Türkiyə TANAP-dakı hissələrini kimə satmaq istəyir? – ŞAHMAT GEDİŞİ
Bizi izləyin

Nida.az

Türkiyə TANAP-dakı hissələrini kimə satmaq istəyir? – ŞAHMAT GEDİŞİ

Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız dünən SOCAR və Türkiyənin TANAP-dakı hissələrini sata biləcəyi haqda açıqlama verdi.

“TANAP-da həm Türkiyənin, həm də SOCAR-ın hissələrinin sərfəli kommersiya şərtləri olarsa, strateji iş birliyi nəzərə alınmaqla sata bilərik”, - deyə türkiyəli nazir diqqətə çatdırdı.

Bundan öncə isə SOCAR-ın prezidenti Rövnəq Abdullayev İranın TANAP-da pay sahibi olmaq istədiyini qeyd etmişdi.

Böyük layihənin əsas təşəbbüskarları olan hər iki ölkənin açıqladığı bu fikir İranın TANAP-a marağını artırmaq üçün gediş hesab oluna bilər. Hansı ki, İran qazı ilə boru kəmərinin boş qalan hissəsini doldurmaq mümkündür. Söhbət əlavə iştirakçıların layihəyə qoşulmasını stimullaşdırmaqdan gedir.

Bu ehtimal region ölkələri üçün də maraqlı idi və bir çox ölkənin ekspertləri məsələ ilə bağlı şərhlər verdi.

Publika.az xəbər verir ki, Rusiyanın ictimai-siyasi tədqiqatlar mərkəzinin direktoru Vladimir Yevseyev İranın Avropa bazarına qaz çıxarmaq ehtimalının yaxın perspektivdə zəif olduğunu deyib: “İran hələlik Avropa bazarına çıxmağı planlaşdırmır. Hazırda bu ölkə İraq qaz bazarında çox fəaldır. Bu ay bir boru kəmərinin istismarı başlanmalıdır, ikinci boru kəməri tikilməkdədir. Görünən odur ki, İraq bazarı İran üçün olduqca önəmlidir. Digər tərəfdən, Türkiyəyə gedən boru kəməri də mövcuddur. Sadəcə olaraq, bu boru kəməri hələlik tam istifadə olunmur və qiymətlərdə razılıq yoxdur. Omana qaz kəmərinin tikintisi haqda layihə var. Bu, İran üçün daha əlverişli görünür. Pakistana qazın çatdırılması üçün də boru kəməri var, lakin hazırda istismar olunmur. Avropa bazarına çıxışda İran üçün ən yaxşı variantlardan biri TANAP-dır. Lakin sanksiyaların tam aradan qaldırılmadığı bir vaxtda İranın Avropa bazarına çıxacağı haqda danışmaq hələ ki çox tezdir”.

Rusiyalı analitik Aleksey Kokin isə TANAP-da pay sahibi olmaq istəyən başqa dövlət haqda ehtimal irəli sürüb. Onun fikrincə, bu, Rusiya ola bilər: “Rusiya üçün burda pay sahibi olmaq maraqlıdır. Xüsusilə siyasi amillərdən istifadədə bu, yaxşı gediş ola bilər. Lakin yenə də bütün yollar Türkiyəyə aparır və Ankaranın buna razı olacağı ehtimalı zəifdir. Çünki qaz mənbəyi hələ ki Azərbaycandır və bu, Avropa üçün alternativ variant olaraq istifadə olunur”.

Analitikin fikrincə, türkiyəli nazirin bu açıqlaması özəl sektora hesablanmış da ola bilər.

“Mənim üçün bu açıqlama olduqca gözlənilməz oldu. Mümkündür ki, söhbət şəxsi kapitaldan gedir. Yəni Türkiyə hökuməti layihədəki payını öz şirkətlərinə satmaq istəyir. hesab edirəm ki, Türkiyədə bunu almaq istəyən şirkətlər tapılar. Bununla hökumət layihədəki xərclərini özəl sektora keçirə bilər”, - deyə o vurğulayıb.

Enerji üzrə mütəxəssis Seymur Əliyev hesab edir ki, TANAP-da 58 faiz paya sahib olan Azərbaycan Türkiyənin payını almaq istəməz: “Çünki bu, əlavə öhdəliklər deməkdir. Güman ki, söhbət Türkmənistan və İran şirkətlərindən gedir. Çünki bu iki ölkə öz qazını TANAP vasitəsilə Avropaya çıxarmaqda maraqlıdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm