Prezident İlham Əliyev xristianları təbrik etdi
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev xristianları təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzularımı yetirirəm".

Dövlət başçısı qeyd edib ki, yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlanıldığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar.

Prezident bildirib ki, Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir: "Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizin bütün milli və dini azlıqları, o cümlədən Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan pravoslav xristianlar, millətlərarası və dinlərarası münasibətlərə, vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhfələrini verərək, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.

Gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlığı, həmrəyliyi mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm