“Əl-Cəzirə”: TANAP 2018-ci ildə tamamlanacaq
Bizi izləyin

Nida.az

“Əl-Cəzirə”: TANAP 2018-ci ildə tamamlanacaq

Mərmərə qrupu Vəqfi tərəfindən keçirilən Avrasiya İqtisadi Zirvəsində əsas məsələlərdən biri enerji olub. “Əl-Cəzirə” telekanalı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və energetika naziri Natiq Əliyevdən enerji siyasəti və regiondakı münasibətlərlə bağlı fikirlərini öyrənib.


Publika.az xəbər verir ki, “Əl-Cəzirə” “Şahdəniz” qazını Avropaya daşıyacaq TANAP-dan bəhs edərək layihə ilə bağlı PA rəsmisi Əli Həsənovun fikirlərinə yer verib.


“Trans Anadolu Boru Xətti (TANAP) Azərbaycan qazını Avropaya daşıyacaq 1850 kilometr uzunluğunda olan bir kəmərdir. Layihə ümumilikdə 10 milyard dollara başa gələcək. 2018-ci ildən etibarən Azərbaycan qazını Avropaya çıxaracaq bu layihə “Əsrin layihəsi”dir”, - deyə Azərbaycan rəsmisi vurğulayıb.


Əli Həsənov qeyd edib ki, Azərbaycan hazırda dünyada reallaşan son və ən önəmli enerji layihəsini həyata keçirir: “Bu layihə Bakıda imzalanan anlaşma ilə Azərbaycanın zəngin enerji qaynaqlarının Türkiyə üzərindən Trans Anadolu xətti ilə Yunanıstana, oradan da Balkanlara və Adriatik ölkələrinə aparacaq. 20 gün öncə bu layihənin təməlini Qarsda atdıq”.


Prezident Administrasiyasının rəsmisi hazırda yeganə alternativ enerji qaynağının Azərbaycan olduğuna diqqət çəkib: “Ən azından 60-70 il boyunca orta hesabla 30 milyard kubmetr qaz bu xətt vasitəsilə Avropaya çatdırılacaq. Bu çox böyük bir layihədir. Bundan başqa, Avropa ölkələri və Amerika Birləşmiş Dövlətlərinin qonşumuz İrana tətbiq etdiyi sanksiyalar da qalxacaq. Fikrimcə, İranın da zəngin təbii qaz ehtiyatları gələcəkdə bu xətt üzərindən Avropaya çıxarılacaq”.


Əli Həsənov Türkmənistan qazının da TANAP vasitəsilə Avropaya nəqlinin mümkünlüyünü istisna etmir.



Azərbaycan prezidentinin köməkçisi “altılıq” ölkələri ilə İran arasındakı razılaşmanın bölgəyə müsbət təsirlərinin olacağını vurğulayıb. Əli Həsənovun sözlərinə görə, İran Qafqaz və Qara dəniz bölgəsində geoiqtisadi, geopolitik və geostrateji təsirlərə malik üç önəmli ölkədən biridir.


“Bu dövlətlərin hər birinin Qərbdəki tərəfdaşlarımızla yaxşı münasibətlərə malik olmasını arzulayırıq. Bu, bəzən bizi Avropa-Amerika-İran, yaxud Türkiyə-Rusiya-İran arasında seçim etmək məcburiyyətində buraxırdı. Bu münasibətlərin yaxşı olması təbii qaz və digər enerji qaynaqları baxımından bizim əlaqələrimizin daha yüksək səviyyədə olmasına səbəb olar”, - deyə PA rəsmisi diqqətə çatdırıb.


“Əl-Cəzirə”yə danışan Azərbaycanın energetika naziri Nazir Əliyev TANAP vasitəsilə 6 milyard kubmetr qazın Türkiyəyə gətiriləcəyini və digərləri ilə müqayisədə daha ucuz olacağını deyib: “Azərbaycan qazı Rusiya və İran qazına görə daha ucuzdur. Martın 17-də Qarsda təməlqoyma mərasimini keçirdik. Borular Türkiyəyə gətiriləcək və inşaat işləri bu il başlayacaq. Biz hazırda planlaşdırıldığımızdan daha öndəyik”.


Nazir Avropanın qaz bazarında əsas paya sahib olan Rusiyanın alternativ qazın dövriyyəyə girməsinə etiraz edib-etməməsi haqda sualı da cavablandırıb: “Avropaya gedəcək Azərbaycan qazı o qədər də yüksək miqdarda deyil. 10 milyard kubmetr qazın Avropaya çıxarılması Rusiyanın Avropaya satdığı qazın miqdarına və qiymətinə təsir etməz. TANAP Rusiya qazına rəqib olan bir boru xətti deyil. TANAP yalnız Yunanıstan və İtaliyaya qaz aparacaq vasitədir. Böyük bir bölgəni Rusiya qazı təmin edir və gələcəkdə Rusiyanın qazı bazarda böyük çəkiyə malik olacaq. Biz buna inanırıq. Biz ortada bir rəqabətin olduğunu düşünmürük”.


Energetika neft qiymətlərinin düşməsinin Azərbaycana ciddi təsir etmədiyini diqqətə çatdırıb.


“Biz böhran hiss etmirik. Çünki Azərbaycan neftinin çıxarılması ucuzdur. Amma ümumi olaraq gəlirlərimiz azaldı. İldə təxminən neft satışından 20 milyard dollar əldə edirdik. Qiymətlərin düşməsindən sonra bu gəlirlər 5-6 milyard dollar azalıb”, - deyə nazir vurğulayıb.


Yaxın zamanlarda qiymətlərin artacağını gözləmədiyini deyən Natiq Əliyev İranla Qərb ölkələrinin razılaşmasının neft qiymətlərinə təsir göstərəcəyini bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm