• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Mehriban Əliyeva Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - FOTO

  • Nida.az
  • 12 Aprel 2015 00:19
  • 464 Baxış
Mehriban Əliyeva Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - FOTO

Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 11-də Rusiyanın TASS Agentliyində bu ölkənin nüfuzlu aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı TASS Agentliyində səmimiyyətlə qarşıladılar.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman görüşü açaraq bildirdi ki, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın TASS Agentliyinə gəlməsi onlar üçün böyük şərəfdir. Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə məlumat verən M.Qusman qeyd etdi ki, bu Oyunların keçirilməsi unikal hadisədir. Azərbaycanda bu Oyunların keçirilməsinə böyük əhəmiyyət verirlər.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yenidən Moskvada olmasından məmnunluğunu bildirdi. Qeyd etdi ki, bu şəhərlə onu bir çox xoş xatirələr bağlayır. İlk Avropa Oyunlarından danışan Azərbaycanın birinci xanımı bu idman tədbiri ilə əlaqədar ölkəmizdə görülən işlərdən bəhs etdi. Bildirdi ki, ilk Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın birinci xanımı dedi ki, ölkəmizdə bu Oyunlara dövlət, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən həm böyük dəstək, həm də böyük maraq var. “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti vurğuladı ki, hazırda “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı işlər final mərhələsinə qədəm qoyub. Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, bütün xidmətlər Oyunlara tam hazır vəziyyətdədir. Hazırda Oyunların açılış mərasiminə ciddi hazırlıq gedir.
Azərbaycanın birinci xanımı bildirdi ki, bu Oyunların ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycanda idmana göstərilən dövlət qayğısı, respublikanın paytaxtı ilə yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq idman yarışlarında qazandığı uğurlarla bağlıdır. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri vurğuladı ki, bu Oyunlarda iştirak edəcək idmançıların və ölkəmizə gələcək nümayəndə heyətlərinin rahatlığını təmin etmək üçün bütün işlər görülüb. Beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycanda yaradılan Olimpiya Kəndi dünyada indiyədək yaradılan ən gözəl kəndlərdən biridir. Bundan əlavə, kütləvi informasiya vasitələri üçün də Media Kəndinin yaradıldığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı tədbir iştirakçılarını Oyunlara baxmağa dəvət etdi.

Sonra Mehriban Əliyeva Rusiya Federasiyasının nüfuzlu aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı suallarını cavablandırdı. Bildirildi ki, Azərbaycan qonaqpərvər ölkədir və xalqımız ölkəmizə gələcək qonaqları səbirsizliklə gözləyir. Son illərdə paytaxt Bakıda müasir mehmanxana komplekslərinin inşa olunduğunu qeyd edən Mehriban Əliyeva ölkəmizin iqtisadi inkişafı, beynəlxalq aləmdə qazandığı uğurlar, beynəlxalq idman ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi barədə də ətraflı məlumat verdi.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondu və Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti barədə danışdı. Səfir bildirdi ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi bu ölkənin müxtəlif şəhərlərində çox mühüm humanitar və sosial layihələr həyata keçirir.

Azərbaycanın birinci xanımı TASS-ın fotomüxbirlərinin müxtəlif dövrlərdə çəkdikləri fotolara baxdı.

Sonra Heydər Əliyev Fondunun prezidenti “Rossiya-24” telekanalının “Vesti nedeli” verilişinə müsahibə verdi.

Müsahibədə ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri bu Oyunlara hazırlıqla bağlı görülən işlərdən ətraflı danışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR