TAP-a süni əngəllər: “Troya atları” və ya şoumenin təbiət “sevgisi” – TƏHLİL
Bizi izləyin

Nida.az

TAP-a süni əngəllər: “Troya atları” və ya şoumenin təbiət “sevgisi” – TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında çıxışı zamanı Cənub Qaz Dəhlizi layihəsinin reallaşması istiqamətində aparılan işlərdən danışarkən maraqlı məqama toxundu.


Publika.az xəbər verir ki, dövlət başçısı Transadriatik Qaz Kəməri (TAP) layihəsinə bəzi süni əngəllərin yaradıldığını vurğulayaraq, bunun aradan qaldırılmasının vacibliyini qeyd edib.

“TAP layihəsi də icra edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda, Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olaraq “Şahdəniz-2” yatağından çıxarılan Azərbaycan qazını Avropaya aparacaq. Hazırda layihənin birinci əsas hissəsi hesab olunan TANAP-ın inşası istiqamətində işlər sürətlə aparılır. TAP haqda isə bunu demək çətindir.
Dövlət başçısının dediyi kimi, Azərbaycan və Türkiyə öz üzərinə düşən işi yerinə yetirir, lakin rəsmi Brüssel ilə Birlik ölkələri arasında fikir ayrılığı yaşanır.


Avropa Birliyi daxilində “Troya atları”, Moskvanın solçu kartı və ya Afina Brüsseli niyə qəzəbləndirir?


Azərbaycan lideri çıxışında konkret ad açıqlamadı. Lakin süni əngəlləri yaradanlar haqda müəyyən ehtimallar var.


Söhbət ilk növbədə Yunanıstandan gedir: hər şey bu ilin ilk ayında Afinada radikal solçuların iqtidara gəlməsindən sonra başladı. Yeni iqtidarın ətraf mühit və energetika naziri Panayiotis Lafazanis SOCAR-ın satın aldığı DESFA-nın özəlləşdirilməsinə yenidən baxılacağını açıqladı.
Halbuki SOCAR 2013-cü ilin iyununda tenderdə qalib gələrək 400 milyon avroya DESFA-nın 66 faiz səhmini əldə edib. Həmin ilin noyabrında Avropa Birliyinin antiinhisar idarəsinin DESFA-nın səhmlərinin SOCAR tərəfindən alınmasına dair sazişin yoxlanılmasına başladığı məlum olub. Avropa Komissiyası sazişin üçüncü energetika paketinə uyğun olmadığını düşünür. Lakin bu saziş imzalananda sözügedən paket qəbul olunmamışdı. Afina da məhz bu amili bəhanə olaraq irəli sürür.


Ortada aydın olan məsələ isə odur ki, hər şey məsələnin iqtisadi tərəfi ilə yekunlaşmır və SOCAR-ın yunan bazarına girişi təkcə Avropanın energetika paketinə uyğun olmamasından irəli gəlmir. DESFA Azərbaycan qazının Avropaya çıxaracaq TAP-ın əsas qaz paylayıcı şəbəkəsidir. Rəsmi Bakı Avropadakı iqtisadi böhrandan sonra ölkənin strateji gələcəyinə yaxşı kapital ola biləcək addımı ataraq bu şirkəti almışdı. Görünür, Azərbaycanın Avropa qaz bazarında söz sahibinə çevrilməsi kimlərəsə sərf etmir.


Digər tərəfdən, ortada Rusiya amili da özünü açıq şəkildə büruzə verir. Solçular Afinanın başına keçəndə ekspertlər Yunanıstanın Rusiyaya doğru əyiləcəyini boş yerə gündəmə gətirməmişdi. Yeni hökumətin solçu nazirlərinin mütəmadi olaraq Moskvaya səfəri də bunu deməyə əsas verir. Elə bu ilin 30 martında Moskvaya gedən solçu Lafazanisin Rusiyanın “Cənub axını”ndan sonra gündəmə gətirdiyi “Türk axını”na qoşulmaq niyyətində olduğunu açıqlaması da çox şey deyirdi.


“2019-cu ildən etibarən Rusiya qazı Avropaya şimal və cənub dəhlizi ilə daxil olacaq. Biz “Türk axını” layihəsində iştirak etmək və daha ucuz qaz əldə etmək istəyirik”,- deyə Lafazanis qeyd edib.

Onun ardınca yunan solçularının lideri, baş nazir Aleksis Tsipras Moskvaya işgüzar səfərə gəldi. Bu səfərdən dərhal sonra Rusiyanın “Kommersant” qəzeti Afinanın “Türk axını”nda iştirak etmək arzusuna olan ölkələr arasında olduğunu yazdı.


Yunanıstanın yeni hökumətinin solçular olaraq Rusiyaya yaxınlığı daha çox tarixi bağlılıqla əlaqələndirilir. Hansı ki, Avropa İttifaqının tərkibində onlar kommunizm arzusundadırlar. Məhz bu faktor Moskvaya Avropa Birliyini parçalamaq üçün yetərlidir. Lakin ümumi mənzərə rəsmi Brüsselin Azərbaycan qazını heç kimə dəyişmək istəyində olmadığını göstərir. Tsiprasın Moskva səfərinə Avropa Parlamentinin sərt reaksiyası, Afinanın Rusiyanın Birliyə qarşı siyasi oyunlarında spekulyator rolunda iştirakda ittiham olunması da bunu göstərir.

Avropa Parlamentinin sədri Martin Şults “Hannoversche Allgemeine Zeitung” nəşrinə müsahibəsində Yunanıstanı Avropa İttifaqını parçalamaq cəhdlərindən çəkinməyə, Afinanı öz avropalı tərəfdaşlarını “qəzəbləndirməməyə” çağırıb.

Bundestaqda Avropa İttifaqı Məsələləri Komitəsinin rəhbəri Günter Krixbaum da bəyan edib ki, əgər Yunanıstan hökuməti Kremldə öz xilaskarlarını tapacağına ümid edirsə, o, bu mərci uduzacaq.

Brüssel narahatdır, lakin Moskva Yunanıstanla yanaşı, yunan Kipri və Macarıstanı kənd təsərrüfatı mallarının idxalı ilə şirnikləndirərək Avropa Birliyi daxilində çatı genişləndirir.

Afinanın bu xoşagəlməz gedişləri Birləşmiş Ştatlarda da narahatlıqla izlənilir. Hətta solçu Lafazanisə inansaq, Vaşinqton bunun qarşısını almaq üçün onlara təzyiq də göstərir.


Rəsmi Bakı da bundan narahat olmaya bilməz. Təbii ki, Azərbaycan öz enerji ehtiyatlarının Avropa bazarına çıxarmaqla kiməsə qarşı olmaq, yaxud hansısa siyasi oyunlarda yer almaq niyyətində deyil. İqtidar sadəcə öz ölkəsinin milli maraqlarını düşünür və yaxın qonşu Rusiya ilə uzaq əməkdaş Avropaya kimi hər kəslə bərabərhüquqlu münasibət qurmaq istəyir. Amma dünya heç də ədaləti əldə bayraq etməyib və siyasi oyunlar qızğın şəkildə hər keçən gün artır.

Bu oyunların TAP-a zərər vurmaması indi Brüsselin əlindədir və Avropa Birliyi öz daxilindəki “Troya atları"ndan qurtulmalıdır.


İtaliyalı “təbiətsevərlər”, yaxud şoumen Qrillonun təbliğatı


Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP-a yaradılan süni əngəllər təkcə Yunanıstanın radikal solçuları ilə bitmir. Burda “təbiətsevərlər” də maşa olaraq istifadə olunur.

Növbəti məkan İtaliyadır. Lakin bu dəfə söhbət Romanın rəsmi siyasətindən yox, bir “şoumen”dən gedir.

Belə ki, İtaliya hökumətinin kəmərin marşrutunu təsdiq etməsinə baxmayaraq, Adriatik dənizi sahillərindəki Apuliya yarımadasının yerli hakimiyyəti TAP kəmərinin bu ərazilərdən keçməsinə qarşı çıxır. Onlar ətraf mühitin qorunmasını əsas gətirir və layihəyə qarşı təbliğat aparırlar.


Bu işə keçmiş italiyalı şoumen, hazırda “5 Star” (5-Star Movement-M5S) adlı siyasi hərəkata başçılıq edən və parlamentdə 23 faizlik fraksiyası olan Beppe Qrillo rəhbərlik edir. O, Rusiya KİV-nə müsahibəsində Azərbaycan qazının İtaliyadan keçməməsi üçün əlindən gələn hər şeyi edəcəyini açıqlayıb.

Tanış mənzərədir: dünyada adətən ətraf mühitin mühafizəsi məhz hansısa siyasi oyunlarda yada düşür və bu, adətən Yaşıllar hərəkatı, yaxud “Greenpeace” proqramı adı altında aparılır.


Lakin ümumi proseslər bu layihənin “süni əngəllərə” görə tarixə qovuşacağını göstərmir. Baş verə biləcək hər-hansı gözlənilməz haldan isə yalnız Brüssel ziyan görəcək...


Asif Nərimanlı










Oxumağa davam et
Reklam
Reklam

Gündəm