“Vasif Talıbovun şəkər çuğunduru əməliyyatı” adlı yazısı təkzib olundu
Bizi izləyin

Nida.az

“Vasif Talıbovun şəkər çuğunduru əməliyyatı” adlı yazısı təkzib olundu

Materialda ilk olaraq el arasında pazı, daha dəqiq desək, şəkər çuğundurunun yığılmasına müəllimləri, həkimləri, büdcədən əmək haqqı alan hər kəsin cəlb olunması ilə bağlı məlumatlar yazılıb.

Naxçıvan Muxtar Respublikası 2 saylı orta məktəbin müəlliməsi Xanım Quliyeva ötən gün bəzi mətbu orqanlarda “Vasif Talıbovun şəkər çuğunduru əməliyyatı” adlı dərc olunan yazıya münasibət bildirib.

X.Quliyevanın Publika.Az-a daxil olan müraciətində deyilir ki, ictimaiyyətə təqdim olunan yazıda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov haqda yalan məlumatlar dərc olunmaqla yanaşı, həm də onun siyasi imicinə ləkə gətirən dəqiqləşdirilməmiş xəbərlər öz əksini tapıb.

Daha sonra müraciətdə qeyd olunur: “Materialda ilk olaraq el arasında pazı, daha dəqiq desək, şəkər çuğundurunun yığılmasına müəllimləri, həkimləri, büdcədən əmək haqqı alan hər kəsin cəlb olunması ilə bağlı məlumatlar yazılıb. Bildirilib ki, V.Talıbov Naxçıvan rayonlarının icra başçılarının işgüzarlığını pazının məhsuldarlığına görə qiymətləndirir. Şəkər çuğundurunun yığılması mövsümündə bu işə Şahbuz və Ordubaddan başqa, Naxçıvanın bütün rayonlarının büdcə təşkilatlarının işçiləri cəlb edilir. Həmçinin, Sədərəkdə 60 hektar sahədə əsgərlərin pazıya qulluq etməsi və onların ötən il 4 min ton pazı yığması kimi qərəzli, dəqiq olmayan məlumatlar dərc olunub. Son olaraq yazıda adını açıqlamaq istəməyən biri tərəfindən o da qeyd olunub ki, bu dəqiqə təkcə Vergilər Nazirliyinin Şərur şöbəsində 10, Sədərək şöbəsində 5, Babək və Şahbuz şöbələrinin hər birində 7 ştat boşdur və heç kim dövlət idarəsində işləmək istəmir. İlk olaraq, yazının öncədən səhv qələmə aldığını əyani sübutla diqqətinizə çatdıraq. Naxçıvan Muxtar Respublikasında heç bir şəkər zavodu fəaliyyət göstərmir və 5 ildən artıq müddətdir ki, muxtar respublikanın rayonlarında şəkər çuğunduru əkilmir. Əkilmədiyi təqdirdə, büdcədən əmək haqqı alan insanların belə bir işdə çalışması necə ola bilər? Digər nüans, Naxçıvan Muxtar Respublikasının bütün rayon, kənd və qəsəbələrində ilk olaraq təhsilə böyük önəm verilir və məhz buna görə, son 10 ildə muxtar respublikanın ərazisində yerləşən bütün məktəblər dünya standartlarına uyğun olaraq tikilib, istifadəyə verilib. Müəllimlərin pazı yığımına aparılması xəbəri isə əsassız və qərəzli olaraq yazılmış bir məlumatdır. Çünki muxtar respublikanın bütün kəndlərində təsərrüfatla məşğul olan insanlar var və rəhbərlik tərəfindən onlara bu sahəni genişləndirmələri üçün hər bir köməklik göstərilir. Müəllimlərin təsərrüfat sahələrinə aparılmalarını isə adımıza bir ləkə kimi qiymətləndirir, həmin portalın ictimaiyyətə təqdim etdiyi yazını əsaslandırmadığı təqdirdə aidiyyəti qurumlara müraciət edəcəyimizi bildiririk. Adını belə hallandırmaq istəmədiyimiz portalda bu yazını qələmə alan müəllifi Naxçıvan Muxtar Respublikasına dəvət edir, təhsil sahəsində çalışan insanların hansı səviyyədə yaşadığını, onların hansı qrafiklə çalışdığını və öz peşələrinə necə yanaşdığını, həmçinin ən ucqar kəndlərdə belə məktəblərin hansı səviyyədə olduğunu gözləri ilə görmələrini istəyirik. Yazılan bu məqaləni adımıza bir ləkə olduğunu bildirir, qısa vaxt kəsiyində yazılan bu məlumatların doğruluğunu sübut etmələrini tələb edir və ya yazılan məlumatın yanlış olması barədə təkzib yazmalarını tələb edirik. Əks halda, aidiyyətı qurumlara müraciət edəcəyimiz diqqətinizə çatdırırıq.

Hörmətlə, Xanım Quliyeva Naxçıvan Muxtar Respublikası 2 saylı orta məktəbin müəlliməsi!”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm