək etməsi üçün gördüyü bütün işləri Azərbaycanda yüksək qiymətləndirirlər. Ümidvaram ki, bu strategiya gələcəkdə də Konqresin səmərəli işini təmin edəcək.

Əminəm ki, Siz bundan sonra da elmi və ictimai fəaliyyətinizi ahəngdar şəkildə əlaqələndirəcək, həm insanların sağlamlığının qorunması sahəsində uğurlar qazanacaq, həm də cəmiyyətdə tolerantlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsinin bərqərar olmasına kömək edəcəksiniz. Sizə ən xoş arzularımı bildirirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm