ADR İdarə Heyətinin üzvü: “Müsavat Partiyasının ömrünə 6 ay qalıb”
Bizi izləyin

Nida.az

ADR İdarə Heyətinin üzvü: “Müsavat Partiyasının ömrünə 6 ay qalıb”

“Müsavat Partiyasının ömrünə 6 ay qalıb. Hazırda partiyada çox kritik vəziyyət yaranıb və belə davam edərsə, onun ömrü başa çatacaq”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının keçmiş müşaviri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məlik deyib.


Onun sözlərinə görə, hazırkı idarəetmə və düşüncə ilə Müsavat Partiyası çox duruş gətirə bilməz: “Vurğun Əyyub kimi bir insanı Müsavatdan kənarlaşdırmaq, deputatlığa namizədlərin yalnız Arif Hacılının iradəsinə tabe olmaq kimi yanaşma və aparılan siyasət partiyanın sonunu gətirəcək. Müsavatın ömrünə az qalıb. Ən yaxşı halda Arif Hacılı və qohumları, bir də ona biət edən, amin deyən 10-15 nəfərdən ibarət bir partiya olacaq. Arif Hacılı özü də bunu istəyir. O, qarşısına qoyulan Müsavatı dağıtmaq missiyasını məharətlə yerinə yetirə bildi”.


H. Məlik Müsavat Məclisinin öhdəlik haqda qərarını anti-demokratik adlandırıb. Onun sözlərinə görə, bu, birbaşa Arif Hacılının mövqeyidir.


“Rayon təşkilatlarının iradəsi ilə irəli sürülən namizədlərin Məclis tərəfindən təsdiq olunması və onların öhdəlik götürməsini tələb etmək demokratiyaya yad olan düşüncədir. Yəni Arif Hacılının iradəsindən kənar heç kim namizədliyini verə bilməz. Bu anti-demokratik qərardır”, - deyə o vurğulayıb.


Qeyd edək ki, Müsavat Məclisinin aprelin 4-də keçirilən toplantısında qəbul edilən təlimata əsasən Müsavat partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm