SAM rəsmisi Türkiyə universiteti tələbələrinə mühazirə oxudu – FOTOLAR
Bizi izləyin

Nida.az

SAM rəsmisi Türkiyə universiteti tələbələrinə mühazirə oxudu – FOTOLAR

Bu gün Bakıda Türkiyənin Eskişəhər Anadolu Dövlət Universiteti ilə bu ali təhsil ocağının “Azərbaycan Proqramları” ofisi arasında telekörpü təşkil olunub.

Publika.az-ın məlumatına görə, telekörpüdə Anadolu Dövlət Universitetinin bir qrup tələbəsi və müəllimi, həmin Universitetinin “Azərbaycan Proqramları” üzrə koordinatoru Azər Hətəmov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Gülmira Rzayeva və digər şəxslər iştirak ediblər.

Görüşdə çıxış Azər Hətəmov deyib ki, Bakı və Eskişəhərdə olan universitet tələbələri arasında bu cür telekörpülərin təşkili artıq ənənə halını alıb. Onun sözlərinə görə, Türkiyədə təhsil alan tələbələrlə yanaşı, Azərbaycanda təhsil alan tələbələr də bu cür görüşlərdə fəal iştirak edirlər:

“Bu cür tədbirlərin keçirilməsi iki qardaş ölkə arasındakı yüksək səviyyəli münasibətlərin daha da inkişafına müsbət təsir göstərir. Çalışırıq ki, Bakıda təhsil alan Anadolu Universiteti tələbələri də Türkiyə-Azərbaycan dövlətlərarası münasibətlərin inkişafına özü töhfələrini versinlər”.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Gülmira Rzayeva tələbələrə “Cənub Qaz Dəhlizi”, “Trans Anadolu Qaz Boru Kəməri” (TANAP) və “Şahdəniz” enerji layihələrinin əhəmiyyəti və gələcəyi barədə mühazirə oxuyub.

Bu il martın 17-də Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP layihəsinin təməlatma mərasimi keçirildiyini xatırladan G.Rzayeva bildirib ki, TANAP “Cənub Qaz Dəhlizi” layihəsinin onurğa sütunu hesab olunur: “Bilirsiniz ki, hazırda dünyada neftin qiymətinin aşağı düşməsi prosesi müşahidə olunur. Bu isə enerji investisiyalarının genişlənməsinə mənfi təsir göstərir. İndi dünyada enerji sahəsində geosiyasi dəyişiklik baş verir. Hesab edirəm ki, neftin qiymətinin enməsi bizim üçün mənfi əhəmiyyət kəsb etsə də, ancaq tarixi bir hadisədir. Ümid edirəm ki, bu keçici bir dönəm olacaq. Ancaq belə bir dövrdə Azərbaycan və Türkiyənin rolu daha da artır. İndi bizim regionda TANAP kimi böyük investisiya layihələri həyata keçirilir. Bütün bu enerji layihələri isə “Cənub Qaz Dəhlizi” layihəsi fonunda baş verir”.

SAM rəsmisi qeyd edib ki, son vaxtlar Şərqi Asiya dövləti olan Malayziya da “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaq istəyir. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 45 milyard dollar dəyərləndirilir: ““Cənub Qaz Dəhlizi” layihəsi Bakıdakı Səngəçal terminalından İtaliyaya qədər enerji daşınmasını nəzərdə tutur ki, bu da Azərbaycan və Türkiyənin rolunu daha da artırır”.

G.Rzayeva deyib ki, 2030-cu ilədək Türkiyənin təbii qaza olan tələbatı 2 dəfə artacaq: “Bu baxımdan da TANAP layihəsi Türkiyə üçün vacib əhəmiyyət daşıyır. Çünki Türkiyə ən ucuz qazı Azərbaycandan alır. İran və Türkmənistan qazı isə Türkiyə üçün sərfəli deyil”.

TANAP-la Rusiyanın sualtı “Türk axını” qaz layihələrini də müqayisə edən SAM eksperti əlavə edib ki, “Türk axını” TANAP-a rəqib və ya təhlükə ola bilməz.

Daha sonra tələbələrin sualları cavablandırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm