İlham Əliyev: “Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir”
Bizi izləyin

Nida.az

İlham Əliyev: “Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir”

Bu il “Kənd təsərrüfatı” ili elan edilmişdir. Bu da bu sahəyə göstərilən diqqətin təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin. Bizim əhalimizin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində söyləyib.

Dövlətimizin başçısı deyib: “Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq. İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni, emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu, birinci mərhələ idi”.

Prezident diqqətə çatdırıb ki, biz indi əsas mərhələyə keçirik, lokalizasiya yüz faiz olmalıdır. Çünki ərzaq təhlükəsızliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər.

Prezident İlham Əliyev deyib: “Əlbəttə ki, bazar iqtisadiyyatı prinsipləri bizim üçün əsasdır. Biz idxal da, ixrac da edirik. Ancaq görürük, bəzi hallarda əgər biz hansısa mənbədən asılıyıqsa, onda müəyyən problemlər yaranır, o cümlədən qiymətlə bağlı olan problemlər. Bizim son illər ərzində gördüyümüz işlər imkan verdi ki, indi inflyasiya çox aşağı səviyyədə olsun. Nəyə görə? Çünki biz xarici bazarlardan, xarici ərzaq bazarlarından o qədər də asılı deyilik. Çünki yerli istehsal artıq kifayət qədər güclüdür. Yerli istehsal əgər yüz faiz yerli xammal üzərində qurulacaqsa, o zaman ümumiyyətlə, xaricdə gedən proseslər, böhranlı vəziyyət, yaxud da ki neftin qiymətinin ucuzlaşması bizə təsir etməyəcək”.

Dövlətimizin başçısı vurğulayıb ki, ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir. Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm