“The National İnterest”: “Azərbaycan erməni ordusunu darmadağın edəcək”
Bizi izləyin

Nida.az

“The National İnterest”: “Azərbaycan erməni ordusunu darmadağın edəcək”

ABŞ-ın “The National İnterest” jurnalı Azərbaycanla Ermənistan arasında “gələcək müharibə” haqda geniş məqalə dərc edib.


Publika.az xəbər verir ki, “Harvey&Company” şirkətinin analitiki Cek Malkeyin müəllifi olduğu məqalədə cəbhə xəttində son insidentlərə diqqət çəkilir.


“Bu gün dünyanın bir çox yerində münaqişələr alovlanıb. Ukraynada savaş davam edir və bir çox yerlərdə müharibə şəraiti qızışır. Lakin mənim fikrimcə, 2015-ci ilin ən qaynar nöqtəsi Dağlıq Qarabağ olacaq. Cənubi Qafqazda bu qeyri-müəyyən anklav zonası uğrunda Ermənistan və Azərbaycan arasında hərbi konflikt gərginləşir. Dağlıq Qarabağ Azərbaycanın qərb torpaqlarıdır. 1990-cı illərin əvvəllərində xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında etnik qarşıdurma baş verdi və burdan yüz minlərlə azərbaycanlı köçürüldü. Ermənilər nəticədə qalib elan olundular. Lakin daha sonra hər iki ölkə müstəqilliyini möhkəmləndirdi. Bakı öz torpaqlarını geri istəyir. Hazırda bu ərazi ermənilərin nəzarətindədir və oradakı əhali Ermənistanın dəstəyi ilə yaradılan “DQR” tərəfindən idarə olunur. Baxmayaraq ki, atəşkəsə Rusiya vasitəçilik edir, müharibə heç vaxt rəsmən qurtarmayıb. Azərbaycan Dağlıq Qarabağın geri qaytarılması üçün mübarizə aparır və hazırkı status-kvonu qəbul etmir”, - deyə məqalədə bildirilir.

Müəllif “Dağlıq Qarabağı xüsusilə nə təhlükəli edir?” deyə qeyd edib: “İki tərəf arasında kompromis faktiki olaraq yoxdur. Ermənistan Azərbaycan tərkibində Dağlıq Qarabağın qismən müstəqilliyini qəbul etmir və bütün əraziyə nəzarəti əldən vermək istəmir. Bütün hallarda, Azərbaycanın öz torpaqlarının kiçik bir hissəsini güzəştə gedəcəyini təsəvvür etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə öz ölkəsinin haqlı mövqeyini tələb edir. Ermənistan üçün isə Qarabağ münaqişəsi sıfır məbləğlə oynamaqdır. Dağlıq Qarabağın ərazisi dənizə çıxışı olmayan Ermənistanın üçdə bir hissəsi qədərdir. Bununla yanaşı, münaqişə son dövrlər daha çox hərbiləşmiş formada davam edir və ciddi təhlükə yaradır.

Hər iki tərəf öz ordusunu təkmilləşdirib. Erməni qüvvələri Dağlıq Qarabağın ətrafında 100 kilometrdən çox möhkəmləndirilmiş müdafiə xətti qurub. Tərəflərin səngərlər, bunkerlər və artilleriya mövqeləri ilə möhkəmləndirilmiş müdafiə xətləri bir-birindən cəmi bir neçə yüz metr məsafədədir. Ötən ilin yayından başlayaraq təmas xəttində toqquşmalar intensivləşib. Hər iki tərəf yaxın bir neçə il ərzində hərbi əməliyyatlara başlamaq üçün güclü stimullara malikdir.

Müqayisədə Azərbaycan ordusu öz üstünlükləri ilə xeyli öyünə bilər. Hansı ki, rəsmi Bakı ordunu gücləndirmək üçün milyardlarla vəsait xərcləyir. Bu gün Azərbaycan ordusu malik olduğu texnika ilə erməni piyada qoşununu ərazidən asanlıqla çıxara bilər. Azərbaycan müasir hərbi aviasiyaya malikdir və bu işdə İsraillə əməkdaşlıq edir. Azərbaycanın İsraildən aldığı pilotsuz təyyarəsi Ermənistan artilleriyasının məhv etmək üçün əvəzsiz texnikadır. Azərbaycan bu yaxınlarda Rusiyadan ağır termobarik raketlər atan dəhşətli “Tos-1A Buratino” odsaçan sistemlərini alıb. Əgər bu sistemlərin hamısı birdən işə salınsa, onlardan açılan yaylım atəşi Ermənistanın əsasən Ağdam kimi düzənlik ərazidə yerləşdirilmiş müdafiə xəttini darmadağın etmək üçün kifayətdir. Ermənistanın isə vəziyyəti çətindir. Bu ölkə və Qarabağdakı qondarma erməni rejimi Azərbaycanla müqayisəyə gəlməz dərəcədə zəifdir. Onlar zəif iqtisadi inkişaf fonunda ordunu gücləndirə bilmir. Buna görə də Ermənistan müharibədən qorxur”.


Müəllif Ermənistanın müttəfiqi olduğu Rusiyaya arxalandığını qeyd edir.


“Ermənistanın üstünlüyü coğrafi landşaftın mürəkkəb olmasıdır. Belə ki, Azərbaycan ordusu Qarabağa hücum etmək üçün sərt dağlıq əraziləri keçməlidir. Düzənlik istiqamət yalnız Ağdam hesab olunur. Əgər Azərbaycan qüvvələri bu istiqamətdən ermənilərin müdafiə xəttini yarıb Əsgərana çıxsa, o zaman Qarabağın əsas şəhəri olan Xankəndinə birbaşa çıxış əldə edəcək. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağı qaytaracağını zaman-zaman dilə gətirir və göründüyü kimi, rəsmi Bakı bu mövqeyindən geri çəkilməyəcək. Müharibə üçün hər iki tərəfdə stimullar var. Lakin Ermənistanın Azərbaycanla müqayisədə zəif olan ordusu ilə yalnız müdafiə olunmaq seçimi var”, - deyə Cek Malkey qeyd edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm