“Danışıqlardan nəinki nəticə, heç ciddilik də gözləməyə dəyməz” - Rasim Musabəyov
Bizi izləyin

Nida.az

“Danışıqlardan nəinki nəticə, heç ciddilik də gözləməyə dəyməz” - Rasim Musabəyov

Təbii ki, regionda maraqları olan böyük dövlətlər də anlayırlar ki, bu əməkdaşlıq faydalıdır


“Hər üç dövlətin sıx əməkdaşlığı müstəqil siyasətin reallaşdırılması baxımından böyük məna daşıyır. Belə olmasaydı, Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaqda problemlərlə üzləşərdi. Türkiyə isə bölgədə nüfuzunu artıra və normal əlaqələrini qura bilməyəcəkdi. Təbii ki, regionda maraqları olan böyük dövlətlər də anlayırlar ki, bu əməkdaşlıq faydalıdır”.

Publika.Az hakim partiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Gəncədə keçirilən görüşünü şərh edərkən deyib.

Ermənistana gəlincə, R. Musabəyov bildirib ki, bu ölkə cılız ölkədir: “Ermənistan Avropaya nə verə bilər? Təbii ki, heç nə. Çünki cılız bir dövlətdir, onun ixrac potensialı ildə cəmi 1 milyard dollarla ölçülür. Yəni Ermənistanın əslində, Avropaya verəcəyi heç nə yoxdur. Nə iqtisadi, nə geopolitik təsir baxımından heç bir rola malik deyil. Ermənistan deyəndə ki, biz Avropa İttifaqı ilə əməkdaşlığa maraqlıyıq, bu o deməkdi ki, həmin təşkilatdan nəsə qoparmaq istəyir. Doğrudur, Yunanıstan kimi milyardlarla dollar olmasa da, Avropadan nəsə umacağı var. Ona görə də, Avropa İttifaqı Ermənistanın səmimi olmasına inanmamalıdır”.

Dağlıq Qarabağ danışıqlarına da toxunan millət vəkili danışıqların mənfi istiqamətdə getdiyini deyib. Onun sözlərinə görə, söhbət təkcə atə.kəsin pozulmasından getmir: “Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın keçmiş döyüşçülərlə görüşü və bu görüşdəki çıxışı onu deməyə əsas verir ki, hələlik ermənilər ağıla gələsi deyil. Digər tərəfdən isə, Ermənistanın müstəqil siyasət aparmasından danışmağa dəyməz. Onun xarici havadarı düyməni basanda mülayim olur, başqa göstəriş alanda isə buna uyğun addım atır”.

Həmsədrlik formatına gəlincə, o, hesab edir ki, bu məsələ artıq həmsədrlərin səviyyəsindən çıxıb.
“Yəni həmsədr ölkələrin nümayəndələri olan səfirlər münaqişənin həlli üçün heç nə etməyə qadir deyil. Böyük dövlətlərin başçıları, yaxud Avropa İttifaqının nüfuzlu rəsmiləri ciddi şəkildə bu münaqişənin həlli ilə bilavasitə məşğul olmadığı halda danışıqlardan nəinki nəticə, heç ciddilik də gözləməyə dəyməz. Hələlik, bu səyləri biz nə Rusiya, nə ABŞ, nə də Fransa tərəfindən görmürük. Məlumdur ki, yaz aylarında Fransanın prezidenti bölgəyə səfər etməlidir. Ola bilsin ki, bu səfər ərəfəsində Fransa tərəfindən hansısa səylər göstərilsin. Necə ki, vaxtilə Jak Şirak bunu etmişdi. ABŞ-da da dövlət katibi səviyyəsində ciddi səylər yoxdur. Biz çox yaxşı bilirik ki, Con Kerri olduqca ermənipərəst insandır. Vaxtilə 907-ci düzəlişin müəllifi də Con Kerri olub. İndi təbii ki, dövlət katibi olduğu üçün müəyyən qədər balans gözləməyə məcburdur. Ona görə də, indiki şəraitdə münaqişənin həllində irəliləyiş gözləmirəm. İstisna etmirəm ki, bu gərginliyin ardınca Rusiya hansısa hərəkətlər, təşəbbüslər etsin. Ancaq bəllidir ki, bu ölkə də Ermənistana qarşı necə münasibət bəsləyir.

Bu şəraitdə Azərbaycan öz maraqlarını heç kəsə qurban verməməlidir və vermir də”-deyə millət vəkili bildirib.
R. Musabəyov hesab edir ki, münaqişənin ədalətli həllində irəliləyiş olmasa da, vəziyyətin xeyrimizə olmayan formada dəyişməsinin qarşısını almalıyıq. Onun fikrincə, biz buna da qadirik.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm